TÜRKİYƏ ÜÇÜN “1 MART” SİNDROMU:Suriyaya müharibə elanı, yoxsa yeni qərar? - TƏHLİL

1 149 15-02-2020, 14:19 cemiyyet / dunya

TÜRKİYƏ ÜÇÜN “1 MART” SİNDROMU:Suriyaya müharibə elanı, yoxsa yeni qərar? - TƏHLİLMəhərrəm Sarıqaya

“Habertürk”, Türkiyə, 14 fevral 2020-ci il



Prezident Ərdoğan son iki nitqində Dəməşq güclərinin müşahidə məntəqələrinin gerisinə çəkilməsi üçün bu ayın sonunadək vaxt verib. Əks halda, “”Bu işi” birbaşa Türkiyənin özünün edəcəyini” söyləyib. Bu da TBMM-də yeni bir müzakirənin başlaması üçün yetərli olub.

Müzakirənin mərkəzində isə müşahidə məntəqələrinin gerisinə çəkilməməsi durumunda, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hansı səlahiyyətə dayanaraq Dəməşq güclərinə qarşı hərəkətə keçəcəyi sualı durur. Çünki Konstitusiyanın 92-ci maddəsinə əsasən, TSQ-nin xaricdəki bütün fəaliyyətləri üçün TBMM-nin icazəsi tələb olunur. TSQ-nin hazırda Suriyada olması da TBMM-dən keçən və ötən ilin oktyabr ayında yenilənən icazə qərarı ilə mümkünləşib.

Mübahisə də elə bu nöqtədə başlayır. Əldə olan TBMM-in icazə qərarı TSQ-nin Dəməşq güclərinə qarşı əməliyyat aparması üçün yetərlimidir?

Mövcud olan üç ünsür

Yoxsa bunun üçün TBMM-dən “Müharibə elanı səlahiyyəti haqqında qərar” almaq lazımdır?

Burada diqqəti cəlb edən məqam isə Məclisdəki bütün partiyaların birgə mövqedən çıxış etməməsi, fərqli görüşlərdə olmasıdır.

Bu kontekstdə, bir qrup millət vəkili yeni icazə qərarına ehtiyac duyulmadığı, mövcud qərarın yetərli olacağı görüşündədir. Onların mövqeyi mövcud icazə qərarının aşağıda göstərilən 3 müddəasına əsaslanır.

Birincisi, Türkiyə öz üzərinə Suriya sərhədləri daxilində elan edilən gərginliyi azaltma bölgəsində terror fəaliyyətlərinə son verilməsi, hüzur, sülh və təhlükəsizliyin təmin edilməsilə bağlı öhdəliklər götürmüşdür.

İkincisi, qərarda milli təhlükəsizliyimiz üçün təhlükə yarada biləcək hər cür risk, təhdid və fəaliyyətlərə qarşı beynəlxalq hüquqdan doğan haqlarımıza əsasən tələb olunan önləyici tədbirlərin alınması nəzərdə tutulur.

Üçüncüsü, qərarda həmçinin Türkiyənin milli təhlükəsizliyinə yönəlik separatçı hərəkətlərə, terror təhdidinə və hər cür təhlükəsizlik riskinə qarşı beynəlxalq hüquq çərçivəsində lazım olan hər bir tədbiri görmək, bundan sonra da İraq və Suriyadakı bütün terror təşkilatlarından ölkəmizə qarşı yönələ biləcək hücumları dəf etmək və kütləvi köç kimi digər gözlənilən risklərə qarşı təhlükəsizliyimizi təmin etmək nəzərdə tutulubdur.

Burada altı cızılan əsas məsələ qərarda “kütləvi köç” riskinin də öz əksini tapmasıdır.

Yeni bir durum yoxdur ki?

Mövcud qərardakı bu üç müddəanın “yeni qərara ehtiyac olmadığını” göstərdiyini müdafiə edənlər arasında yer alan AKP-nin TBMM-dəki qrupunun rəhbərinin vəkili Bülənt Turan, dünəki söhbətimizdə bu nöqtəni vurğulayıb: “Bəzi dostlarımız müharibə elanı üçün (yeni qərarın – tərc.) lazım olduğunu müdafiə edir, ancaq buna ehtiyac yoxdur, mövcud qərar yetərlidir, hər şeyi qarşılayır, yenisinə ehtiyac yoxdur…”

AKP-nin TBMM-dəki qrupunun rəhbəri Naci Bostançı da söhbət zamanı diqqəti “ortada yeni bir durumun olmadığına” çəkib və bunları söyləyib: “Mövcud durum üçün icazə qərarı vardır. Olmayan bir mövzu haqqında yeni bir diskussiya açmağa da ehtiyac yoxdur. Doğrusu, hazırda diplomatiya işləyir və atəşkəsi davamlı etmək məqsədilə Soçi və İdlib razılaşmalarının şərtlərinin həyata keçirilməsi üçün çalışılır. Cəhdlərin davam etdiyi, ortada yeni bir durumun da olmadığı halda, yeni bir diskussiya başlatmağa ehtiyac yoxdur…”

Açıq və dəqiq

Əks görüşü müdafiə edənlər isə icazə qəraı ilə verilən səlahiyyətin “Astana razılaşması çərçivəsində, İdlib gərginliyi azaltma bölgəsində terrorla mübarizə fəaliyyətlərilə məhdud olduğunu” bildirərək, Dəməşq güclərinin bir dövlət strukturu olduğunu xatırladırlar. Belə durumda, bir dövlətə qarşı “müharibə elan edilməsi”nin lazım olduğu, dolayısilə, yeni bir qərara ehtiyac olduğu qənaətindədirlər.

Bu görüşü ilk dəfə dilə gətirən də öncəki axşam “Habertürk”də Kübra Parın “Açıq və dəqiq” proqramının qonağı olan CHP sədrinin müavini, sabiq səfir Ünal Çeviköz olub.

Çeviköz dünənki telefon sohbətində də öz görüşünü yeniləyərərk, “Mövcud qərar müşahidə missiyası ilə məhduddur. Suriya ordusuna qarşı istifadə edilə bilməz, yeni bir qərara və müharibə elanına ehtiyac vardır” deyib.

“1 Mart” sindromu

Çeviköz mövcud qərarla ancaq Türkiyənin özünə yönəlik bir hücum olduğu halda cavab verilə biləcəyini, bundan o tərəfə hərəkət üçün isə yeni bir qərara ehtiyac olduğunu vurğulayıb.

Çeviköz yeni bir qərara ehtiyac olmadığını söyləyənlərin “terrorla mübarizə məqsədilə səlahiyyət alındığını görməzdən gəldiklərini” bildirərək, əlavə edib: “Suriyaya qarşı müharibə elan edilməsinə AKP daxilindən də qarşı çıxanlar olacaqdır. Ola bilsin ki, yeni qərarın verilməsi üçün də lazım olan tarix 1 Mart olsun. Yeni “1 Mart qəzası”na düşməmək üçün bu yöndə mövqe tutmuş ola bilərlər, amma bu, qərarın məcburi olması şərtini ortadan qaldırmaz”.

CHP-nin TBMM-dəki qrupunun rəhbəri Engin Özkoç da buna bənzər görüş dilə gətirib və hüquqçularla məsləhətləşmələrin nəticəsində bu nöqtəyə gəldiklərini bildirib.

MHP-nin baxışı

“Xalq İttifaqı”nın ortağı olan MHP-nin məsələyə yanaşması isə hər ikisindən fərqlidir.

MHP sədrinin hüquqi məsələlər üzrə müavini Feti Yıldız məsələyə fərqli bir baxış bucağından baxaraq, bunları söyləyib: “Əgər hazırda meydanda olan TSQ-yə qarşı bir hücum olarsa, mövcud qərar özünümüdafiə üçün yetərlidir. Ancaq bundan fərqli bir əməliyyat planlaşdırılırsa, Konstitusiyanın 92-ci maddəsi açıq şəkildə müharibə elan edilməsini tələb edir, yəni yeni bir qərara ehtiyac duyular”.

İYİ Partiyanın mətbuat katibi Yavuz Ağırəlioğlu isə “Suriya meydanındakı proseslərin mövcud qərar çərçivəsində qalmasını istərdik” deyib.

Ağırəlioğlu diplomatiyanı qorumağın önəmli olduğunun altını cızıb və bunun üçün səy göstərilməsinin lazımlı olduğunu söyləyib.

Hamısının bir qayğısı var

Burası açıqdır ki, yeni qərarla bağlı həm iqtidarın, həm də müxalifəyin bir qayğısı var.

Müxalifətin qayğısı odur ki, bu qədər şəhid verildiyi halda, Məclisə yeni qərar layihəsi gələrsə, öncəki kimi mövqe tutmaqda çətinlik çəkməyə məcbur olacaqlar.

Keçmişdən bugünədək verilən icazə qərarları ilə bağlı əsasən “xeyr” mövqeyi tutmağa meylli olan CHP oktyabr ayında Məclisə gələn “İraq-Suriya” qərar layihəsinə müsbət səs vermişdi. Buna da həmin dövrdə CHP-ə yönəlik olan “İŞİD-i dəstəkləyirsiniz?” kimi qınaqlar, tənqid bombardmanı səbəb olmuşdu.

CHP lideri Kılıcdaroğlu da tənqidlərə cavab verərkən, müsbət yöndə səs verəcəklərini açıqlamışdı.

Dolayısilə, müxalifət buna bənzər durumla qarşılaşmaq istəməməklə birlikdə, AKP daxilində neçə millət vəkilinin müharibə elanına müsbət baxıb-baxmayacağını anlamağa çalışır.

Radikallara qarşı zor tətbiqi

AKP baxımından çətinlik isə, çox olmamaqla birlikdə, bəzi millət vəkillərinin müharibə elanının yaradacağı təsiri nəzərə alaraq könülsüz davranması, eyni zamanda Suriya və köçlə bağlı yeni bir diskussiyaya qapı aralamağın istənməməsidir.

Doğrusu, Müdafiə naziri Akarın dünənki açıqlamasında yer alan “Atəşkəsə nail olmaq və davamlılığını təmin etmək üçün əlavə birliklər göndəririk” sözləri də bu baxımdan diqqəti cəlb edir.

Ayrıca, öncəki gün Ərdoğanın, dünən də Akarın “Heyət Tahrir əş-Şam”a (HTŞ) eyham vururcasına “Sahədə atəşkəsin təmin edilməsi üçün radikallara qarşı zor tətbiq ediləcəyini” bildirməsi müharibə elan edilməsi yerinə, Soçi və İdlib razılaşmasına öncəlik verən mövqenin işarətidir. Çünki Moskva hər addımda Dəməşq güclərinin irəliləməsinə əsas olaraq HTŞ-ni göstərirdi.

Müharibə yerinə, aşağı intensivlikli münaqişəni seçən Ankara bir tərəfdən radikallara qarşı “zor tətbiq edəcəyini” açıqlayıb, digər tərəfdən də silahlı gücünü meydanda tutaraq, diplomatiya yolu ilə irəliləməyə çalışır.

Əgər diplomatik həll yolu tapılmazsa, Məclisdə yeni bir qərar layihəsiylə bağlı diskussiya ilə qarşı-qarşıya qalınacağı açıqdır…

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