350 manat rüşvət almaqda suçlanan polkovnik hakim qarşısında - azadlığa buraxılmadı

730 18-10-2019, 11:56 kriminal

350 manat rüşvət almaqda suçlanan polkovnik hakim qarşısında - azadlığa buraxılmadıRüşvət almaqda ittiham edilən Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq ittiham edilən 1969-cu il təvəllüdlü Namiq Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Azər Paşayevin sədrliyi klə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, əvvəllər məhkumluq həyatı yaşamayan Namiq Əsədovun himayəsində iki övladı var.

N.Əsədovun vəkili məhkəməyə vəsatətlə müraciət edib. Vəkil müdafiə etdiyi şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyib. Müdafiəçi qeyd edib ki, istintaq dövründə də N.Əsədov ev dustaqlığında olub və istintaqın gedişatına heç bir maneə yaratmayıb.

Məhkəmə vəsatəti təmin etməyib. Baxış iclası oktyabrın 25-nə təyin edilib.

Rəsmi məlumaya görə, DGK-nın Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC" MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N.Əsədov tutduğu vəzifədən azad edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib və daha sonra barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

XƏBƏR LENTİ