Vətənə gələn yollar dönüb ürəkdən keçir...

Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...

“ABŞ-da yaşadığım 40 ilin bircə günü belə Azərbaycansız keçməyib...”

Naser Əlixani! Onun haqqında tərcümeyi-hal xarakterli yazı yazmaq fikrimiz yoxdur. Ən azından ona görə ki, Naser bəyi mənəviyyat cəhətdən olduqca zəngin, istedadlı, vətənsevər ziyalı, azad düşüncə sahibi olan bir insan kimi tanıyır və oxucularımıza da elə bu cür təqdim etmək niyyətindəyik. Bütün digər dostları da elə bu xüsusiyyətlərinə görə onu özlərinin ən yaxını, qəlb sirdaşı və ən başlıcası, halallıq şahzadəsi kimi sevib-dəyərləndirirlər. Sadə və səmimi, rəhmdil və üzügülər, dostluğa sadiq, ailəsinə sevgi və sayğılı, vətən və millət sevdalı, ruhu və əqidəsi saf türk oğlu: - Bir insan, bir şəxsiyyət üçün bunlardan başqa hansı mənəvi və etik keyfiyyətlər lazımdır ki?!
Qəhrəmanımız bütün bu müsbət insani dəyərləri öz simasında cəmləşdirən soydaşımızdır. Amerika Birləşmiş Ştatlarında yaşayır. 40 il bundan öncə gedib okeanın o tayına. Getməyinin də səbəbi var: ABŞ-da ali təhsil alaraq, yüksək ixtisaslı mütəxəssis kimi ölkəsinə qayıtmaq, Güneyimizin işıqlı gələcəyinə öz layiqli töhfələrini vermək. Lakin, deyir sən saydığını say... Bir misal da var axı: “Yanlış da bir naxışdır”. Və bəlkə elə bu yanlışlıq olub Naser bəyi Vətənə, millətə daha vurğun, əqidə, məslək cəhətdən daha mükəmməl, cəsarətli, ləyaqətli, bütöv bir şəxsiyyət kimi yetişdirən... Nə bilmək olar?!
Ali təhsili başa vurduğu illər İran inqilabı ilə eyni dövrə düşür Naser Əlixaninin. İranda baş verən dövlət çevrilişi ilə əlaqədar geri qayıda bilməyən qəhrəmanımız taleyini həmişəlik ABŞ-la bağlamalı olur...
Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...

“Ruhumu bu qədər diri saxlayan Azərbaycana, xalq musiqimizə, mədəniyyətimizə sonsuz sevgim olub...”


N.Əlixani 1957-ci ildə Təbrizdə doğulub. Elə orada da orta məktəbi başa vurub. Sonrakı taleyi isə, artıq qeyd etdiyimiz kimi, ABŞ-la bağlıdır. “40 ildir Amerikada yaşayıram, lakin bu 40 ilin bircə gününü də olsa Azərbaycansız keçirməmişəm. Sual edə bilərsiz, necə, yaxud niyə? Təbrizdən ABŞ-a bir “Ayrılıq” mahnısı ilə getmişəm. Lakin içimdəki vətən sevgisi o qədər uca, vətən həsrəti o qədər dərin olub ki, Təbrizdə yaşadığım müddətdə heç eşitmədiyim, tanışlığım belə olmayan minlərlə Azərbaycan musiqisini elə böyük sevgi ilə öyrənib mənimsəmişəm ki orada... Get-gedə mənə aydın olub ki, ruhumu bu qədər diri saxlayan Azərbaycana, Azərbaycan xalq musiqisinə, mədəniyyətinə sonsuz sevgim olub. İndi bizə Vətən, bir vaxtlar isə qərib bir ölkə olan ABŞ-da Azərbaycana, azərbaycanlılara eşqim, marağım getdikcə çoxalıb, aşıb-daşıb. Bu sevgi, sayğı heç zaman azalmayıb, əksinə daha da çoxalıb... Ürəyim daim bura ilə döyünüb...”

Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...
























































“Hər yer insana bir yaşam yeridir, amma biz bu torpaqdanıq – Azərbaycandan...”


