Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? - mütəxəssis açıqladı

554 14-10-2021, 11:06 cemiyyet

Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? - mütəxəssis açıqladıŞair Ramaldanov: “Bu, illərlə çəkən prosesdir, amma beynəlxalq qiymətləndirməyə görə, bu qədər ərazinin belə sürətlə minadan təmizlənməsi ”Ginnesin rekordlar kitabı"na düşə biləcək hadisədir..."
Böyük Zəfərimizin ildönümünə sayılı həftələr qaldı. Biz düşməni yendik, amma mina sahələrinə hələ “qalib gələ” bilməmişik.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 10 noyabr 2020-ci il tarixindən 2 oktyabr 2021-ci il tarixinədək Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərində 5,5 min hektardan çox ərazini təmizləyib. 9835 piyada əleyhinə mina, 4175 tank əleyhinə mina, həmçinin 11062 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Azərbaycanın 150 hərbi və mülki şəxsi yaralanıb və ya həlak olub. Bəs bizə daha neçə il lazım olacaq? Minalar “Böyük Qayıdış”a nə dərəcədə əngəl yaradacaq?

Qarabağ münaqişəsi ərazilərinin minalardan təmizlənməsi üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində Böyük Britaniya 500 min funt sterlinq ayırıb, daha 1 milyon funt isə Qızıl Xaç xətti ilə zərərçəkənlərə yardım üçün ayrılıb, bu ölkənin səfiri Ceyms Şarp bildirib. Bundan öncə Böyük Britaniya Ermənistan və Azərbaycanı Ottava Konvensiyasını imzalamağa çağırıb. Konvensiya bütün dünyada minaların tətbiqinin qadağan edilməsini nəzərdə tutur.

Fransa səfiri Zakari Qross də bildirib ki, Avropa İttifaqı bu məsələdə iştirak etmək istəyir. Zərərçəkənlərə humanitar yardım kimi 500 min avronun verilməsi üçün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə memorandum imzalanacaq. Bu yardım 2021-ci il üçün nəzərdə tutulub və gələn il də davam etdiriləcək. Avqustda isə mina axtarışı üçün xüsusi təlim keçmiş 10 it verib. 2023-cü ilin iyuluna qədər Marşall İnstitutu Azərbaycana təmənnasız olaraq daha 30 minaaxtaran it verməyi planlaşdırır. Minalardan təmizləmə prosesində Slovakiyanın Bozena-5 radioidarəolunan maşınlarından uğurla da istifadə olunur. Ən əsası, təbii ki, Azərbaycan dövləti problemin həlli üçün addımlar atır. Müharibənin bitməsindən sonra hökumət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 60 milyon dollar ayırıb. Bəs işlərin intensivliyi hansı səviyyədədir? Bizə nə qədər zaman lazım olacaq?

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, bu, illər çəkən prosesdir, azad edilən yerlər böyük ərazidir, Ermənistan tərəfindən verilən mina xəritələrinin də cəmi 25 faizi dəqiqdir, onlardan çox faydalana bilmirik. “Ona görə öz gücümüzlə minaları təmizləməyə çalışırıq. Bildiyim qədər Türkiyədən məsafədən idarəolunan maşınlar gətirilib, Çexiyadan da maşınlar almışıq. Həmçinin Türkiyə, Rusiya nümayəndələri minatəmizləmədə iştirak edirlər. Eyni zamanda müəyyən təkliflər də var, biz hər bir köməyə şadıq, amma dəstəyin də bəzi şərtləri var deyə götür-qoy etməli oluruq”, - deyə polkovnik vurğuladı.

Ş.Ramaldanov qeyd etdi ki, hazırda beynəlxalq qiymətləndirməyə görə, bu qədər ərazinin belə sürətlə minadan təmizlənməsi “Ginnesin rekordlar kitabı”na düşə biləcək hadisədir: “Üstəlik, vəsait aparan işdir. Bir minanın təmizlənməsi 300 dollara başa gəlir, ona görə ağır prosesdir. Nəzərə alaq ki, 30 il ərzində təkcə təmas xətti minalanmayıb, I Qarabağ savaşını da hesablamalıyıq, demək olar ki, bütün işğal olunmuş ərazilər özündə mina təhlükəsini saxlayır. Azərbaycan əsasən kommunikasiyaların keçdiyi sahələri, kənd təsərrüfatı təyinatlı sahələri minalardan təmizləyib. Düşünmürəm ki, Zəfər Gününə qədər bu işlər yekunlaşar, amma zəfərə qədər çox sürətli iş aparılır deməliyik. Bu, beynəlxalq konvensiyaya qoşulan ölkələrin və mütəxəssislərin verdiyi qiymətdir”.
Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? - mütəxəssis açıqladı
Şair Ramaldanov

Ramaldanov hesab edir ki, ərazilərin minalardan tam təmizlənməsi illər çəkəcək: “Hətta faşizmlə mübarizədən 70 il keçir, yenə də hansısa sursat tapılıb zərərsizləşdirilir. Hazırda Şuşaya gedən yol işləkdir, Zəngilan yolunun çəkilməsi üçün səylər göstərilir, Füzulidə hava limanının təhlükəsizliyi təmin olunub. Ona görə düşünürəm ki, hələ məhdudiyyətlər olacaq, istənilən yerə gedə bilməyəcəyik, postlar çox olacaq, müəyyən qadağa işarələri qoyulacaq ki, bu da bir ilin işi deyil. Biz əsas yerləri təmizləyə, iri şəhərlərdə infrastrukturun bərpasına, insanların qayıdışına nail olmaq istiqamətində addımlar atırıq. İnsanlar mütəmadi qayıdacaq, infrastruktur planlı bərpa ediləcək, amma qadağan olunan sahələr qalacaq, işarələrlə göstəriləcək, çünki minaların tam təmizlənməsinə illər lazımdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

XƏBƏR LENTİ