“Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”

1 213 22-05-2020, 17:01 siyaset / cemiyyet / gundem

“Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
Elman Abbasov naxçıvanlı deputatlara müraciət etdi.

Bu problem kimlər üçünsə kiçik görünə bilər, minlərlə sadə Naxçıvan vətəndaşları üçün isə çox böyük problemdir.

50 yaşı tamamladıq və daha bir problem qarşıma çıxdı. Şəxsiyyət vəsiqəsini dəyişmək. Bu problem tək mənim yox, naxçıvanlıların çox ciddi problemidir. Bir müddət əvvəl də bu problemlə bağlı çıxış etmişdim. 2 saylı ASAN xidmətin nümayəndəsi deyir ki, “karantin dövrü olduğu və Daxili İşlər Nazirliyində Naxçıvan qeydiyyatında olanların bazası olmadığına görə biz sizə şəxsiyyət vəsiqəsi verə bilmirik. Naxçıvanın Bakıdakı Nümayəndəliyinə müraciət edin.”

Naxçıvanın Bakıdakı Nümayəndəliyi:
“Karantin dövrü olduğu üçün şəxsiyyət vəsiqələrini yeniləyə bilmirik. Ötən ilin noyabr və dekabr ayında belə bir şey olub. Hazırda bu mümkün deyil.”
Çox gözəl və çox pakizə... Bakıda yaşayan naxçıvanlılar nə etməlidir? Azərbaycan vətəndaşları deyillərmi? Nədən naxçıvanlılar Bakıda ASAN xidmətdə şəxsiyyət vəsiqəsi ala bilmirlər? Hazırda bölgəyə giriş çıxış da yoxdur. Olsa belə, bir şəxsiyyət vəsiqəsini dəyişmək bizlərə minimum 250 manata başa gəlir. Nədən vətəndaş bir şəxsiyət vəsiqəsi almaq üçün Naxçıvana gedib, qayıtmalıdır? Nəyə görə sosial durumu həddindən artıq ağır olan naxçıvanlılar izafi xərc çəkməlidirlər? Nəzərə alsaq ki, obyektiv və subyektiv səbəbdən minlərlə naxçıvanlı iş və çörək dalınca Bakı şəhərinə gəlib və böyük əksəriyyəti də kirayədə yaşayırlar, o zaman vəziyyətin ciddiliyi göz önünə gəlir. Bir çox hallarda vətəndaşlar yol pulu olmadığına görə şəxsiyyət vəsiqəsini dəyişə bilmir və ciddi problemlərlə üzləşirlər.

Bəs, Naxçıvan adına Parlamentdə oturan 7 deputatın işi nədən ibarətdir? Naxçıvanlıların problemlərini görmürlərmi? İllərdir saxta mandatla parlamentdə oturan Eldar İbrahimov, Səftər Mehdiyev, orden-medallarının çoxluğu ilə öyünən Siyavuş Novruzov və digərləri bircə dəfə də olsun seçiciləri ilə görüşmür, problemləri ilə maraqlanmır, hətta məktublara cavab vermirlər. Demokratik, azad seçki, seçkidə rəqabət mühiti olmadığına və təyin olunduqlarından arxayın olduqları üçün seçki dönəmində belə seçicilərini sayıb görüşlərinə getmirlər.
Bu problem kimlər üçünsə kiçik görünə bilər, minlərlə sadə Naxçıvan vətəndaşları üçün isə çox böyük problemdir.
Ötən dəfə əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa Bakıda yaşayan naxçıvanlıların ölən qohumlarını Naxçıvana aparıb dəfn etmək üçün çəkdikləri əzab-əziyyətdən detallı yazmışdı. Elə mən də buradan əslən Naxçıvandan olan millət vəkillərinə - xüsusilə Fazil Mustafaya və Qüdrət Həsənquliyevə, eləcə də Azərbaycan və Naxçıvan Muxtar Respublikasının aidiyyatı qurumlarına səslənirəm, Naxçıvan vətəndaşlarının bu probleminin həllində köməklik göstərsinlər.

Elman Abbasov

Xeberdar.net

XƏBƏR LENTİ