İlahə Sadıqova: “Təhsil almaq insanların təməl hüquqlarından biridir”

İlahə Sadıqova: “Təhsil almaq insanların təməl hüquqlarından biridir” Bir çox cahil insanların fikrincə, dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir.

Vyana Bəyannaməsinin İnsan Hüquqları üzrə Fəaliyyət Proqramına əsasən “təhsil sistemi bütün dövlətlərdə insan haqlarına və azadlıqlarına hörmətin möhkəmlənməsinə yönəldilməlidir”. Qadınların vəziyyəti üzrə Pekin konfransı qadınlara və qızlara münasibətdə bu vəzifəni konkretləşdirirdi. Belə ki, 1995-ci il sentyabrın 4-15-i tarixlərində Çinin paytaxtı Pekində keçirilən Qadınların IV Ümumdünya Konfransı qadın və kişilərin hüquq və anadangəlmə insani ləyaqət bərabərliyi ideyalarına tərəfdar olduğunu bəyan edib. Konfrans qadınların imkanlarının genişlənməsi və vəziyyətlərinin möhkəmləndirilməsi uğrunda fəaliyyət göstərilməsi istiqamətində Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (PFP) qəbul edib. Konfransda bir daha qeyd olunub ki, insan hüquqları daxilində qadın hüquqlarına riayət olunması, qadınların imkanlarının genişləndirilməsi, qərar qəbul etmək və hakimiyyətdə iştirak etmək hüquqları da daxil olmaqla, onların ictimai həyatın bütün sahələrində bərabər iştirakını tələb edir. Konfransın qəbul etdiyi PFP on iki strateji istiqamətli tədbirdən ibarətdir: - qadınlar və yoxsulluq; təhsil və qadınların peşə hazırlığı; qadın və səhiyyə; qadınlara qarşı zorakılıq; qadınlar və hərbi münaqişələr; qadınlar və iqtisadiyyat; qadınların qanunvericilik orqanlarının işində və qərar qəbul olunması prosesində iştirakı; qadınların vəziyyətinin yaxşılaşdırılmasının idarə mexanizmi; qadınların insan hüquqları; qadınlar və kütləvi informasiya vasitələri; qadınlar və ətraf mühit; qız uşaqları.
PFP-da Qadınların İnsan Hüquqları 210-229-cu maddələrdə əks olunub. Bu sahədə dünya ictimaiyyətinin narahatlığı təbii ki, anlaşılandır. 1990-cı ildə bütün dünyada təhsilsiz insanların sayı az qala 1 milyarda (948 milyon) çatmışdı. Bir çox Cənubi Asiya ölkələri və ərəb dövlətlərində bu fakt daha yüksək idi və əhalinin ən çox savadsız hissəsi qadınlar idi. Konvensiyanın 28-29-cu maddələrində bütün uşaqların təhsil alma hüququ öz əksini tapır və bu təhsilin məzmunu da tam həcmdə şəxsiyyətin inkişafına yönəlməlidir. Bu sahədə uşağın qabiliyyətləri, əqli və fiziki imkanları nəzərə alınmalıdır. Lakin bir çox ölkələrdə təhsilə maraq göstərənlər arasında qızların azlıq təşkil etdiyi faktdır. Adətən qızlar oğlanlardan gec təhsilə maraq göstərirlər və onlardan tez təhsili yarımçıq bitirmiş olurlar. Bu cür vəziyyətə yoxsulluq, erkən nikahlar, yüksək təhsil haqqı, məktəblərin evlərdən uzaqda yerləşməsi, valideynlərə ev işləri və kənd təsərrüfatının aparılmasına yardım etmək və s. səbəb ola bilər. Buna görə də konvensiyanın qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında 10-cu maddəsi - iştirakçı dövlətləri təhsil sahəsində qadınlara kişilərlə bərabər hüquqlar təmin etməyə məcbur edir və məktəb bitirməyən qızların sayının azaldılmasının zəruriliyini xüsusi qeyd edir, məktəbi vaxtından əvvəl tərk etmiş, natamam təhsilli qızlar və qadınlar üçün xüsusi proqramların hazırlanması və həyata keçirilməsi məsələsini önə çəkir. Həmin maddədə təhsildə kişi və qadınlara ixtisas və peşə seçimində bərabər hüquqların verilməsi məsələsi də qeyd edilir. Bu cür tələblərin irəli sürülməsi təsadüfi deyil. Məsələ orasındadır ki, təhsilin lazımı səviyyədə olmaması qadınların hüquqlarının və digər istiqamətlərdə məhdudlaşdırılmasına gətirib çıxarır. Azərbaycan cəmiyyətində çox vaxt qız uşaqlarının təhsilinə birmənalı yanaşılmır. Respublikanın müxtəlif bölgələrində qızların erkən nikahına üstünlük verilir. Bu hal onunla əlaqələndirilir ki, əgər onlar erkən nikaha girməsələr, gələcəkdə ailə həyatı qurmaqda müxtəlif çətinliklərlə üzləşəcəklər. Bu isə öz növbəsində qızların kütləvi surətdə təhsilə yönlənməsinə mənfi təsir göstərir. Əksər hallarda qızlar natamam orta təhsilli, və ya orta təhsilli olurlar (böyük əksəriyyət 60%-dən çox). Bunun nəticəsidir ki, respublikanın bölgələrində nikaha girənlərin yaş səviyyəsi 17-23 yaş arası xüsusilə üstünlük təşkil edir. Bu yaşı ötüb keçənlər isə el sözü ilə desək, "evdə qalmış” kimi qəbul edilirlər. Regionlardan fərqli olaraq Bakı və digər iri şəhərlərdə isə qızların təhsilə (xüsusilə ali təhsilə) meylli olması onların nikah yaşını bir az artırır. Bu təhsillilərin içərisində karyera arxasınca gedənlərin kifayət qədər çox olmasını da nəzərə alsaq, nəticədə nikah yaşı 25-30 və daha artıq həddə gəlib çatır.
Bir çox cahil insanların fikrincə, dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. “Qurani - Kərim”də buyrulur: “Heç, bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz (s.a.v) də “Beşikdən məzaradək elm öyrənin” buyurub. Yəni, qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir. Gəlin birlikdə aydınlıq gətirək: ilk öncə, təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə mahiyyət etibarı ilə həm də anadır. “Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər? Təbii ki, ailə institutumuza söykənən qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru-dürüst övladlar yetişdirməkdə təbii olaraq digərindən fərqlənəcək.
Cəmiyyətdə qadınların zəif, qorxaq, arzu və istəklərinin yalnız ailə və uşaqlar olması, onlara, ailəyə yaxın qohumlara qulluq etmək arzusu haqqında bir çox stereotiplər formalaşıb. Lakin ölkəmizdə bunun heç də belə olmadığı haqqında kifayət qədər nümunələr var ki, bunlar qadınların idarəetmə orqanlarında kişilərlə bərabər vəzifələr tutması, siyasi-iqtisadi sahədə qadınların bir çox rəhbər vəzifələrdə çalışması, ölkəmizi xaricdə təmsil etməsi və s. bunu deməyə əsas verir. Qadınlar sübut edirlər ki, onlar nəinki işdə uğurlu ola bilirlər, eləcə də evdə, ev işlərində də öz vəzifələrini axsatmır, layiqincə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlirlər. Hətta kişilərdən daha ağır şərtlərlə. Çünki əgər kişilər yalnız işlədiyi müəssisədə fəaliyyət göstərməklə kifayətlənirlərsə, qadınların fəaliyyəti bəzən gün ərzində 16-17 saata qədər uzanır. Yəni, səhər həyat yoldaşı və övladlarından öncə oyanmaq, onlara yemək hazırlamaq, daha sonra onları müvafiq olaraq işə, məktəbə yola salmaq, işə getmək, işdən gəlib ev işləri ilə məşğul olmaq etiraf edək ki, fiziki cəhətdən çox ağır bir proses olsa da qadınlar bunun öhdəsindən gələ bilirlər.
Çox təəssüflə qeyd edirəm ki, cəmiyyətimizdə bu istiqamətdə bir çox neqativ hallar mövcuddur, lakin hazırki hakimiyyət bu halların qarşısını almaq üçün yetərincə fəaliyyət göstərə bilmir. Əgər XXI əsrdə hüquqi bir cəmiyyətdə hələ də savadsız, şiddətə, zorakılığa məruz qalan qadınlar varsa, onlara yardım etmək iqtidarın ən ümdə vəzifəsidir. Hakimiyyətə iddialı bir partiya olaraq Ümid Partiyası bir çox istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də bir çox işlər görməyi planlayıb: ailənin sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyə olunması və təhsili müvafiq qurumlar tərəfindən sistemli, ardıcıl proqramla qorunacaq və nəzarət ediləcək; ailədə milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, azad, şəxsiyyət formalaşdıran mühitin saxlanılması təşviq ediləcək; xüsusilə qız uşaqlarına yönəlik siyasətdə təşviqçilik artırılacaq, təhsildən kənarlaşdırma siyasəti əngəllənəcək; qız uşaqlarının vaxtından əvvəl ərə verilməsinə qarşı xüsusi siyasət müəyyənləşdiriləcək, maariflənmə işi həyata keçiriləcək, uşaq zorakılığını əngəlləmək üçün vətəndaş cəmiyyətlərinə xüsusi dövlət dəstəyi həyata keçiriləcək, ictimai nəzarət mexanizminin imkanlarından yararlanacaq, qaynar xətlər təşkil ediləcək, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyətlərinin işi əlaqələndiriləcək; xüsusi internat məktəblərində yerləşdirilmiş uşaqların peşə seçimi, təhsil imkanları dövlət tərəfindən diqqətdə saxlanılacaq, onların gələcək həyatı təminat altında olacaq, gənclik şəhərciklərində mənzillə təmin olunub cəmiyyətin tam hüquqlu vətəndaşı olmaları üçün imkanlar yaradılacaq; dövlət və özəl sektorda qadınların işlə təmin edilməsi və cəmiyyətin tam hüquqlu üzvləri kimi fəaliyyət göstərmələri üçün gender bərabərliyi qoruyan işçi sayı faizlə müəyyən ediləcək və s. Ümid Partiyasının ailə, qadın, uşaq və gender bərabərliyi məsələləri üzrə proqramına daxil olan yuxarıda sadalanan və digər məsələləri, xüsusilə, Pekin konfransında qərara alınan bütün məsələləri həyata keçirə, vətəndaşlarımıza xidmət edə bilmək üçün Ümidi iqtidar edin!

İlahə Sadıqova
Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin,
“Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant

İlahə Sadıqova: “Təhsil almaq insanların təməl hüquqlarından biridir”

  • 19-12-2020, 00:10
  • 613


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İsa Həbibbəyli vəzifədən azad edilməsinə münasibət bildirdi
  2. “Sülh və qlobal atəşkəsə aparan yolumuzda iki əsas çətinlik var” –BMT-nin Baş katibi
  3. Vilayət Eyvazovdan yeni TƏYİNAT
  4. General Hikmət Abbasovun "yeni bazarı"- Kəmaləddin Heydərovun xəbəri varmi?
  5. Xankəndi yaxınlığında yenə atışma oldu...
  6. "Paşinyan diz çökmüş bir liderdir və masada bərabər münasibətləri olmayanlarla oturmuşdu"
  7. 11 yanvar eposu və ənənəvi biganəlik – RÜFƏT MURADLI
  8. Polis əməliyyat keçirdi - Saxlanılanlar var
  9. Rusiyada baş vermiş güclü yanğın zamanı 8 nəfər ölüb, 90 sakin təxliyyə olunub
  10. Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI