Azərbaycanlını öldürən erməni Arakelyanı Rusiya Ermənistana ekstradisiya edir

702 1-10-2019, 09:50 cemiyyet / gundem

Azərbaycanlını öldürən erməni Arakelyanı Rusiya Ermənistana ekstradisiya edirMən bu yazımı birbaşa Azərbaycan Xarici işlər Nazirliyinə, ölkənin informasiya təbliğatı ilə məşğul olan qurumlara, ümumiyətlə qeyd edəcəyim məsələ kimlərin kompetensiyasına aiddirsə.., onlara ünvanlayıram. Ramil Səfərovla bağlı hadisə hər bir azərbaycanlıya məlumdur. Ramil Səfərovun Macarıstanda erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürməsi uzun müddət, hətta bu gün də ermənilər tərəfindən beynəlxalq aləmdə əleyhimizə bir təbliğat vasitəsi olub və davam edir. Ramil Səfərovun Azərbaycana ekstradisiyası isə bu əks təbliğatın pik nöqtəsi olmuşdu. Hansı beynəlxalq tədbir olursa, ermənilər orda “Safarovgeyt” adı ilə hadisədən danışır və azərbaycanlıları qatil obrazında təqdim edirlər.

İndi Sizə təqdim edəcəyim informasiya dünən News.am saytında yayılıb. Bu informasiyanı olduğu kimi təqdim edirəm:
“Rusiyada bir azərbaycanlının qətlinə görə 18 il həbs cəzası alan Arman Arakelyan Ermənistana ekstradisiya ediləcək. Bu barədə Ermənistanın - News.am xəbərlər agentliyinin müxbirinə müsahibəsində Arman Arakelyanın oğlu Qürgen Arakelyan söyləyib.

Onun sözlərinə görə, Arman Arakelyanın ekstradisiyası 1-2 ay çəkəcək. O, “ekstradisiya üçün hələ başa çatmamış müəyyən bir proses var"- deyib.

Qeyd edək ki, Rusiya Arman Arakelyanı Ermənistana təhvil verməyə hazır olub, lakin keçmiş ədliyyə naziri Artak Zeynalyan bunu məqbul saymayıb. Rusiyada bir azərbaycanlının qətlinə görə 18 il azadlıqdan məhrum edilmiş Arman Arakelyan artıq dörd ildir ki, Murmansk həbsxanasında cəzasını çəkir. Ermənilərə qarşı təhqirlər səsləndirməyə və Arakelyana məxsus bir kafenin divarlarına asılmış erməni xalqının qəhrəmanlarının şəkillərini yıxmağa başlayanda o azərbaycanlını öldürüb.

Xatırladaq ki, Arman Arakelyanın oğlu və qohumları Arakelyanın Ermənistana verilməsini təşkil etmək tələbi ilə Hökumət binası qarşısında aksiya təşkil ediblər”.
Xəbərdən gördüyünüz kimi Ramil Səfərovun işinin tam eyni olan bir hadisə baş verib. Bir azərbaycanlı ( xəbərdə onun şəxsiyyəti haqqında məlumat verilmir) “erməni xalqının qəhrəmanlarının şəkillərini yıxmağa başlayanda” Arakelyan onu öldürüb. Baxın, Ramil Səfərov Azərbaycan bayrağını təhqir edən ermənini öldürür, Arakelyan da erməni xalqının qəhrəmanlarını təhqir edən azərbaycanlını qətlə yetirir. Adekvat cinayətlərdir. Detallarına və cinayətlərin baş vermə şəraitinə varmadan deyə bilərik ki, milli heysiyyata toxunulduğuna görə bu cinayətlərin motivləri eynidir. Ramil Səfərova ömürlük cəza verilmişdi, Arakelyana isə Rusiya Federasiyası məhkəməsi 18 il cəza verib. İndi Rusiya həmin Arakelyanı Ermənistana ekstradisiya etməyə hazırlaşır və 1-2 aya təhvil veriləcək.

Nədən, bu məsələ bizim Rusiyadakı səfirliyin, ümumiyyətlə XİN-in, əslində informasiya ilə məşğul olan dövlət qurumlarının cinayət baş verdiyi andan nəzarətində olmayıb və indiyədək əks-təbliğat aparılmayıb? Hər dəfə başımıza qaxdıqları adekvat cinayətdən bəhs edib, beynəlxalq aləmdə əks-arqumentlərlə çıxış etməmisiniz? Qarabağ münaqişəsində ordunun uğuru yox, diplomatiyanın sözü yox, təbliğat resursları tam mənasız, gərəksiz istiqamətlərə yönəldiyindən düşmənə qarşı informasiya təbliğatımız yox.Yox, yox! Cənablar, siz nə ilə məşğulsunuz? Axı, bu cür məsələlər Qarabağ münaqişəsi danışıqlarında, ölkə haqqında beynəlxalq rəyin formalaşmasında mühüm əhəmiyyətə malik faktorlardır. Düşmənin neçə illərdir bu situasiyadan əleyhimizə necə istifadə etdiyini ən azı diplomatlarımız hamıdan yaxşı bilir.

Rusiya qarşısında məsələ qaldırmaq lazımdır, müqavimət göstərmək, ciddi diplomatik gedişlər, təbliğat qurulmalıdır. Rusiya mediası uzun müddət Ramil Səfərov məsələsində bizə qarşı təbliğatın önündə olub, Ramil Səfərovu “qəhrəman kimi qarşılayıblar”- deyə bizi ittiham ediblər. Erməni mediasının xəbərindən hiss olunur ki, Arakelyanı Paşinyan şəxsən qarşılamağa hazırlaşır. Keçmiş hakimiyyəti qınayıb, bu uşi öz qəhrəmanlığı kimi təbliğ etmək startını artıq Paşinyan verib.
Qaldı bizim dövlət səviyyəsində görəcək işlərimiz. Hörmətli diplomatlarımız, əlinizdə “Safarovgeyt” deyən ermənilərə qarşı ciddi əks arqumentləriniz mövcuddur. Arakelyan cinayəti və onun ekstradisiya məsələsi daim gündəmdə olmalıdır.

İlham İsmayıl

XƏBƏR LENTİ