OPERATİV QƏRARGAHDA QAPANMALAR MÜZAKİRƏ EDİLİR - Karantin rejimi sərtləşdirilir? (Yenilənib)

593 9-08-2021, 15:08 cemiyyet

OPERATİV QƏRARGAHDA QAPANMALAR MÜZAKİRƏ EDİLİR - Karantin rejimi sərtləşdirilir? (Yenilənib)Azərbaycanda son günlər ərzində koronavirusa yoluxmada ciddi artım qeydə alınıb.

Oxu.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahda karantin rejiminin sərtləşdirilməsi üçün müzakirələrə başlanılıb.

Qeyd edək ki, bu ilin avqust ayının 1-də Azərbaycan ərazisində koronavirusa yoluxma sayı 671 nəfər qeydə alınıb. Artıq ayın 8-də isə bu göstərici iki dəfəyə yaxın artaraq 1220 nəfər olub.

Son statistikaya görə, Azərbaycanda indiyədək ümumilikdə 351 825 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 335 025 nəfər müalicə olunaraq sağalıb, 5 063 nəfər vəfat edib, aktiv xəstə sayı isə 11 737 nəfərdir.

Xəstəlik yayılan ilk gündən Azərbaycan hökuməti insanların sağlamlığı üçün addımlar atdı, ölkədə xüsusi karantin rejimini tətbiq etdi. Buna baxmayaraq koronavirusla mübarizədə bütün ümidlər vaksinasiya ilə əlaqəlidir.

İndiyə kimi peyvənd olanlar arasında hər hansı ciddi bir vəziyyət və yaxud şikayət olunmayıb. Unutmamalıyıq ki, peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Yoluxma ilə bağlı sutkalıq statistikaya nəzər saldıqda rəqəmlərin 1000-i keçdiyini müşahidə edirik.

Kliniki Tibbi Mərkəzin koronaviruslu xəstələrin müalicəsi şöbəsinin rəhbəri, həkim-infeksionist Fərrux Sədirov Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün koronavirusun “Delta” ştammı dünyada yeni dalğalara səbəb olur: “Bu ştamm daha sürətli yayılma potensialına malikdir. Bu da yoluxma sayının artmasında müəyyən qədər rol oynayır. “Delta” ştammının daha çox yoluxdurucu olduğunu nəzərə alsaq, rəqəmlərdə artım ehtimalı var”.

O qeyd edib ki, karantinlə bağlı yumşalmalardan sonra koronavirusa yoluxma sayında artım olub: “Gözlədiyimiz kimi, yoluxma sayında kəskin artım müşahidə edilməsə də müəyyən qədər yüksəliş var”.

Həkim insanlara evdə özlərini müalicə etməmələri üçün çağırış edib: “Özünümüalicə yüngün və ağır fəsadlarla nəticələnə bilər. COVID-19-un müalicəsində xəstəliyi tam olaraq sağaldan bir dərman yoxdur. Bu günə kimi tətbiq olunan müalicə sırf dəstək üçündür. Müalicəsi olmayan bir virus, əldə olan effektsiz dərmanlar və evdə özünü müalicə edən xəstələr.

Bunun sonu fəlakət ola bilər. Çox sayda dərmanın qəbul edilməsi xəstənin sağalmasının qarşısını alır. İnsanlar bu xəstəliyin müalicəsində həkim göstərişi ilə hərəkət etməldirlər”.

Mütəxəssislərin sözlərinə görə, bu xəstəliyin tək çarəsi vaksinasiya prosesidir. Əksər ölkələr bu xəstəlikdən qurtulmaq üçün əhalinin peyvəndlənməsinə başlayıblar.

Azərbaycan da vətəndaşların peyvəndlənməsi üçün bütün addımları atıb.

2021-ci ilin yanvarın 18-dən etibarən ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesi başlayıb.

Son statistikaya görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 418 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 160 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 257 759 nəfər təşkil edir.

Fərrux Sədirov qeyd edib ki, peyvənd olunmuş şəxslər arasında təkrar yoluxanların sayı çox azdır.

Qeyd edək ki, son günlər reanimasiyada olan xəstələrin sayı artır. Qonşu ölkələrdə də koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. Azərbaycanda da payız aylarında yoluxma hallarının artması qaçılmazdır. Yuxarıda məlumat verdiyimiz kimi, bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargahda artıq qapanmalara getmək barədə müzakirələr başlanılıb.

Nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir. Əgər əhalinin vaksinasiyası yetərli sayda olsa, artımın qarşısı müəyyən qədər alına bilər.

XƏBƏR LENTİ