“Nuru Paşa ingilis əsirliyindən AXC rəhbərliyinin səyi nəticəsində azad edilib”

606 16-09-2019, 13:39 cemiyyet

“Nuru Paşa ingilis əsirliyindən AXC rəhbərliyinin səyi nəticəsində azad edilib”15 sentyabrda Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 101-ci ildönümü qeyd edildi. Ölkə ictimaiyyəti, eləcə də Azərbaycan mediası Bakı zəfərinin əsas qəhrəmanı olan Nuru Paşanı ehtiram hissi ilə xatırladı, onun bir əsr bundan öncəki xidmətini minnətdarlıq hissi ilə yada saldı.

Bu günlərdə ölkə mediasında Bakının azad edilməsində müstəsna xidməti olan Nuru Paşa ilə bağlı maraqlı məlumat da yer aldı ki, bu da məşhur türk generalının ingilislər tərəfindən həbs edilməsi, müəyyən qüvvələr tərəfindən həbsdən qaçırılması ilə bağlıdır.

Maraqlıdır, Nuru Paşanın ingilislər tərəfindən həbs edilməsi ilə bağlı deyilənlər həqiqətə nə dərəcədə uyğundur? Həqiqətənmi Bakını tərk etməyə məcbur olan türk generalı ingilis əsirliyindən hansısa gizli qüvvələrin fədakarlığı nəticəsində azad edilib?

Moderator.az-a açıqlama verən “Şərq” qəzetinin baş redaktoru, Cümhuriyyət dövrü ilə bağlı maraqlı araşdırmaların müəllifi Akif Aşırlı bu barədə deyilənlərin tarixi həqiqət olduğunu vurğuladı:

“Osmanlı imperiyası I Dünya Müharibəsində məğlub olandan sonra Azərbaycandakı Qafqaz İslam Ordusu geri çəkildi. Bu geriçəkilmə 1918-ci ilin dekabrın sonu, 1919-cu ilin əvvəllərinə qədər davam etdi. Çünki geri çəkilməli olan birliklər azsaylı qüvvə deyildi. Azərbaycanda xeyli sayda türk hərbçiləri var idi və onların geri çəkilməsi plana uyğun şəkildə həyata keçirilməli idi. Bunun üçün qatara, vaqonlara ehtiyac var idi.
“Nuru Paşa ingilis əsirliyindən AXC rəhbərliyinin səyi nəticəsində azad edilib”
Həmin vaxt Nuru Paşa Batumda ingilislər tərəfindən həbs edildi. Onu “Bəkirağa bölüyü” həbsxanasına saldılar. Tarixdə onun həbsdən qaçırılma əhvalatı var. Həmin dövrdə Nuru Paşanın həbsdən qaçırılması ilə bağlı o dövrün qəzetlərində bir neçə məqalə də mövcuddur. “İttihad” qəzetində xüsusilə bu barədə geniş məlumat var. Mən o zaman bu məqalələri çap eləmişəm.

Azərbaycan hökumətinin, milli qüvvələrin Nuru Paşanın həbsdən qaçırılmasında mühüm rolu olub. AXC rəhbərliyinin bu məsələdə gizli maliyyə dəstəyi olub. Nəsib bəy Yusifbəyli bu işin əsas təşkilatçılarından biri idi. Qaçırılma əməliyyatında yer alan şəxslərin maliyyələəşdirilməsi, planların icrası gizli şəkildə AXC rəhbərliyi tərəfindən həyata keçirilib.

Nuru Paşanın Azərbaycanda qalmasına ingilislər icazə vermirdi. Baxmayaraq ki, Nuru Paşa Osmanlı ordusundan istefa vermişdi və Azərbayacanda ordu komandanı kimi fəaliyyət göstərmək fikri vardı. AXC rəhbərliyi də buna razı idi. Azərbaycandan geri çəkilən türk hərbçilərinin bir hissəsinin müqavilə əsasında Azərbaycanda qalması və burada xidmət etməsi nəzərdə tutulmuşdu. Daha doğrusu, bu məsələ tam olaraq həll edilmişdi və müqavilə də hazır idi. Sadəcə, ingilislər buna mane oldu. Onlar Nuru Paşanı həbs etdilər. Bunun ardınca isə AXC rəhbərliyi qaçırılma planını Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında gizli şəkildə həyata keçirdi. Xatırladım ki, “Ittihad” qəzetində qaçırılma əməliyyatının təfərrüatları mövcuddur”.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