Türkiyə əsassız erməni iddiaları ilə mübarizənin strategiyasını hazırlayır - Azərbaycan üçün yeni perspektiv açılır

965 23-06-2020, 18:35 siyaset / gundem

Türkiyə əsassız erməni iddiaları ilə mübarizənin strategiyasını hazırlayır - Azərbaycan üçün yeni perspektiv açılır100 ildən artıqdır ermənilər qondarma “erməni soyqırımı” yalanları ilə beynəlxalq aləmdə “at oynadır”lar, ayrı-ayrı dövlətləri, xalqları öz saxta iddialarına inandırmağa cəhdlər edirlər. Əlbəttə, dünyanın bir çox dövləti tarixdə “erməni soyqırımı” deyilən bir olayın baş vermədiyinə inanır, bunun bir erməni saxtakarlığı olduğunu dərk edir. Amma, bununla belə, ermənilər uzun illərdir onlara havadarlıq edən bəzi dövlətlərin dəstəyinə və erməni lobbisinə arxayın olaraq qondarma “erməni soyqırımı”nı təbliğ etməkdə davam edirlər.

“BakuPost”un məlumatına görə, Türkiyə qondarma “erməni soyqırımı” iddiaları ilə mübarizə üçün cümhuriyyət tarixində bir ilkə imza atır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsassız erməni iddiaları ilə mübarizə üçün strategiya yaradılması barədə təlimat verib.

Bu strategiya Türkiyənin 1915-ci il hadisələri ilə bağlı beynəlxalq arenada özünü daha yaxşı anlatmasına imkan yaradacaq.

Bununla bağlı açıqlama ötən gün keçirilən brifinqdə verilib. Brifinqdə qeyd edilib ki, Türkiyədə erməni iddiaları ilə birbaşa maraqlanan, bu məsələ ilə bağlı arqument və strategiya hazırlayan bir qurum yoxdur.

Yeni yaradılacaq qurum hökumətdən asılı olmayacaq, məsələyə ancaq siyasi müstəvidən deyil, eyni zamanda, mədəni, tarixi, təbliğat, hüquq kimi bütün aspektlərdən yanaşacaq. İdarənin müstəqil ictimai bir cəmiyyət olması barədə qərar verilib.

Türkiyənin əsassız erməni iddiaları ilə mübarizə ilə bağlı hazırladığı strategiyanın Azərbaycan üçün də yeni perspektiv açdığı məlumdur.

“Yaradılacaq bu qurum beynəlxalq aləmdə bir çox məsələnin, xüsusən də erməni saxtakarlığının üzə çıxmasına, aydınlaşmasına böyük şərait yaradacaq”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli mövzunu “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, gecikmiş addım olsa da, təqdirəlayiqdir. “Ona görə gecikmiş hesab edirəm ki, təxminən 100 ilə yaxındır ki, ermənilər və onların havadarları qondarma “erməni soyqırımı”ndan hər fürsətdə Türkiyəyə qarşı istifadə edirlər. Yəni bu təzə məsələ deyil. Bilirik ki, vaxtilə ermənilər bu saxta məsələyə Böyük Britaniyanı, ABŞ-ı, Sovet Rusiyasını, Fransanı və digər dövlətləri inandırmaq istəyirdilər. Bu gün də onlar bu prosesi davam etdirir, əsassız “soyqırım” iddialarından sui-istifadə edirlər. Bu anlamda Türkiyə dövlətinin, bu ölkənin rəhbəri Ərdoğanın bu məsələ ilə bağlı daha dəqiq və konkret nəticəyə gəlməsi müsbət haldır. Türkiyədə əsassız erməni iddiaları ilə bağlı belə bir strategiyanın hazırlanması çox mühüm addımdır. Bu təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də mühümdür. Hesab edirəm ki, bu məsələdə türk və müsəlman dövlətləri, İslam Əməkdaşlığı Konfransı Təşkilatı birlik nümayiş etdirməlidir. Yəni bu mübarizə yalnız Türkiyə və Azərbaycanla məhdudlaşmamalıdır. Ancaq, əlbəttə, ilk növbədə, bu məsələdə Türkiyə və Azərbaycanın daha sıx əməkdaşlıq etməsi vacibdir. Türkiyəyə qarşı qondarma, əsassız “erməni soyqırımı” məsələsində beynəlxalq aləmdə təhdid varsa, bu təhdid Azərbaycan üçün də olub və davam edir. Ermənilər və ermənilərin havadarları bu qondarma məsələdən təkcə Türkiyənin deyil, həmçinin, Azərbaycanın da əleyhinə istifadə edirlər. Ona görə də Türkiyənin dövlət başçısı tərəfindən bu strategiyanın hazırlanmasına start verilməsi çox mühüm hadisədir. Fikrimcə, yaradılacaq bu qurum beynəlxalq aləmdə bir çox məsələnin, xüsusən də erməni saxtakarlığının üzə çıxmasına, aydınlaşmasına böyük şərait yaradacaq.

