Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, 1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlamışdır.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülmüşdür.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılmışdır.
Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilmişdir.
Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf etmişlər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.