Naməlum şəhid məzarlarından götürülən nümunələrin ekspertizası aparılır - RƏSMİ

548 6-09-2021, 12:28 cemiyyet

Naməlum şəhid məzarlarından götürülən nümunələrin ekspertizası aparılır - RƏSMİ“Birinci Şəhidlər xiyabanında 23, İkinci Şəhidlər xiyabanında 9 olmaqla, ümumilikdə 32 naməlum qəbr açılıb”.

Bu barədə Modern.az-a Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov bildirib.


S.Həsənov deyib ki, xidmətin işi qəbrlərin ekshumasiyası, oradan nümunələrin götürülməsi və yenidən qapadılmasından ibarət olub:

“Qalan bütün işlər aidiyyatı qurumlar tərəfindən həyata keçirilir”.

Məsələ ilə bağlı Baş Prokurorluqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda naməlum qəbrlərdən götürülən nümunələrin ekspertizası aparılır:

“Bunun üçün prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Nümunələrin qarşılaşdırılması üçün itkin ailələrindən də DNT nümunələri götürülüb”.

Ekspertizaya cəlb olunmuş qurumlar və ya ölkələrə gəlincə, Baş Prokurorluq bunun istintaq sirri olduğunu bəyan edib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib.

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bir neçə il əvvəl gələcəkdə eksqumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülüb. DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

Xeberdar.net

XƏBƏR LENTİ