KOÇARYAN VƏ PUTİN 21 İL ƏVVƏLKİ QƏTLİN TƏŞKİLİNDƏ SUÇLANDI:"Vazgen Sarkisyan hər ikisinə mane olurdu"

760 9-10-2019, 10:00 dunya

KOÇARYAN VƏ PUTİN 21 İL ƏVVƏLKİ QƏTLİN TƏŞKİLİNDƏ SUÇLANDI:"Vazgen Sarkisyan hər ikisinə mane olurdu"Sarqis Artsruni

“1in.am”, Ermənistan, 08 oktyabr 2019-cu il


21 il bundan öncə, 10 oktyabr 1998-ci ildə deputat Vano Siradegyan bəyan etdi ki, Robert Koçaryan sakitcə Milli Məclisi (MM) buraxa bilər, çünki orada siyasi dayağı yoxdur.

Yeri gəlmişkən, 1998-ci ilin saray çevrilişindən sonra Robert Koçaryanın hədəfi ilk növbədə parlament olmuşdu. Onu cinayətkarların hamisi kimi təqdim etdiyi Erməni Ümummilli Hərəkatının (EÜH) təsir aləti kimi görürdü.

Reallıq ondan ibarətdir ki, Koçaryan öz mahiyyəti etibarilə prinsipial olaraq siyasi debatları, parlament diskurslarını qəbul etməyən avtoritar düşüncəli insandır.

Digər tərəfdən, Koçaryn MM-i yalnız Levon Ter-Petrosyan komandasının orada iştirak etməsinə görə hədəf seçməmişdi. EÜH və ya “Respublika” fraksiyası MM-də çoxluğu itirmişdi və hakimiyyətə qarşı real çağırış təşkil edə bilməzdi. Koçaryanı narahat edən o idi ki, parlament çoxluğuna həmin günlərdə prezidentin “gözündə ağ ləkə” olan Vazgen Sarkisyan nəzarət edirdi.

İş ondadır ki, Koçaryan şərq tipli diktaturaya can atırdı, lakin onun təsisi Vazgen Sarkisyanın iştirakı ilə və ya o, həyatda olarkən realllaşa bilməzdi. Təsadüfi deyil ki, Koçaryanın komandası mümkün olan bütün təbliğat vasitələrindən istifadə edərək, Vazgen Sarkisyanı nüfuzdan salmağa cəhd edirdi. O da təsadüfi deyil ki, Vano Siradegyan özünün məşhur məktubunda hay salırdı: “…Supernazir Vazgen Sarkisyandan yalnız kamuflyaj qalacaq. Mən bu məsələdə həddindən çox əminəm”.

Əlbəttə, Koçaryanın mövqeyinin və ya Vazgen Sarkisyana münasibətdə güzəştsizliyinin əsasında, necə deyərlər, kənar ünsür də var idi. Proqramında Vazgen Sarkisyanın ortadan qaldırılması həlledici vəzifə hesab edilən Erməni İnqilabi Federasiyası “Daşnaksütyun”un (EİFD) ikinci prezidentin ətrafında böyük təsiri vardı.

1998-ci ildə Robert Koçaryan parlamenti buraxa və ya ən azı, Vazgen Sarkisyanı vəzifədən kənarlaşdıra bilərdi, lakin onun hər hansı bir təminatı yox idi ki, yeni seçkilərdə qalib gələcək. İkinci prezidentə şantaj siyasətinə etibar etmək qalırdı. Gah Vazgen Sarkisyan və Vano Siradegyan hədəf olurdu, gah da KİV-də, guya, “yazıq” Koçaryanın “heyvan” Vazgen Sarkisyandan qorxub Artsaxa (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) qaçması haqqında Baqramyan 26-dan (Baş nazirin rezidensiyası – tərc.) buraxılan məlumatlar tirajlanırdı.

Robert Koçaryan gözəl anlayırdı ki, hakimiyyət məsələsi 1999-cu ilin parlament seçkilərində həll oluna bilər, ancaq, necə deyərlər, Qarabağ klanının şansları, xüsusən də Vazgen Sarkisyanla Karen Dəmirçiyanın ittifaq bağlamasından sonra çox məhdud idi. Parlament seçkilərində Robert Koçaryan-Serj Sarqsyan-Samvel Babayan üçlüyü tam cəbhə ilə Sarkisyan-Dəmirçiyan tandeminə qarşı mübarizə apardı, ancaq bu mübarizə uğursuz oldu. “Miasnutyun” (“Birlik”) ittifaqı parlament seçkilərində Robert Koçaryanı yarış zolağında geridə qoyaraq, inamlı qələbə çaldı. Lakin ikinci prezidentin Ermənistan sərhədlərindən kənarda – Moskvada müttəfiqi vardı. Kreml heç bir zaman postsovet məkanında legitim hakimiyyətin formalaşması ilə, bunu öz maraqlarına çağırış hesab edərək, barışmazdı.

Koçaryana hakimiyyət, ruslara isə total təsir lazım idi. Hər ikisinə də Vazgen Sarkisyan mane olurdu. Koçaryanla Putin arasında kimyanın formalaşması (maraqların üst-üstə düşməsi və birliyin yaranması nəzərdə tutulur – tərc.) məhz Vazgen Sarkisyanın qətl edilməsi və Ermənistanda rus vassal rejiminin yaradılması fonunda baş verdi.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