Naser bəy ixtisasca inşaat mühəndisidir. Nüfuzlu bir tikinti şirkətinə rəhbərlik edir. Fikri, xəyalı budur ki, yaşadığı ölkədə məskunlaşmış Güneyli soydaşlarımıza və digər türkdilli millətlərin övladlarına xüsusi sayğı ilə yanaşsın. Onların işlə təmin olunmasından tutmuş, maddi və sosial durumlarının qayğısına qalmağı özünə vicdan borcu hesab edir. Həm dostlarına, həm ailəsinə, həm də torpağına çox bağlı insandır. “Hər yer insana bir yaşam yeridir, amma biz bu torpaqdanıq; nə dilimizi itirmişik, nə mədəniyyətimizi. Və bu da özgələrə yox, özümüzün həyatına, yaşayışına bir özəllikdir, bəzəkdir” – düşüncəsinə malikdir qəhrəmanımız.
Muğamların, klassik musiqinin vurğunudur. Əlbəttə, hər bir azərbaycanlı özünə sual eləsə ki, bu niyə belədir, cavabı elə Naser bəyin cavabı kimi olar: “Bu musiqi bizim qanımıza, canımıza, vücudumuza hopubdur. Qanımızda var, qulağımız həmişə bu mahnıları eşidib. Anamızın laylasında eşidib sevmişik. Adam böyüdükcə bu sevgi, məhəbbət getdikcə artır, möhkəmlənir…”

Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...
Azərbaycanın böyük bəstəkarı və ifaçısı Rizvan Sədirxanov ən sevdiyi sənətkarlardandı...


Azərbaycanın böyük sənətkarlarını dəfələrlə ABŞ-a dəvət edib, onların konsertlərini təşkil ediblər orada. Bu sənətkarlara uzaq, qərib ölkədə əsl azərbaycanlı qonaqpərvərliyi, millət təəssübkeşliyi ilə yanaşıblar. Zeynəb Xanlarova, Alim Qasımov və qızı Fərqanə Qasımova dəfələrlə konsert proqramı ilə çıxış ediblər Vaşiqtonda, eləcə də Arif Babayev... Mirələm Mirələmov və Kamilə Nəbiyeva isə keçən il gediblərmiş öz qruplarıyla. Onları böyük qonaqpərvərliklə qarşılayıb, konsertlərini təşkil edib, yüksək səviyyədə də yola salıblar dostlarımız. Təsadüfi deyildir ki, həmin konsertlərə təkcə Amerikada yaşayan azərbaycanlılar, digər türkdilli xalqların nümayəndələri deyil, elə müxtəlif millətlərdən olan amerikanların özləri də böyük ruh yüksəkliyi ilə qoşulurdular. Bütün bunlar Naser bəy kimi vicdanlı vətənsevər oğullarımızın xalqımıza, millətimizə təmənnasız xidmətinin nəticəsidir. Muğamatımızın, xalq və bəstəkar mahnılarımızın, klassik musiqimizin vurğunu olan belə insanlar zəngin, əbədiyaşar musiqi xəzinəmizə bu yolla həm yeni həyat bəxş edib, həm də həyatlarına özgə bir rəng qatıblar. Musiqi sənəti Naser bəy kimi soydaşlarımızın həyat və yaşayışlarının önəmli hissəsini təşkil edib həmişə.
Söhbət zamanı öyrənirik ki, Vaşinqtonda Təbrizdən gəlmiş çox yaxın bir dostu var Naser bəyin – Səid Çöhrə. Onunla düz 6 il bir evdə yaşayıblar. Səid bəyin gözəl qarmon çalmağı var və xalq musiqimizin vurğunu olan dostumuza bir çox mahnıları da o öyrədib. Bəzən gecələri səhərəcən birlikdə oturublar, keçmişdən-gələcəkdən söhbət ediblər, musiqi işləyiblər... Beləcə, Naser Əlixani tədricən mahnılarda özünü və özündə bu sevilən mahnıları tapıb. Düşüb “YouTube”-nin canına, bir-birindən gözəl mahnıları tapıb çıxarıb. Azərbaycanın böyük bəstəkarı və ifaçısı Rizvan Sədirxanov ən sevdiyi sənətkarlardandı ki, hətta sənət sahəsində olan adamların çoxu onu tanımır (Düzü, Rizvan bəy barədə mən də məlumatlı deyildim. Odur ki, bu söhbətimizdən sonra internetdə axtarış verib, “525-ci qəzet”də bu sənətkar haqqında akademik, millət vəkili Rafael Hüseynovun çap olunmuş geniş yazısından məlumat əldə edə bildim və təəssüfləndim ki, niyə biz öz dəyərlərimizə bu qədər biganəyik. Axı, bu cür korifey insanlar dünyaya nadir hallarda gəlir... – Q.M.). “Bu sayaq adamlara ürəkdən bağlıyam, onların sənətini, bəstəkarlıqlarını, yaradıcılıqlarını həmişə çox sevmişəm, yüksək dəyərləndirmişəm. Bizim musiqimizdə hədd və sərhəd yoxdur. Ona görə də, insan hər nə qədər oxuyub-öyrənsə də, dərinə getdikcə sənətin bitməz-tükənməz bir dərya olduğunu görür…” – deyən Naser bəyin ürəyi doludur. ABŞ-da yaşayan daha bir yaxın dostu, onunla eyni vaxtda təsadüfən Azərbaycanda səfərdə olan qarmon ifaçısı Əli Haqşünasla bizi görüşdürdü dostmuz. Bu unudulmaz anlarda onları bənzərsiz musiqi xəzinəmizə böyük sevginin birləşdirdiyinin bir daha şahidi olduq.
Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...
... Bunu eşidən Naser bəy böyük həvəslə hazırlaşdığı Bakı səfərinə getməkdən könüllü şəkildə imtina edir

