Uzaqlaşdıqca yaxınlaşan millət sevgilisi..

1 218 22-08-2021, 20:14 siyaset / gundem

Uzaqlaşdıqca yaxınlaşan millət sevgilisi..
Təəssüf, amansız ölüm onu bizdən aldı. Vaxsız gələn vəfatı onun milləti üçün, dövləti üçün görəcəyi işləri yarımçıq qoydu. Yaşasaydı bəlkə də indi hər şey dəyişmişdi, bambaşqa idi. “Mən yenidən prezdent olacam, görəcəyim işlər var”- demişdi. Bəlkə də Elçibəyi aparmaqla Tanrı sevdiklərini ona xəyanət etdiyinə, ona daş atdığına, onu anlaya bilmədiklərinə görə cəzalandırdı. Fəqət o, ölümü ilə Tanrının ona bəxş etdiyi ən yüksək zirvəyə yüksəldi, axtardığı haqqa qovuşdu.
Prezident olduğu qısa müddətdə dövlətçilik üçün çox böyük işlərə imza atdı, yenicə müstəqilliyini bərpa etmiş və müharibə şəraitində olan Azərbaycanın milli atributlarını yaratdı. Rus qoşunlarını Azərbaycan ərazisindən qovdu ki, buna necə nail olduğu hələ də çoxları üçün sirr olaraq qalır.
Hakimiyyət anti milli, qeyri demokratik qüvvələrin əlindən almaq, xalqı zülmdən qurtarmaq, Qarabağı düşmən tapdağından azad etmək, müharibəni qələbə ilə bitirmək, qonşu dövlətlərin Azərbaycana qarşı məkrli siyasətinə son qoymaq, İran fars rejiminin əsarətində olan Cənubdakı soydaşlarımızı azadlığına qovuşdurmaq, Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək, Təbrizə getmək, Savalanı ziyarət etmək, Türk dövlətlər Birliyinin Parlamentini yaratmaq onun ən böyük ideyalarından idi. Həmin dövrdə bunları dilə gətirmək bir prezident kimi cəsarət tələb edirdi və Elçibəy bunları çəkinmədən dilə gətirirdi.
Cəsarətdən söhbət düşmüşkən, bəzi bədxahların onu cəsarətsizlikdə suçlamasına cavab olsun deyə xatırlatmaq istəyirəm ki, hakimiyyəti dövründə Azərbaycanın şimalda sərhədi pozan rus gəmilərini həbs etmək göstərişi verdi və həbs etdirdi. Rusiyanın prezidenti Boris Yelçinin xahişindən sonra onları qaytardı. Halbuki, son illərdə İran islam Respublikasının təyyarələri dəfələrlə hava məkanımızda sərhədləri pozub və bu indiki hakimiyyət tərəfindən sükutla qarşılanıb.
Bütöv Azərbaycan məsələsini dilə gətirərkən, Rusiyaya qarşı eynihüquqlu, iki müstəqil dövlət kimi iqtisadi əməkdaşlıq təklif edərkən, Avropaya qarşılıqlı əməkdaşlıq siyasəti yürüdərkən “Elçibəy bizi qonşu dövlətlərlə düşmən edir” deyən partnomenklaturanın tör-töküntüləri indi Azərbaycanı nəinki qonşu dövlətlərlə, az qala bütün dünya ilə düşmənə çevirən xarici siyasət yürüdürlər.
Partnomenkulaturanın tör- töküntüləri dərk edə bilmədilər ki, 70 il sovetlər dövründə apardıqları saxta əks təbliğatla, yazdırdıqları saxta tarixlərlə şərqdə ilk demokratik cumhuriyyətin banisi Məhəmmədəmin Rəsulzadəni yaddaşlardan, tarixdən silə bilməyiblərsə, deməli, Ə. Elçibəyi də tarixdən silmək mümkün olmayacaq. Kommunistlərin dəyişmiş siması olan “Yeni Azərbaycanlılar” hakimiyyətdə olduqları müddətdə dövlətin milyardlarla pulunu xərcləyərək, bir qara qəpiyə dəyməyən qalaq-qalaq Heydərizmlə bağlı kitablar yazdırdılar, Azərbaycanda və Azərbaycanın