Azərbaycan və Türkiyə alimlərinin Türkiyədəki və Azərbaycandakı, o cümlədən də dünyanın kitabxana və arxivlərində birgə işləmələri çox vacibdir. Yeri gəlmişkən, bu prosesdə dünyanın istənilən obyektiv alimi, tarixçisi iştirak edə bilər. Lap elə erməni alimlərinin özləri də iştirak etsinlər. Türkiyə rəsmiləri, xüsusən də Ərdoğan dəfələrlə “biz arxivlərimizi açırıq, Ermənistan da öz arxivlərini açsın” deyiblər. Azərbaycan da bu məsələdə öz arxivlərini açır və Türkiyəyə dəstək verir. Bu bizim üçün də lazımdır. Məsələnin bu cür qoyuluşu Ermənistanı dalana dirəyəcək, daha da çıxılmaz vəziyyətə salacaq. Çünki əsl həqiqətlər üzə çıxandan sonra ermənilər və onların havadarları, onları dəstəkləyən məlum dövlətlər və beynəlxalq təşkilatlar da bundan sarsıdıcı zərbə alacaqlar. Əsl həqiqətlər ortaya çıxandan sonra beynəlxalq ictimaiyyətə aydın olacaq ki, ermənilərin və onların havadarlarının əsassız şəkildə iddia etdiyi kimi, 1915-ci ildə ermənilər “soyqırım” edilməyib, bu zaman daha çox Azərbaycan və Türkiyə türkləri qırğına məruz qalıb, həlak olub, erməni terrorundan əziyyət çəkiblər”

F.Ələkbərli hesab edir ki, Türkiyə dövlətinin hazırladığı bu strategiya Azərbaycan üçün yeni yollar açır. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan türkləri erməni zorakılığı ilə üzləşib, minlərlə azərbaycanlı, müsəlman ermənilər tərəfindən qətlə yetirilib, xalqımız soyqırıma məruz qalıb. “Bu strategiyanın hazırlanmasının bizim üçün ən mühüm cəhətlərindən biri odur ki, Azərbaycan türklərinin 100 ildən çoxdur ermənilər tərəfindən soyqırımlara, qətliamlara, terrora məruz qaldığını bir daha dünyaya çatdıra biləcəyik. Arxivlərdən çıxan sənədlər, faktlar həqiqəti ortaya qoyacaq ki, 100 il əvvəl türklər erməniləri deyil, erməni daşnakları türkləri, müsəlmanları qətlə yetirib, onlara qarşı soyqırım aktları törədiblər. Ermənilər yaxın tarixdə işğal etdikləri Dağlıq Qarabağda insanları kütləvi olaraq qətlə yetirib, Xocalı kimi dünyada analoqu olmayan soyqırım törədiblər, xalqımıza Daşaltı, Ağdaban, Meşəli faciələri və sair faciələr yaşadıblar. Haqlı tərəf bizik, ermənilər deyil.

Düşünürəm ki, biz bu istiqamətdə Türkiyə ilə eyni istiqamətdə, birgə irəliləməliyik. Azərbaycanın tarixçiləri də bu prosesə qoşulmağa hazırdırlar. Çünki bizim bu məsələdə haqlı olduğumuz məlumdur. Bunu ermənilər də, onların havadarları da yaxşı bilirlər. Sadəcə, ortada siyasi və digər maraqlara görə həqiqətə göz yumur, öz maraqlarından çıxış edərək manipulyasiyaya yol verirlər. Ancaq, bütün hallarda, bu addımın atılması ermənilərin və onların havadarlarının iç üzünü ortaya çıxaracaq və bir çox həqiqət ortaya çıxdıqca, Türkiyənin və Azərbaycanın mövqeyi istər bölgədə, istərsə də dünyada daha da güclənəcək”.

İradə SARIYEVA

XƏBƏR LENTİ