Naxçıvan şəhərində yaşayış binaları, məktəb və digər dövlət müəssisələri bir neçə gündür ki, istiliksiz qalıb.

349 22-11-2021, 12:00 ---

Naxçıvan şəhərində yaşayış binaları, məktəb və digər dövlət müəssisələri bir neçə gündür ki, istiliksiz qalıb.
Buna səbəb, müvafiq binaları istiliklə təmin edən istixanalara gələn qazın kəsilməsi göstərilir. Naxçıvan Muxtar Respublikası qaz tələbatını qonşu İran vasitəsi ilə təmin edir. Bildirilir ki, İran tərəfinin bu təminatı tamamilə kəsməsi, muxtar respublikada qaz böhranına səbəb olub. Binalara, müəssisələrə və kənd evlərinə məişət qazının verilməsi isə hələlik davam etdirilir. Bunun üçün ehtiyat qaz anbarlarından istifadə olunduğu bildirilir.
Yerli sakinlər "Gündəlik Naxçıvan"a bildiriblər ki, istilik sisteminin dayanması səbəbindən qışın sərt soyuğu ilə üzbəüz qalıblar. Naxçıvan sakini Qumral Əsgərova deyir ki, istilik olmadığından, bir neçə gündür ki, evdə yorğana bürünüb otururlar:
" Neçə illərdi ki, belə bir problemlə rastlaşmırdıq. Kimin kondisioneri, elektrikli qızdırıcısı var, birtəhər ötüşür. Bizim ümidimiz qazadır, yəqin ki, tezliklə bərpa olunar. Yaxşı ki, evə gələn qazı kəsməyiblər. Çayı, yeməyi bişirmək imkanımız var. Deyirlər belə getsə, anbarda qaz azalsa, onu da kəsəcəklər. Məktəblərdə də istilik yoxdu. Nəvələrim məktəbə gedir, ora soyuq, gəlir evə bura da həmçinin. Naxçıvanın da soyuğun bilirsiz. Hələlik gecələr şaxta olur. Bir müddətdən sonra isə dözülməz soyuqlar başlayacaq. Belə davam etsə, nə edəcəyimizi bilmirik".
Naxçıvanın qazla təminatı 2006-cı ildən başlayaraq İranla svop əməliyyatı əsasında həyata keçirilir. Bu əməliyyata əsasən SOCAR Astaradan qazı İran ərazisinə ötürür, İran isə qazı Naxçıvana Culfa ərazisindən verir. Bunun üçün İran Azərbaycandan 15 faiz əməliyyat pulu alır. Muxtar Respublikanın illik qaz istehlakı ortalama 260-300 milyon kubmetrdir.
Ötən ilin sonlarında Azərbaycanla Türkiyə arasında "Türkiyədən Naxçıvana təbii qazın tədarükü"nə dair anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, İğdır vilayətindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin "BOTAŞ" şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq. Türkiyə-Naxçıvan qaz boru kəməri il ərzində 500 mln. kubmetr qaz nəql etmək imkanına malik olacaq.

Xeberdar.net

XƏBƏR LENTİ