Paşinyan Moskva görüşündən əvvəl istefa verə bilərmi?

609 26-10-2021, 16:58 dunya

Paşinyan Moskva görüşündən əvvəl istefa verə bilərmi?10 noyabrda Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gözlənilən görüşü və burada bir neçə sənədin imzalanacağı barədə proqnozlar verilir. Gözlənilən görüş Ermənistanda faktiki gərginlik yaradıb. Ermənistan siyasi qüvvələri və əksər media nümayəndələri, imzalanmağı ehtimal olunan sənədi 10 noyabr 2020 il üçtərəfli razılaşmanın davamı kimi dəyərləndirib, bunu başlanan kapitulyasiyanın yekunu kimi təqdim edirlər. Putinin Valday klubunda sovet xəritələri əsasında sərhədlərin müəyyənləşdirilməsi barədə dedikləri və imzalanacaq sənəddə öz əksini tapacağı xüsusi narahatçılıq yaradıb və buna görə də parlamentin müxalif fraksiyası erməni cəmiyyətini fasiləsiz mitinqlərə səsləyir. Siyasi qüvvəllərin əksəriyyəti şərhlərində çağırışlar edirlər ki, ya hakimiyyət belə bir sənədi imzalamaqdan imtina etməli, ya da ölkədə nəhəng etiraz dalğası başlanmalıdır ki, bu sənədin imzalanması baş tutmasın. Və guya bu dalğa Ermənistan hakimiyyətinə imkan verəcək ki, cəmiyyətin etirazına əsaslanaraq sənədi imzalamaqdan imtina etsin. Yəni, hakimiyyət rəsmi imzalamadan imtina edə bilmir, əvəzində cəmiyyətin etirazını əsas gətirərək zamanı uzadacaq. Amma, Paşinyanın belə bir addım atmayacağını, belə bir sənədin yalnız hakimiyyət dəyişikliyi olarsa imzalanmayacağının mümkünlüyünü vurğulayaraq bu mövqeyə gələnlər özləri etiraf edirlər ki, ölkə müxalifətinin belə bir imkanları mövcud deyil və yeganə variant Paşinyanın könüllü istefasıdır. Qeyd olunanlardan aydın olur ki, belə bir yanaşma yalnız Paşinyan əleyhdarlarına məxsusdur və əsas hədəfləri yeni üçtərəfli razılaşmaya mane yox, Paşinyanı hakimiyyətdən devirməkdir.

Ermənilər sovet xəritələrinin əsasında sərhəd müəyyənləşməsini qəbul etmir və bu xəritələr əsasında delimitasiya, sonra da demarkasiya işlərinin görülməsini Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi qəbul edir və bununla da “Artsax” dedikləri keçmiş Dağlıq Qarabağı birdəfəlik itirəcəklərini vurğulayırlar. 100 il əvvəlki Kars müqaviləsi ilə müqayisə edərək, imzalanacaq bu sənədi də “Rusiya-Türkiyə tandeminin” Ermənistana qarşı yönəldiyini iddia edirlər. Hətta, sənəd imzalanarsa Paşinyanın imzasının bu sənədi legitim etməyəcəyini qeyd edən siyasətçilər, iddialarını heç bir beynəlxalq hüquqa əsaslandıra bilmirlər.

Görüş ərəfəsində yuxarıda qeyd olunan köhnə, təzə erməni iddialarının heç nəyi dəyişməyəcəyi aydın məsələdir. Sadəcə, burada bir anı xüsusi vurğulamağı məqsədəuyğun hesab edirik. İstər diaspora, istərsə də müxalifət problemin zaman məsafəsini uzatmağa çalışırlar. Onlar özləri üçün əlverişli beynəlxalq situasiyanın yaranacağını, Azərbaycan və Türkiyənin beynəlxalq təzyiqlərə məruz qalma ehtimallarını, Minsk Qrupunun yenidən dövrəyə girib nəticəsiz danışıqlara başlamasını düşünərək hansısa sənədin imzalanmasını qəbul etmək istəmirlər. Bunun üçün hətta bu sətirlər yazılarkən Ermənistan parlamenti təcili toplanaraq Azərbaycan-Ermənistan təmas xəttindəki vəziyyəti və demarkasiya məsələlərini müzakirə etməyə başlayıb. Daxili gərginliyi bəhanə gətirib Qarabağ probleminin yekun nöqtəsini qoymaqdan qorxan və bundan qaçan ermənilərin vaxt uzatma oyunlarına qəti şəkildə imkan vermək olmaz.

Oktyabrın sonlarında və Moskva görüşünə bir -iki gün qalmış Ermənistanda hansısa qarşıdurmanın yaranması tamamilə mümkündür, ona görə də ilkin mərhələdə sərhədlərin müəyyənləşməsi ilə yanaşı digər mühüm məsələyə də xüsusi diqqət ayırmaq lazımdır. Bu, “Valday” klubunda Putinuin çıxışında qarşılıqlı güzəştlər barədə fikirlərin yer alması ilə bağlıdır. Bu güzəştlərin konkret nədən ibarət olduğu tam açıqlanmır, amma çox güman ki, anklav kəndlərlə bağlıdır. Azərbaycanın güzəşt limitinin harda bitdiyi məlumdur. Torpaq güzəşti olmayacaq. Mümkündür ki, Azərbaycan Respublikasına məxsus, amma işğalda olan hansısa anklav kənd Ermənistanın bizim nəzarətdə olan yeganə kəndi ilə -Başkəndlə əvəz edilsin. Başqa kəndlərə güzəşt yalnız digər yerdən torpaq mübadiləsi ilə də hesablana bilər. Sənəd imzalanmazdan əvvəl nəyi güzəşt edib əvəzində nəyi alacağımızı cəmiyyətin bilməsi vacibdir ki, bəzi qərəzli yanaşanların manipulaysiyasına səbəb olmasın. /Moderator.az/

XƏBƏR LENTİ