Milli Birlik Məclisinin ilk təsis toplantısı keçirildi

1 211 22-10-2019, 09:36 siyaset / cemiyyet / gundem

Milli Birlik Məclisinin ilk təsis toplantısı keçirildi
Oktyabrın 19-u Milli Birlik Məclisinin ilk təsis toplantısı keçirildi.

Xeberdar.net- verilən məlumata görə, Məclisə ilkin mərhələdə 22 nəfər üzv seçilib. Bu sayın ilin sonuna qədər 100-ə çatdırılacağı nəzərdə tutulub. Bildirilib ki,bir çox təşkilatlara və şəxslərə dəvətlər zamanla, mərhələli şəkildə göndəriləcək. Bu üzdən Milli Birlik Məclisinə ilkin mərhələdə dəvət olunmayanlar bunu sayqısızlıq kimi qarşılamasın. İlkin mərhələdə oturuşmuş bir sistem qurmaq üçün bu işi 5 təşkilat rəhbəri ilə başladılıb. Zamanla ölkəmizdə milli düşüncənin söz sahibi olmasını istəyən bütün təşkilatlara və aktiv gənclərə dəvətlər göndəriləcək.


Milli Birlik Məclisinin ilk təsis toplantısı keçirildi

Məclis toplantıları arası birliyin ali orqanı olan İdarə Heyyəti aşağıdakı tərkibdə seçilib:

I. İbrahim Muradov - Qızıl Alma Təşkilatının qurucusu;
II. Vüsal Əfəndi - Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının rəhbəri;
III. Fərman Nuriyev - TAQM Təşkilatının qurucusu;
IV. Qədir Aslanov - Turan Ordusu Təşkilatının rəhbəri;
V. Natiq Adiloğlu - Azərbaycan Bozqurdlar İttifaqının rəhbəri.

Gənclərə Dəstək və Ailələrə Yardım Fondları təsis , birliyin fəaliyyətini tənzimləyəcək sənəd qəbul edilib.

Tədbirin sonunda Milli Birlik Məclisinin 2019-cu ilin 15 oktyabr tarixində Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci zirvə görüşü ilə əlaqədar Bəyanat yayıb. Bəyanatda deyilir:

"
Milli Birlik Məclisi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş 7-ci zirvə görüşünü Azərbaycan xalqı və dövləti üçün xüsusi əhəmiyyətə malik olduğunu hesab edir. Əsrlərdən bəri türkdilli xalqların müxtəlif tarixi səbəblərdən ayrı düşməsi və bu ayrılığın xalqlarımıza vurduğu ağır zərbələrin günümüzdə belə davam etməsi bizi dərindən qayğılandıran milli məsələlərdən biridir. Ötən əsrin 90-cı illərində baş verən təlatümlü beynəlxalq hadisələr xalqlarımızın tarixinə yenidən şanlı səhifələr yazmağa başladı və dünyanın siyasi xəritəsində Türkiyə Cümhuriyyətindən başqa daha beş Türk dövlətinin formalaşmasına səbəb oldu. Müstəqillik illərində xalqlarımız arasında siyasi, iqtisadi, sosial və ən başlıcası mədəniyyət sahəsində əhəmiyyətli bağlar yenidən yaranmağa başladı. Sayı 7-yə çatan Türk dövlətlərinin daxilində müxtəlif ictimai-siyasi birliklər və vətəndaş cəmiyyəti institutları bizi tarixən olduğu kimi yenidən bir mərkəzdə birləşməyə və milli birlik ideyasının bərqərar olmasına çalışır. Milli Birlik Məclisi də həmçinin öz növbəsində həm ölkə daxilində, həm də bu 7 türk dövləti və digər türk muxtariyyətləri arasında milli birlik ideyasının təbliğinə, milli özünüdərkin və təfəkkürün formalaşmasına, inkişaf etməsinə öz ciddi töhfələrini verəcəkdir. Hal-hazırda dünyada və regionda yaranmış mövcud beynəlxalq şərait kökü, milliyyəti, dini, dili və bir sıra digər bənzər cəhətləri olan xalqların birləşməsini labüdləşdirir. Hərbi, iqtisadi, siyasi birliklərin davamlı, dönməz inkişafa və ola biləcək təhdidlərə qarşı daha əhəmiyyətli, genişmiqyaslı müdafiə sisteminin formalaşmasına gətirib çıxardığının şahidi oluruq. Zaman bizi Türk milləti olaraq yenidən birləşməyə, Milli Birlik ideyası ətrafında böyük gücə çevrilməyə imkan yaradır. Bu hal millətimizin gələcək taleyində və yerləşdiyimiz regionun gələcəyinə dair çox gözəl ümidlər vəd edir. Artıq qloballaşmış dünyada sivilizasiyaların toqquşması fonunda milli dəyərlərin və vətənpərvərlik ideyalarının çox güclü sınağa çəkildiyinin şahidi oluruq. Dünyanın hazırkı siyasi gedişatı milli birlik ideyasını təxirəsalınmaz zərurət kimi dövlətlərin strateji inkişafına bilavasitə daxil edir. Yuxarıda göstərilən tezisləri nəzərə alaraq Milli Birlik Məclisi Türk dövlətləri arasında əməkdaşlığı son dərəcə zəruri hesab edir və sürətlə inkişaf etməsini eyni zamanda konfederativ şəkildə birləşməsini uyğun hesab edir. Bu istiqamətdə üzərimizə düşən öhdəlikləri böyük qətiyyət və ardıcılllıqla yerinə yetirəcəyik.

Tarix: 19.10.2019"

Xeberdar.net

XƏBƏR LENTİ