MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!

759 27-05-2020, 11:18 cemiyyet / gundem

MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!Azərbaycanın inkişafının önündə ən böyük əngəllərdən biri olan, dövlətin, cəmiyyətin dayaqlarını sarsıdan, sosial ədalətsizliyə və əhalinin hakimiyyətdən narazılığına yol açan əsas səbəblər sırasında korrupsiyanın öncül yer tutduğu heç kimə sirr deyil. Və bu bəlanın ölkəmizdə nə qədər dərin kök saldığı hər addım başında hiss olunmaqdadır. Elə elan olunan islahat və korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyatlar və həbslərdən sonra üzə çıxan faktlar da bu bəlanın miqyasını qismən də olsa göstərmiş oldu.

Lakin qeyd edilməlidir ki, yalnız ayrı-ayrı əməliyyatlar, işdən azad edilmələr və s. bu kimi tədbirlərlə cəmiyyətimizdə “adət” halı almış bu cinayətlərin tam kökünü kəsmək mümkün olamayacaq. Bu işin daha effektli olması üçün lazım olan kompleks tədbirlər, addımlar sırasına mütləq hüquqi bazanın genişləndirilməsini və təkmilləşdirilməsini də daxil etmək lazımdır. Və belə görünür ki, bu istiqamətdə artıq müəyyən addımlar atılmağa başlayıb.


MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
“AzPolitika.info” xəbər verir ki, büdcə talanı, korrupsiya, rüşvət yolu ilə əldə olunan pullar hesabına xarici ölkələrdə alınan mülklərin müsadirəsi üçün hüquqi baza genişləndirilir. Belə ki, qanunvericilikdə ediləcək yeni dəyişikliyə görə, qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək. Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavə məhz bunu nəzərdə tutur.

Məcəllənin 521-ci maddəsi “Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası qaydası” adlanır.



Yeni qanun layihəsində isə maddənin adı dəyişdirilib və “Əmlakın müsadirəsi barədə Azərbaycan Respublikasında çıxarılmış hökm və ya digər yekun qərarların xarici ölkədə icrası” adlandırılıb. Təklif olunan 521.1-ci maddə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir. Layihədə yazılır ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bu əlavəni şərh edərkən bildirib ki, qanun layihəsi reallığı özündə əks etdirən yanaşmadır: «Azərbaycanda müxtəlif şəkildə pul vəsaitləri əldə edənlər var. Bu pulları halal yolla, zəhmətlə qazanılmayan vəsait kimi nəzərə almaq lazımdır”.
MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
Onun fikrincə, qeyri-qanuni yolla əldə edilən pullar hesabına xaricdə tikilən, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna xidmət edən, həmin ölkələrin büdcəsinə vəsait daxil olmasına xidmət edən hallar bütün mənalarda başadüşülən deyil. Millət vəkili hesab edir ki, bəzi azərbaycanlıların xaricdəki mülkləri araşdırılmalı və onların təsnifatı aparılmalıdır. “Əgər o mülklər cinayət xarakterli əməllərlə əldə olunubsa, bunun barəsində hüquqi baxımdan addım atmaq mümkün olacaq”, - deyən F.Ağamalı təklif də səsləndirib: “Məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər”.

“AzPolitika.info”-ya bu mövzu ilə bağlı açıqlama verən vəkil, Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Polad Mehdi bildirdi ki, hazırda Azərbaycan Respublikası Cinayət qanununda əmlakın müsadirəsi cəzası mövcud deyil: «Əmlakın müsadirəsi adlanan Cinayət Məcəlləsinin 51-ci maddəsi məcəllədən çıxarılıb. Doğrudur, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində "Əmlakın tam müsadirəsinə yol verilmir" deyə bir müddəa var və hazırda cinayət hüququ baxımından əmlakın müsadirəsi cəzası ümumiyyətlə yoxdur. Ancaq Cinayət Məcəlləsində cinayət hüquqi xarakterli tədbirlər mövcuddur. Bu tədbirlərdən biri də əmlakın xüsusi müsadirəsi ilə bağlıdır.”



Hüquqşünas qeyd etdi ki, Cinayət Məcəlləsində xüsusi müsadirənin obyekti olan 4 növ əmlak göstərilib: “Bu halda həm cinayət yolu ilə əldə olunmuş əmlak, həm də həmin əmlakın hesabına əldə olunan digər gəlirlər müsadirə olunur. Tutaq ki, şəxs cinayət yolu ilə əldə etdiyi əmlak vasitəsilə müəyyən qazanc əldə edib. Bu halda həmin qazanc da müsadirə olunmalıdır. Əgər şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı satıb əvəzində başqa bir əşya alıbsa, həmin əşya müsadirə olunur. Əgər qeyri-qanuni yolla əldə olunmuş əmlak şəxs tərəfindən istifadə edilərək talan olunubsa, bu zaman həmin əmlakın qarşılığında dəyəri ölçülməklə ona məxsus başqa əşya, əmlak müsadirə olunur.”

P.Mehdi bildirdi ki, Korrupsiyaya qarşı mübarizə haqqında Qanunun 3-cü maddəsinə əsasən bu qanun Azərbaycan ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və ölkəmizdə qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci fəslinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində və hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.”

Hüquqşünas bir nüansı da xüsusi qeyd edərək bildirdi ki, məsələn, kiminsə Avropa ölkələrinin birində Azərbaycanda cinayət yolu ilə ədə etdiyi vəsait hesabına aldığı mülkü varsa və Azərbaycan tərəfi onun öz xeyrinə müsadirəsini tələb edirsə, bu zaman Azərbaycan məhkəməsinin çıxardığı müsadirə qərarının həmin ölkə tərəfindən tanınması lazımdır.

Yəni ki, bunun üçün Azərbaycan məhkəmə-hüquq sistemi öz müstəqilliyini və doğrudan da qanunlara xidmət etdiyini çıxardığı hər bir qərarda, hökmdə biruzə verməlidir. Onun obyektivliyi həm ölkəmizdə, həm də xaricdə şübhə doğurmamalıdır. Bunun üçünsə həmin sistemin özü bütün neqativ tərəflərindən təmizlənməli, şəffaf, tərəfsiz olmalıdır.

Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edilərək, 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək. Və göründüyü kimi, sözügedən dəyişikliklə “çirkli pullar”la xaricdə alınan mülklərin müsadirəsinə hüquqi baza yaradılır. Bu dəyişiklik xaricdə böyük, bahalı mülklərə sahib çıxan çoxsaylı məmur-oliqarx ordusu üçün ciddi təhlükə mənbəyi ola bilər. Və tezliklə millət vəkilləri istəsələr də, istəməsələr də bu əlavəyə səs verəcəklər. Ancaq maraqlıdır ki, görəsən sözügedən qanun doğrudan da işlək olarsa, elə Milli Məclis üzvlərinin sırasından neçə nəfər gələcəkdə həmin qanunun təsiri altına düşə bilər?...

Cəlal Məmmədov

AzPolitika.info

XƏBƏR LENTİ