Rusiya hərbçiləri Laçın-Şuşa yolundakı kənddən erməni silahlılarını çıxardı, amma?..

653 18-08-2021, 09:21 cemiyyet

Rusiya hərbçiləri Laçın-Şuşa yolundakı kənddən erməni silahlılarını çıxardı, amma?..“Əgər Azərbaycan tərəfindən mövqelərini Salatınkənd yaxınlığından 3 km də uzağa çəkmələri istənilirsə, belə çıxır ki, “Laçın dəhlizi”nin ərazisi tədricən genişləndirilir?..”

“Kəndin müdafiəsi indi rus sülhməramlılarına verilib. Amma hərbçilərimizin gedişindən sonra ruslar bir saat qaldılar, bayraqlarını sancıb getdilər. Kənd hazırda müdafiəsizdir”.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediasına Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülhməramlı sayılan kontingentinin nəzarətində qalmış, ermənilər tərəfindən “Yektsaox” adlandırılan Salatınkənd kəndinin qanunsuz “icma başçısı” Artak Akopyan məlumat çatdırıb.

A.Akopyanın sözlərinə görə, avqustun 16-da Salatınkənddəki qanunsuz erməni silahlıları Rusiya sülhməramlılarının iştirakı ilə mövqelərindən uzaqlaşdırılıb. Rus hərbçilər ermənilərə kənddə patrul xidməti aparacaqlarını bildiriblər.

“Bu o deməkdir ki, ruslar kənddə sutka boyu növbətçilik etməyəcək. Biz növbətçiliyin gecə -gündüz olmasını istədik, amma hazırda heç bir məlumat yoxdur" –deyə qanunsuz erməni kənd başçısı “narahatlığı”nı ifadə edib.

Erməni müxbirin qondarma “müdafiə ordusu” hərbçilərinin mövqelərindən niyə uzaqlaşdırılmaları haqda sualına isə A.Akopyan belə cavab verib:

“Bizə məlumat verildi ki, iki tərəf arasında Azərbaycan ordusunun mövqelərindən 3 km geri çəkilməsi, Ermənistan tərəfinin isə hərbçilərimizi çıxarması və sərhədi rus sülhməramlılarının qoruması barədə razılaşma var”.

O, hazırda Azərbaycan ordusunun öz mövqelərində səngər qazdığını iddia edib:
“Üstəlik, Azərbaycan tərəfi hazırda səngərlər qazır. Bir saat öncə mühəndislik işləri görürdülər”.

Artak Akopyan qeyd edib ki, kəndin yaşayış evləri ilə Azərbaycan mövqeləri arasındakı məsafə 3 km-dir.

Saxta “mer”in sözlərinə görə, hazırda Salatınkənddə 140 nəfər, yaxud 45 erməni ailəsi var. Və onlar 44 günlük müharibə zamanı da kəndi tərk etməyiblər.

Xatırladaq ki, avqustun 11-də Rusiya MN-in rəsmi saytı guya Azərbaycan ordusunun Şuşa rayonunun Salatınkənd kəndinin “2 kilometr şimal-qərbindəki müşahidə məntəqəsi ərazisindəki erməni mövqelərinə zərbə tipli kvadrokopterlərdən istifadə edərək iki zərbə endirməsi” haqda məlumat yaymışdı. Moderator.az xəbərə şərhində “10 Noyabr üçtərəfli razılaşmasına görə, Laçın-Şuşa-Xankəndi yolundan hər iki tərəfə hava ilə 2,5 km məsafədəki ərazi Rusiya sülhməramlı(!) hərbi kontingentinin məsuliyyət zonasıdır. Bəs o halda necə olur ki, demək olar ki, Laçın-Şuşa yolunun üzərində yerləşən Salatınkənddən 2 km məsafədə erməni silahlı birləşmələri yerləşir?” sualını vermişdi. Eyni zamanda Rusiya tərəfinə 30 il öncə sözügedən kənd ərazisində erməni terrorçularının Azərbaycan jurnalisti Salatın Əsgərova ilə yanaşı, rus podpolkovnik, mayor və əsgəri öldürməsini xatırlatmışdı(bax:
//moderator.az/kse/389635/rusiya-unutma-ki-o-kendde-ermeni-terrorcular-rus-podpolkovnik-mayor-ve-esgeri-ldrb/ )...

Zəruri sual:

Əgər Rusiya hərbi kontingenti Azərbaycan tərəfindən, demək olar ki, Laçın-Şuşa yolunun üzərində yerləşən Salatınkənd yaxınlığındakı mövqelərini daha 3 km uzağa çəkmələrini istəyirsə, belə çıxır ki, “Laçın dəhlizi”nin ərazisi tədricən genişləndirilir?..

Güman edirik ki, Azərbaycan Müdafiə Nazirliyi tezliklə məsələyə aydınlıq gətirəcək...

Sultan Laçın

XƏBƏR LENTİ