Azərbaycana ikinci dəfədir gəlir. İlk gəlişindən sonra ötən illərdə yenidən bir dəfə gəlmək istəyib Bakıya, ancaq Təbrizdə olarkən eşidib ki, ailə həyatı qurmağa hazırlaşan bir xanım qız cehiz almaq imkanı olmadığı üçün bu izdivacın alınması get-gedə təxirə salınır. Bu isə bir-birini sevən gənclərin göz görəsi ailə həyatı qurmasını əngəlləyən səbəb kimi ailə üzvlərini də narahat edir, arada söz-söhbət yaranır. Bunu eşidən Naser bəy böyük həvəslə hazırlaşdığı Bakı səfərinə getməkdən könüllü şəkildə imtina edir, bu səfərə xərcləyəcəyi maddi vəsaiti həmin xanımın cehizinin alınmasına yönəldir. Bu əhvalatı bizə Naser bəyin özü yox, hər birimizin dostu Seyid Məhəmməd Çavuşian danışıb. Bunu və neçə belə xeyirxah hərəkəti barədə eşidəndə dostmuzun ürək genişliyinə, səxavətliliyinə, insanpərvərliyinə heyran qalmaya bilmirsən.

Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...
“Amerikada olarkən fikirləşirdim ki, haçan Bakıya getsəm, onun başdaşını qucaqlayacağam...”


