AVROPA İTTİFAQI SEPARATÇILARA PUL VƏD EDİR - Bakının isə öz şərti var

568 22-12-2021, 20:08 cemiyyet

AVROPA İTTİFAQI SEPARATÇILARA PUL VƏD EDİR - Bakının isə öz şərti varBrüsseldə keçirilən Şərq Tərəfdaşlığı zirvə toplantısının birgə Bəyannaməsinə Azərbaycanın diqqətçəkən bir qeyd-şərti olub. Həmin qeyd-şərt birgə bəyannamənin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlıdır. Sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək.

Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Avropa İttifaqının birgə Bəyannaməsi o anlama gəlir ki, hansısa ölkədə münaqişə varsa, münaqişə bölgəsində fəaliyyət göstərən təşkilatlara yardım göstərə bilər. Məsələn, Aİ separatçı Dnestryanı bölgəyə, Abxaziyaya, eləcə də Qarabağda sülhməramlıların məsuliyyət zonasında məskunlaşmış erməni separatçılarına “humanitar və yaxud da maddi yardım” göstərir. Aydın məsələdir ki, bu maliyyə dəstəyi QHT-lərə ayrılır, onlar da sözügedən bölgələrdə separatizmi yayır, təbliğ edirlər. Azərbaycanın əlavəsi isə o deməkdir ki, mərkəzi hakimiyyətlə məsləhətləşmədən, razılaşmadan qurumun hər hansı dəstək verməsi qəbuledilməzdir. Görəsən, Qərb bu qeyd-şərtə əməl edəcəkmi? Ümumiyyətlə, xüsusilə QHT-lər vasitəsilə ayrılan böyük vəsaitlər nəyə xidmət edir? Bu dəstəklər indi yox, həmişə olub, bəs qarşısını almaq bir qeydlə mümkündürmü? Bu cür maliyyə dəstəkləri niyə Avropa üçün mühümdür? Görünür ki, AB humanitar yardım adı altında Qarabağdakı ermənilərin bölgədə mövcudluğunda maraqlıdır.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, bundan ötəri Azərbaycan qəti və prinsipial mövqe ortaya qoymalıdır: “Mənə elə gəlir ki, rəsmi Bakı prinsipial mövqe nümayiş etdirsə, buna nail ola bilər. Ümumiyyətlə, Avropa Birliyinin postmünaqişə bölgələr ilə bağlı xüsusi planları var. Bu mənada Azərbaycan konkret mövqe sərgiləməlidir”.
AVROPA İTTİFAQI SEPARATÇILARA PUL VƏD EDİR - Bakının isə öz şərti var
Sülhəddin Əkbər

S.Əkbər hesab edir ki, AB bu cür priyomlarla, yumşaq gücdən istifadə etməklə regionda maraqları inkişaf etdirməyə çalışır: “Avropa İttifaqı Rusiya ilə rəqabətdə çəkisini artırmaq istəyir və yerlərdə nüfuzunu artırmağa çalışır. Bununla Avropa Birliyi regional maraqları artırmağa çalışır. Eyni zamanda region ölkələrinə təsir imkanlarını yaradır. Amma onlar bu maliyyə yardımının adını separatizmə dəstək qoymur, humanitar kömək adı ilə həyat keçirir. Bu da beynəlxalq hüquqda belə qiymətləndirilir”. Partiya sədrinin fikrincə, Aİ humanitar yardım adı ilə regiona girmək istəyir: “Rusiyanın maliyyə imkanları məhdud olduğu üçün Moskva bunda maraqlıdır və bilir ki, regionda maliyyə yardımı olmasa, erməniləri bölgədə saxlamaq çətin olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu inanmır ki, Aİ Bakının başı üzərindən separatçılara maliyyə ayırsın: “İndiyə kimi bu presedent olmayıb. ABŞ Konqresindən daha çox narahat idik, çünki onlar maliyyə ayırırdı. Avropa İttifaqı isə son bəyannaməsində bir niyyət ortaya qoyub, minaların təmizlənməsi və humanitar məsələlər müzakirə edilə bilər. Ümumiyyətlə, Brüssel sammiti Azərbaycan üçün faydalı oldu və Avropa İttifaqı bizimlə münasibətləri gərginləşdirməz”.

AVROPA İTTİFAQI SEPARATÇILARA PUL VƏD EDİR - Bakının isə öz şərti var
Elxan Şahinoğlu

E.Şahinoğlu hesab edir ki, Bakı daha çox diqqəti Aİ ilə strateji sazişi imzalamağa yönəltməlidir: “Çox gecikirik və bunu həll etməliyik. Moldova, Gürcüstan, Ermənistan imzalayıb, bir biz qalmışıq. Qarabağ məsələsini də həll etmişik. Eyni zamanda Ümumdünya Ticarət Təşkilatına qoşulmalıyıq, hansısa oliqarxların maraqlarından çıxış etmək olmaz”.

XƏBƏR LENTİ