hüdudlarından kənarda liderlərinə heykəllər qoydurdular, onun adına parklar saldırdılar, saxta tarix yazdırdılar, amma onların etdikləri zaman keçdikcə sabun köpüyü kimi çəkilib yox olmaqdadır. Onlar yox olduqca Azərbaycanın ən son tarixindəki həqiqətlər üzə çıxır. Hələ də qədim tarixin qul psixologiyası ilə yaşayan hakimiyyət nümayəndələri tarixin onu saxtalaşdıranlara qarşı amansız olduğunu, tarixi saxtalaşdıranların, əlehinə gedənlərin, çarxına dolaşmaq istəyənlərin elə tarixin öz çarxı altında qalaraq məhv olacaqlarını anlamırlar. Elçibəy isə öz böyüklüyü ilə, millətə sevgisi, xalqa mərhəmətilə milyonların qəlbində yuva saldı, milyonların zehniyətində qalaq-qalaq kitablar yazdı. Bu gün hər kəs tərəddüdsüz Ə. Elçibəyi türk dünyasının böyük liderlərindən biri kimi tanıyır, ona hörmətlə yanaşır, kitablar yazır, onun haqqında araşdırmalar aparırlar. Həmçinin H. Əliyev haqında yazılanlar sifarişlə və milyonlarlın xərclənməsi nəticəsində baş verirsə, Ə, Elçibəy irsinin, siyasi xəttinin araşdırılması təmənnasız onu sevənlər tərəfindən könüllü olaraq aparılır.
Elçibəy böyük elm adamı, filosof, uzaqgörən siyasətçi idi. Onun bütün söylədiyi fikirlərdə böyük fəlsəfə var və bunu araşdıranlar çox gözəl bilir.
Siyasi xadim olmaqla bərabər Elçibəy yaxşı insan, yaxşı alimdir, amma ondan siyasətçi olmaz deyənlərə, siyasətdə əxlaq olmaz deyənlərə əxlaqlı siyasətin nə olduğunu göstərdi. Sübut etdi ki, əxlaqlı siyasət aparmaqla da siyasətin ən yüksək pilləsinə yüksəlmək olar. O, öz böyüklüyü, uzaqgörənliyi ilə sübut etdi ki, məqsədə çatmaq üçün bütün vasitələr məqbul sayıla bilməz.
Elçibəyin qansız- qadasız, qardaş qırğını törətmədən hakimiyyətdən getməsi, onun dövlətinə, millətinə nə qədər vurğun olduğunu, dövlətin mənafeyini hər şeydən üstün tutduğunu göstərdi. O, bununla ən böyük istefa mədəniyyətinə malik olduğunu sübut etdi və Şərq tarixində nadir rast gəlinən istefa mədəniyyətinin nümunəsini qoydu.
Elçibəy ziyalı olduğu üçün, ölkənin inkşafını, ölkənin gələcəyini elmin inkşafında, ziyalılarda görürdü. Bu üzdən hakimiyyətdə olduğu qısa müddətdə elmin, təhsilin inkşafına, müəllimlərin, həkimlərin, ziyalıların qayğısına, onların ehtiyaclarına xüsusi diqqət yetirirdi. Tez bir zamanda adı çəkilən zümrənin şagirdlərinin, tələbələrinin , xəstələrinin əlinə baxmasınlar, rüşvət almasınlar deyə əməkhaqlarını bir neçə dəfə artırdı. Təhsildə rüşvətin qrşısını almaq üçün qəbul imtahanlarını testlə götürülməsi üçün fərman verdi.
Bu gün onun haqqında düşmənləri belə neqativ danışa bilmirlər. YAP-çılar belə onun böyük alim, təmiz insan, vətənpərvər, dövlətini, milətini sevən bir ziyalı olduğunu etiraf edirlər. Basqılara, məhrumiyyətlərə, təzyiqlərə, təqiblərə, həbslərə, rejimin sərtliyinə baxmayaraq gənc nəsil Ə. Elçibəyi öyrənir, onun ideyaları uğrunda mübarizəyə qoşulur. Bu bir daha Elçibəyin böyüklüyünü sübut edir.

Elman Abbasov
16 aprel 2014

Moderator.az

XƏBƏR LENTİ