“Bizdə belə bir məsəl var, deyərlər ki, həmsayanın toyuğu qazdı. Yəni, bizim insanlar heç vaxt özününkü olana, öz dəyərinə qiymət verməyi bacarmır. Fikir edir ki, divarın o biri üzü çox möhtəşəm bir yerdi. Bizim millət deyir, gərək gedə Avropaya, gedə Amerikaya, Ərəb Əmirliklərinə ki, günü xoş keçə. Burda biz Azərbaycanı gəzib, həm şimalına, həm şərqinə, həm qərbinə, lap elə Göygöləcən gedib çıxdıq. Çox sevdiyim Şövkət Ələkbərovanı xatırlayıram Göygölü hər görəndə. “Göygöl” mahnısını bütün varlığımıza hakim edən Şövkət Ələkbərovanın yaradıcılığının dəlisiyəm. Mən Amerikada olarkən fikirləşirdim ki, haçan Bakıdakı Fəxri Xiyabana gedib, sevimli Şövkət xanımın qəbrini ziyarət etsəm, gül dəstsi qoyacaq, başdaşını qucaqlayacağam. Elə də oldu: burada onun həyatda olduğu kimi, həmişə üzügülər şəklini gördüm. Qəbrinin üstünə gül qoyduq, şəkil çəkdirdik dostum Seyid Məhəmmədlə. Eləcə də, ölməz Rəşid Behbudovun, Bülbülün, Lütfiyar İmanovun, Hacıbaba Hüseynovun, Gülağa Məmmədovun, İslam Rzayevin, Rübabə Muradovanın, daha neçə-neçə sevimli sənətkarımızın qəbirlərini ziyarət etmək çox böyük arzum olub həmişə. Şükürlər olsun ki, bu gəlişimdə adlarını tam sadalamadığım unudulmaz müğənnilərimizlə yanaşı, mahnılarını dəlicəsinə sevdiyim ölməz bəstəkar Elza İbrahimovanın, Şəfiqə Axundovanın da ziyarətində oldum. Böyük sənətkar Çingiz Sadıqovun qəbrini gördüm. Amerikada o qədər bir yerdə olmuşuq ki onunla. Gəlib-gedib bizə, onunla o qədər çalıb-oxumuşuq, yeyib-içmişik, deyib-gülmüşük ki!...
Sənətkarlarımızın Fəxri Xiyabandakı qəbirlərini görüb həm kədərləndim, həm sevindim. Onlara əbədiyyət evində işıqlı ömürlərinə davam etmələrini arzuladım. Bu cür sənətkarlar, əlbəttə, hər zaman yaddaşlarda yaşayacaqlar. Səməd Vurğunun qəbrini görəndə çox duyğulu anlar yaşadım. Bütün bu hisslər sözlə ifadə oluna bilmir. Bu anlar hər zaman yaddaşımda yaşayacaq. Allah rəhmət eləsin onlara, qəbrləri nurla dolsun ki, bizə bu cür zəngin mənəvi irs, böyük sərvət qoyub gediblər. Axı, Azərbaycan mədəniyyəti və musiqisi sahəsində bu dahilərin zəhmətləri əvəzsizdir…”
Vətənə gələn yollar 	dönüb ürəkdən keçir...

Qubaya gedən yolumuzu da “Qubalı qız” zinətləndirdi…


Dostlarımızla Azərbaycanımızın çox gözəl, füsunkar guşələrini gəzib dolaşdıq. Yolboyu bir-birindən gözəl, lirik mahnılar ifa edən dostlarımız Naser bəyin, Seyid Məhəmmədin səsinə səs verməkdən özümüzü saxlaya bilmirdik. Muğamlar, xalq və bəstəkar mahnılarımız şirin Təbriz ləhcəsində nə gözəl səslənirdi, İlahi?! Tamamilə başqa bir sehrli aləmdə hiss edirdik özümüzü. Necə də gözəldir bu insanlarla dost, yoldaş, qardaş olmaq! Ürəyi, ruhu, cismi belə Vətənə tükənməz sevgidən, məhəbbətdən yoğrulub onların!
Bizim bir zamanlar efir və ekrandan daim səslənən mahnılarımız olub – o gözəllikdə ki yerlərimiz var – Bakımız, Şəkimiz, Şamaxımız, Şuşamız, Qarabağımız, Qubamız, Gəncəmiz, Lənkəranımız, Cəlilabadımız, Sumqayıtımız, Naxçıvanımız…barədə. Hara qədəm qoyub, haraya üz tuturduqsa, elə bu diyarların vəsf olunduğu bir-birindən sevilən musiqilərin müşayiətinin sehrinə düşürdük. Qubaya gedən yolumuzu da “Qubalı qız” zinətləndirdi – elə Şahdağından əsən külək saçlarımızı daraya-daraya...
Dostlarımızla birlikdə keçən o unudulmaz günlərimizi indi dönə-dönə xatırlayırıq. Bir də Naser bəyin yola düşərkən dediyi bu sözlər qulağımızda təkrar-təkrar səslənməkdədir: “Nə gözəl bərəkətli torpaqları var Vətənimiz Azərbaycanın! Amma doğrudan da, biz həmin gözəl torpaqlarda yaşamalı, onları daha da gözəlləşdirməli, qorumalı, gəlib görməli və təbliğ eləməliyik. Çox ürəyi dolu, şad və xoş duyğularla buradan ayrılırıq. Gedirik ki, yenidən daha böyük sevgi və ümidlərlə qayıdaq…”

Bələdçi: Qiymət MƏHƏRRƏMLİ





Vətənə gələn yollar dönüb ürəkdən keçir...

  • 24-12-2019, 23:09
  • 381


Oxşar mövzular
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI