Ölkədə ailə məhkəmələrinin yaradılması zərurətə çevrilib

503 20-11-2021, 11:05 cemiyyet

Ölkədə ailə məhkəmələrinin yaradılması zərurətə çevrilibHüquqşünas səbəblərdən danışdı
Bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirərkən bu funksiyanın yeni yaradılmış mediasiya orqanları tərəfindən yerinə yetiriləcəyini qeyd etmişdi.

B.Muradova bu sahədə müxtəlif ölkələrdə fərqli təcrübələrin olduğunu diqqətə çatdırmışdı: “Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda bu məsələlərdə sistemli yanaşmağa ehtiyac var. Ailə psixoloqu institutunun da formalaşmasına ehtiyac var, bu, çox vacibdir. Bu cür hadisələrin baş verməsinin əsas səbəbi məhz bu sahədə olan çatışmazlıqla bağlıdır. O cümlədən məktəb psixoloqu institutuna da geniş çərçivədə yanaşmaq lazımdır. Bu sahədə mütəxəssislər yetişdirilməlidir”.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Könül Yaqubova “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, bizdə hələ ki, ixtisaslaşmış ailə məhkəmələri yoxdur: “Ailə münasibətlərindən irəli gələn bütün növ mübahisələrə ümumi məhkəmələr baxır. Statistika onu deməyə əsas verir ki, ümumi yurisdiksiya məhkəmələrində olan işlərin 70 faiz və daha çoxu ailə mübahisələri ilə bağlıdır. Hazırda ayrıca ixtisaslaşmış ailə məhkəmələrinin yaradılması həm qanunverici orqanların, həm də bu sahə ilə bağlı ədliyyə orqanlarının gündəmindədir. Ailə mübahisələri, təkcə klassik anlamda nikahın pozulması demək deyil. Uşağın qəyyumluğu kimdə qalacaq, uşaqla ünsiyyət, aliment məsələləri, bir valideynin icazəsi olmadan digərinin uşağı xaricə aparması, ad-soyadın dəyişdirilməsi, uşağın təhsili, təlim-tərbiyəsi ilə bağlı verilən qərarlar, övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi, valideynlik hüququndan məhrum etmə və s. məsələlər də ailə mübahisələrinin mövzusudur. Əmlak məsələləri hazırda həm ailə, həm də mülki məcəllə ilə tənzimlənir. Amma təcrübədə görünən odur ki, normalar oxşardır. Rayon məhkəmələrində hakimlərin icraatında olan işlərin çoxluğunu, məhkəmələrin yüklənməsini nəzərə alsaq, görərik ki, hakim ailə mübahisəsinə lazımi zamanı və enerjini sərf edə bilmir. Gün ərzində 25-30 işə baxan hakimin fərdi yanaşma üçün zamanının olmaması təbiidir. Ailədaxili məsələlərdə ixtisaslaşmış şəxslər birmənalı şəkildə ixtisaslaşmış məhkəmələrin yaradılmasına ehtiyac olduğunu düşünürlər. O məhkəmələr ailə mübahisələri ilə tək mülki müstəvidə yox, inzibati xəta yaradan məişət zorakılığı, eyni zamanda yetkinlik yaşına çatmayan şəxslərin işləri ilə bağlı məsələlərlə məşğul olmalıdır”.
Ölkədə ailə məhkəmələrinin yaradılması zərurətə çevrilib
Hüquqşünas qonşu ölkələrin təcrübələrinə diqqət çəkib: “Rusiyada Ali Məhkəmənin tərkibində ayrıca kollegiyalar fəaliyyət göstərir: mülki, inzibati, cinayət və hərbi. 2019-cu ildən Ali Məhkəmənin tərkibində ailə məsələlərinə baxan tərkib yaradıldı. Həmin tərkib uğurla fəaliyyət göstərir. Onlar bu sistemi genişləndirmək niyyətindədirlər. Qazaxıstanda 2018-ci ildən bütün məhkəmələrin tərkibində ixtisaslaşmış məhkəmə tərkibi yaranıb. Həmçinin, Qazaxıstanda yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələr, məişət zorakılığından yaranan inzibati xətalar üzrə və eyni zamanda ailə mübahisələri işlərinə baxan məhkəmələr birləşdirilib ailə məhkəməsi yaradılıb. Eyni zamanda Böyük Britaniyada, ayrı-ayrı əyalətlərdə ailə məsələləri üzrə məhkəmələr fəaliyyət göstərir. Bu məhkəmələr daha çox uşaqlara qarşı zorakılıq məsələlərində ixtisaslaşıb”.

Hüquqşünas hesab edir ki, artıq Azərbaycanda belə məhkəmənin yaradılması zərurətdir: “Təcrübədən irəli gələn məsələləri nəzərə alaraq, düşünürəm ki, ailə məhkəmələrinin yaradılmasına ehtiyac var. Məsələn, məişət zorakılığından və ya digər səbəblərdən həyat yoldaşı ilə ayrılmaq istəyən şəxsin işinə mülki müstəvidə yanaşılır, proses rayon məhkəməsində müzakirə olunur. Lakin proses müddətində ata və ananın basqısı ilə uşaqlara kobud müdaxilənin şahidi oluruq. Bu kimi məsələlərin həlli üçün yetkinlik yaşına çatmayanlarla bağlı komissiyalar fəaliyyət göstərməlidir. Onlarla birbaşa iş aparılmalıdır. Digər tərəfdən nikahın pozulmasına ümumi məhkəmədə baxılır, amma məişət zorakılığı varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Bu zaman iş cinayət müstəvisində həll olunur. Bu da rayon məhkəməsinin ayrı tərkibinə daşınır. Belə çıxır ki, tərəflər arasında eyni münasibətlərdən irəli gələn mübahisələrə bir tərəfdə mülki kollegiya, digər tərəfdə cinayət kollegiyası baxır. Bəzi məsələlələrə hüquq-mühafizə orqanları tərəfindən inzibati xəta kimi baxılır. Üstəlik, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı işlərə yerli icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyaları baxır. Bütün bu məsələlərə vahid sistemlə baxılsa, daha operativ reaksiya və effektiv nəticə əldə olunar. Hazırda bu məsələ gündəmdədir”.

Xatırladaq ki, daha öncə Milli Məclisin deputatı Məlahət İbrahimqızı da bənzər təkliflə çıxış etmişdi. “Azərbaycanda boşanmaların sayı artır, bununla bağlı məhkəmə sistemində yeni ailə məhkəmələri yaradılmalıdı. Ölkədə boşanma halları 40%-dən yuxarıdır. Mən Azərbaycanı qardaş Türkiyə və yaxın ölkələrlə müqayisə etdikdə, müşahidə edirəm ki, ölkəmizdə boşanma sürətlə artır. Sözsüz ki, bunun kökündə müxtəlif səbəblər var, gənclərin dünyaya baxışı, iqtisadi məsələlər və sair. Hesab edirəm ki, Azərbaycanda Ailə Məhkəməsi institutu yaradılmalıdır. Hətta Rusiyanın Ali Məhkəməsi də bir neçə il bundan öncə ailə məhkəməsinin yaradılması ilə bağlı qərar qəbul edib”, deyə millət vəkili bildirmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