Putin Lukaşenkoya tam dəstək vəd edib - "Belarus heç də təkcə yaxşı qonşu deyil..."

834 2-07-2021, 13:27 dunya

Putin Lukaşenkoya tam dəstək vəd edib - "Belarus heç də təkcə yaxşı qonşu deyil..."Rusiya prezidenti Vladimir Putin Belarusun getdikcə artan beynəlxalq təzyiq altında olan avtoritar başçısı Alyaksandr Lukaşenkoya hərtərəfli dəstək verəcəyini bəyan edib.

Rusiya regionlarının iyulun 1-də keçirilən 8-ci forumunda Putin deyib: "Biz qardaş Belarus xalqına hazırkı siyasi situasiyada hərtərəfli yardım göstərməkdə davam edəcəyik. Belarus heç də təkcə yaxşı qonşu deyil, o bizim ilk və əzəli, ən yaxın müttəfiqimizdir”.

Putin daha sonra deyib ki, Moskva Belaruslu dostlara, onların Avropa İttifaqının bu yaxınlarda qoyduğu sanksiyalara müqavimətinə dəstək verməkdə davam edəcək. Bu foruma qatılan Lukaşenko da deyib ki, Belarus və Rusiya ölkələrimizə qarşı edilən hücumları birlikdə dəf edəcəklər: “Biz bu andan iqtisadi əməkdaşlığımızı gücləndirmək və ölkələrimizi tam müstəqil etmək üçün faydalanmalıyıq”.

Xatırladaq ki, Avropa İttifaqı, ABŞ, Kanada və Britaniya ötənilki seçkinin ardınca müxalifətə divan tutduğuna görə Lukaşenkanın rejiminə ağır sanksiyalar qoyub. Belarus müxalifəti və Qərb Lukaşenkanın 2020-ci il seçkisini saxtalaşdırdığını deyir, seçki nəticələrini və onun özünün legitimliyini tanımaqdan imtina edir.

Belarusa qarşı təzyiqlər mayın 23-də "Ryanair" aviaşirkətinin sərnişin təyyarəsi məcburən Minskə endirildikdən və təyyarədəki müxalifət jurnalisti Raman Prataseviç və onun sevgilisi Sofya Sapeqa həbs ediləndən bəri ən yüksək həddinə çatıb. Qərb təyyarənin zorla endirilməsini “dövlət səviyyəsində girovçuluq” adlandırıb.

Buna cavab olaraq Avropa İttifaqı ötən həftə Lukaşenka rejiminə xarici valyuta gəliri gətirən sahələrin üzərinə sanksiyalar qoyub. Minsk buna cavab olaraq Avropa İttifaqındakı daimi nümayəndəsini “məsləhətləşməlıər” üçün geri çağırıb və Şərq Tərəfdaşlığı proqramındakı iştirakını dayandırdığını deyib.

Rusiyanın özü də 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Qərbin ağır sanksiyaları altındadır.

Rusiya və Belarus arasında ittifaq müqaviləsi bağlansa da, bu razılaşma 20 ildir ki, kağız üzərində qalıb. Müqaviləyə görə Belarus və Rusiya vahid dövlətdə birləşməlidirlər. Putin son illərdə daha dərin inteqrasiyaya getməsi üçün Lukaşenkoya təzyiq göstərirdi.

Lukaşenka bu təzyiqləri daim dəf edib. Lakin 2020-ci ilin yayından ona qarşı başlanan kütləvi etiraz aksiyaları, indi isə nazirindən tutmuş ailə üzvlərinədək qoyulmuş Avropa sanksiyaları onu indilik Rusiyaya sığınmağa məcbur edib. (azadliq.org)

XƏBƏR LENTİ