İlahə Sadıqova: "Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır"

İlahə Sadıqova: "Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır"


Ailədə gender identifikasiyası


"Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Özünün reproduktiv funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur."



“Gender” termini hərfi mənada ingilis dilində cins bildirən sözdür: qadın və ya kişi. İlk dəfə bu söz qrammatik kateqoriyadan kənar psixoloq Robert Stollerin 1968-ci ildə “Cins və Gender” (“Sex and Gender”) adlı tədqiqat işində işlənmişdir. Başlıqdakı bu iki sözün bölünməsindəki məqsəd “kişilik” və “qadınlıq” anlayışlarını sosiomədəni və bioloji cəhətdən ayırmaq idi. Beləliklə, bu termin cinslər arasındakı bioloji fərqlərdən başqa, eyni zamanda onların sosial rollarının, emosional və davranış xarakteristikalarını fərqləndirir: bioloji cins və gender, yəni, “sosial cins”.
Genderin əsasında dayanan ideya ““kişi” və “qadın” arasındakı fiziki və bioloji fərqlər deyil, cəmiyyətin bu fərqliliklərə verdiyi mədəni və sosial əhəmiyyət" hesab edilir.
Gender tədqiqatlarının predmeti cəmiyyətdə mövcud olan kişi və qadınlar arasındakı fərqliliklər barədə təsəvvürlərdir. Daha dəqiq desək, kişilər və qadınların xüsusiyyətləri və onların fərqli cəhətləridir. Bu xüsusiyyətlər "maskulinlik" və "feminlik" olaraq fərqləndirilir.
Gеndеr stеrеоtipləri insana ömrü bоyu təsir göstərir. Ailə, uşaq bağçası, məktəb – bütün bu sоsiallaşma institutları ənənəvi gеndеr stеrеоtiplərini tətbiq еdir. Bu səbəbdən, ailədə mövcud olan problemlərdən biri də qadınlar və kişilərin arasında gender bölgüsüdür ki, bu da fəaliyyətin və sosial rolların növlərinin effektiv bölgüsünü təşkil edir.
Cəmiyyətdəki dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradır. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin bu və ya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırır.
Hesab edirəm ki, cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır. Qadına və uşağa olan münasibət kişinin insanlara qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür.
Ailənin qorunub saxlanmasında qadının rolu olduqca vacibdir. Özünün reproduktiv funksiyası ilə əlaqədar qadın nəsillə əlaqədar məsələlərdə sosial cəhətdən daha tez yetişir, ailə işlərində daha düşüncəli və dərin intuisiyaya malik olur.
Ölkə idarəçiliyində gender balansının gözlənilməsi müsbət faktor hesab olunur. Bunun nəticəsi olaraq, bir çox ölkələrin sosial-iqtisadi və idarəçilik sahələrindəki siyasəti gender bərabərliyi istiqamətində aparılır. Hazırki mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyaya qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərəm ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar. Onu da qeyd edə bilərəm ki, hələ ki, heç bir ölkə iqtisadi, siyasi, sosial, mədəni , ailə-məişət sahələrində tam gender bərabərliyinə nail ola bilməyib.
Gender problemlərinin həllinə yönəldilmiş konsepsiyalar və strategiyalar mövcud dövlət qərarlarının məntiqini əks etdirir. Onlar bu istiqamətdə sosial münasibətləri nizama salan hüquqi-normativ sənədlərlə, təlimatlarla və başqa qaydalarla möhkəmləndirilmişdir. Qadınların təhsili istiqamətində görülən işlər, eyni zamanda bu istiqamətdə təhsil modelinin yaradılmasını zəruri edir. Qadın təhsili modeli qadına təhsili başa vurduqdan sonra onun cəmiyyətdə mütəxəssis kimi reallaşmasına, müxtəlif sosial və ailədaxili rolların reallaşmasına təminat verməlidir. Qüvvədə olan maarif sistemlərinin tədqiqatı göstərir ki, onlar əsasən cəmiyyətdə kişilərin üstün mövqeyini əks etdirən ənənəvi iyerarxiyanı canlandırırlar. Bununla belə, gender bərabərliyinin milli strategiyalarının analizi onların fərqli xüsusiyyətlərini görməyə imkan verir. Beynəlxalq təcrübələri müqayisə edərkən, qeyd edə bilərik ki, müxtəlif dövlətlər bu istiqamətdə öz milli mədəni ənənələr, spesifik siyasi vəziyyət, milli mentalitet xüsusiyyətləri və s. özəllikləri ilə hərəkət edirlər. Məsələn, Fransa Milli Məclisində qadın deputatların payı ənənəvi olaraq, o qədər də çox deyil. Bunu nəzərə alaraq, 2000-ci ildə siyasətdə qadın və kişi bərabərliyinin təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul edilmişdir. Almaniya Bundestaqında isə əksinə, bu ölkədə gender hüquq bərabərliyinin qorunması istiqamətində heç bir hüquqi-normativ aktlar, qanunlar qəbul edilmədiyi halda, qadınlar demək olar ki, deputat yerlərinin ¾-nü tuturlar.
Azərbaycanda gender problemlərinin vəziyyəti və dinamikasını araşdırarkən qeyd edə bilərik ki, son illərdə Azərbaycan Respublikasında qadınların sosial funksiyalarında, sosial fəaliyyət formalarında müsbət mənada xeyli dəyişiklik və yeniliklərin baş verdiyi danılmaz bir gerçəkdir. Bu gün ölkəmizdə qadın problemləri ilə məşğul olan onlarla strukturlar və qeyri-hökumət qadın təşkilatları rəsmi şəkildə fəaliyyət göstərməkdədir.
Bununla belə, Azərbaycan mədəniyyətində androsentrizm üstün mövqeyini qoruyub saxlamaqdadır. Bu isə gender asimmetriyasının, ənənəvi standartlaşmış təsəvvürlərin-gender stereotiplərinin qorunub saxlanılmasını təmin edir. Bu həqiqət genderin inkişafı yolunda ölkəmizdə sosial institutlar, o cümlədən təhsil sistemi qarşısında çox işlərin görülməsi məsələlərini irəli sürür. Müasir cəmiyyətin bütövlükdə və onun ayrı-ayrı institutlarının hərtərəfli inkişafı təhsil sisteminin inkişafı olmadan mümkün deyil. Məlumdur ki, son illər ölkəmizdə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin geniş şəbəkəsi yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların bu müəssisələrdə kişilərlə bərabər hüquqda təhsil almasını təmin edir. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”.
Azərbaycan qanunvericiliyində Azərbaycan Respublikası Konstitusiyasından sonra genderlə bağlı mövcud qanunlardan ən əsası “Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublikasının Qanunudur (10 oktyabr 2006-cı il). Bununla belə, qanunun təsvirində və həyata keçirilməsində bir sıra boşluqların mövcud olması danılmazdır. Eyni zamanda, Azərbaycanda sırf qadın haqları sahəsində də bir sıra sənədlər qəbul edilmişdir. Lakin bütün bu faktlarla yanaşı regionlarda gender bərabərliyi mövzusu bir qədər geridə qalır. Regionlarda ənənəvi olaraq qadın və kişilər arasında kəskin əmək bölgüsü mövcuddur. Müvafiq resurs mərkəzlərinin olmaması, stereotiplər və ev işlərinin çoxluğu, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir. Gənc qızlar ictimai fəaliyyətlərə az maraq göstərir, çünki bu onların gələcək ailə həyatına təsir edir. Gənc xanımların ev, həyat yoldaşı və azyaşlı uşağının qayğısına qalmaq məcburiyyəti, üstəlik həyat yoldaşının qısqanclığı onların sosial həyatda daha aktiv mövqeyinə mane olur.
Qaçqın və məcburi köçkünlər, ailə başçısını itirmiş və az təminatlı ailələrdəki qadınlar daha həssas qruplara aid edilir. Həyat yoldaşının vəfatı, müharibədən sonra fiziki imkanlarının məhdudlaşması və ya ölkəni tərk etməsi ailənin bütün yükünü qadının üzərinə salır. Bu cür ailələrdəki qadınlar daha az bacarıqlara, biliyə, resurslara malik olduqlarından, digərlərinə nisbətən zorakılığa, ayrı-seçkiliyə daha çox məruz qalırlar. Bu və digər obyektiv səbəblərdən regionlarda yaşayan qadınlar təhsildən, inkişafdan geri qalır.
Cəmiyyətdə gender bərabərsizliyinin, qadına qarşı diskriminasiyanın aradan qalxmasına bir çox hallarda təhsil prosesinə edilən dəyişikliklər kömək ola bilər. Lakin bunun başlanğıcı ailə tərbiyəsində, valideynlər və yaxın qohumların bizim ənənəvi mədəniyyətimizdə oğlanlar və qızların assosiasiya olunduqları təsəvvürlərə və anlayışlara düzəliş etmək istəyinin olmasındadır. Uşağın gender identikliyinin qurulması erkən yaşlardan başlayır və insanın həyatı boyu ona düzəliş edilir. Təəssüflə qeyd etmək lazımdır ki, erkən yaşlarından oğlanlar və qızlar üçün informasiya proseslərinin seleksiyası mövcuddur. Məsələn, qızlara gəlinciklər, mətbəx əşyalarına bənzəyən oyuncaqlar almaq və ya nisbətən böyük yaşda musiqi, toxuculuq məktəbinə yazdırmaq və s., oğlanlar üçünsə maşın, robotlar, müharibə və ya fantastik qəhrəmanları əks etdirən oyuncaqlar, kompüterlər və s. almaq, şahmat məktəbinə, üzgüçülüyə yazdırmaq. Bununla da qızların rasional və mücərrəd düşüncə sahəsi bir qədər dar çərçivədə qalır. Onun geniş aspektdə düşünməsinə şərait yaradılmır.

İLAHƏ SADIQOVA
Ümid Partiyası sədrinin ailə, qadın uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini, ADMİU-nun dissertantı, kulturoloq

İlahə Sadıqova: "Qadınla xoşbəxt olmanın sirri onunla səmimiliyin mənəvi balansını qorumaqdır"

  • 6-03-2020, 16:20
  • 896


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI