"Əllər görüşlərin həsrətindədi, üzlər öpüşlərə tamarzı qalıb" - Rəfail Tağızadənin şeiri

865 10-04-2020, 13:00 kose / gundem

"Əllər görüşlərin həsrətindədi, üzlər öpüşlərə tamarzı qalıb" - Rəfail Tağızadənin şeiri Xeberdar.net Rəfail Tağızadənin günümüzün acı mənzərəsini ifadə edən "Qara kabus" adlı şeirini oxucularının ixtiyarına verir:

***
(2020-nin yazı)


Bu nə müsibətdi, bu nə fəlakət?
Hamı öz içində, öz yatağında,
Hamı var-gəl edir öz otağında.
Başımız üstündə bir qara kabus.
Qorxudan insanın bədəni bumbuz.
Gələn bəd xəbərdən, hər sərt xəbərdən
İçini vahimə basır adamın.
Məhəllə, küçələr, şəhərlər bomboş,
Boşluğun içində boğulur adam,
Yadam bu həyata, tamam mən yadam.
Qoymadıq əvvəlki halında qala,
Qoymadıq sakitcə bir nəfəs ala.
Hər yerdə uçqunlar, hər yerdə qarət...
Bizi bağışlarmı görən təbiət?
Əllər görüşlərin həsrətindədi,
Üzlər öpüşlərə tamarzı qalıb,
Baxış pəncərəyə dəyib qayıdır...
Hava da təzədən qışa köklənib.
Üşüyür ağacın ağ çiçəkləri.
Daha yarpaqlara toxunmaq olmur,
Daha bənövşəni qoxlamaq olmur...
Görən bağışlarmı bizi təbiət?
Görən bağışlarmı bizi nəhayət?

Rəfail Tağızadə
07.04.2020

XƏBƏR LENTİ