Ramin Əziz yazır-"Buna da şükür ...."

1 340 5-01-2022, 14:56 siyaset / cemiyyet / gundem

Ramin Əziz yazır-"Buna da şükür ...."


Bir gün padşah saray əyanlarına deyir ki, xalqa hər formada zülm verməkdən bezdim, ancaq xalq yenə də susur. Artıq qırx ildir hakimiyyətdəyəm. Etmədiyim pisliklər qalmadı, yenə də xalq məmnun görünür. Nə edim ki, heç olmasa xalqın içindən bir nəfər çıxıb mənə etiraz etsin. Bircə nəfər etiraz etsə bu xalqa gözəl həyat bəxş edəcəyəm. Vəzir padşaha deyir ki, mən bir metod bilirəm gəl bunu sınaqdan keçirdək.
Vəzir saray əsgərlərinə əmr edir ki bundan sonra şəhər camaatı növbə ilə körpünün üstündən keçsin, hər keçən adama da bir şillə(sillə) vurulsun.
Körpünün üstündə post qurulur, iki nəfər də sillə vuran əsgər dayanır. Gecə-gündüz böyük növbələr yaranır. Padşahla vəzir kənardan başlayırlar bu mənzərəni izləməyə. Səhər tezdən başlayan növbə axşama kimi bitmək bilmir. Əsgərlər isə sillə vurub bir-bir hamını şəhərə buraxır. Şah üzgün vəziyyətdə inadından əl çəkməyərək səbirlə gözləyir. Birdən baxır ki, arxada dörd-beş nəfər narazılıq edib, səs-küy salırlar .Şah sevincək əmr edir ki, tez onları hüzuruna gətirsinlər. Deyəsən içində haqqını tələb edənlər var. Əsgərlər narazı olan həmin adamları şahın hüzuruna gətirir.
-Şah :
-Buyurun, sizi dinləyirəm, nədir sizi narazı salan?
-Etiraz edənlərdən biri :
-Padşah sağ olsun, biz nədənsə narazı deyilik, sizi hər işinizdə tam dəstəkləyirik. Amma bir əmma var.
=Padşah :
=Nədir bəs o əmma ?
=Etiraz edən :
=Şah sağ olsun! Gəlirik saatlarla növbə gözləyirik. İşə vaxtında çata bilməyirik.
=Padşah :
=Bəs nədir istəyiniz ?
-Etiraz edən :
-Şah sağolsun! Körpüyə cəmi iki əsgər qoymuşunuz. Onlar da əldən iti deyillər. Şapalağı vurana kimi axşam olur. Xahiş edirik şillə vuranların sayını artırasınız. Biz də vaxtında işimizə çataq, evimizə dönə bilək.

Milləti zillətlə üz-üzə qoyublar

Hə, camaat, baxın indi bizim ölkəmizdəki durum hazırda padşahın məmləkətindəki vəziyyətdədir. Demək olar hər yeni il bizə sürprizlərlə dolu şaxtababanın xurcununda gəlir. Açıb sevincək içinə baxırıq və baxanda baxışlarımız içimizi yandırır. Nə xalq düşünən var, nə də millət.
Məmur talayır, xalqın isə acından qarnından gurultu səsi gəlir. Milləti zillətlə üz-üzə qoyub, buraxıblar taleyin hökmünə. Nə sabaha inam qalıb, nə də gələcəyə ümid.
Son dövrün islahatları o qədər sürətlə baş verib ki, dolların devalvasiyasından üzü bu yana ərzaqdan geyimə, kommunaldan neftə hər şeyin qiyməti durmadan artır. Amma xalqımızdan küsəyən əmək haqqı iki ayağını bir başmağa dirəyib ki, öldür qalxmaram. Mən öz tempimdə gedəcəm... Kiməsə baxıb hərəkət etmirəm...
Çox insan kimi mən də düşünürdüm müharibədən sonra hər şey yaxşılığa doğru gedəcək. Amma hər şey getməyə başlasa da yaxşılığa doğru getmədi, təəssüf.
Qələbə qazandıq. Yüzlərlə şəhid verdik. Vətən üçün can qoyan yüzlərlə qazimiz sağlamlığından oldu. Zəfər qazanıb, torpaqlarımızın 80 %-ni tapdaqdan azad etdik. Bəs sonra nə oldu?
Qazilərimizin çox az qismi diqqətə layiq oldu. Özünü öldürməyə belə cəhd edənlər oldu. Dolana bilmədiyi, qayğıdan kənar qaldığı, dəyər görmədiyi üçün haqsızlığa dözə bilmədi.
Şəhid ailələri gözü yaşlı qaldığı, fəryad etdiyi vaxtda qayğı görmədiklərinə görə daha da ağır psixoloji zərbələrə məruz qaldı. Can qoyub, qan axıdanların özləri, yaxınları indi ancaq minimal yaşayış üçün göz yaşı axıdıb, fəryad edib kömək istədiyi halda, müharibənin getdiyi dönəmdə xaricdə bahalı maşınlarla trasda(yolda) avtoxuliqanlıq edənlər indi dilbər Qarabağımızda otel tikib, oteldə xidmətə görə hər qazidən 100 manat alırlar.

Tarixi məlum olmayan Tarif Şurası

Neftin ilk fontan vuran quyuları bizdə olduğu, Bakının havasından benzin qoxusu gəldiyi halda qiymətlər üç dəfə artdı. Camaatın gözü dizeldə idi, onun da qiymətini qaldırıb baxan gözləri çıxartdılar.
Tarixi məlum olmayan Tarif şurası qaynana kimi ara qarışdırmaqla məşğuldur.
Əvvəlcə "Limit " sözü lüğətimizə daxil oldu, sonra bütün sahələrdə tətbiq edildi, indi isə artıq ömrümüzə girib.
Maaşlar, pensiyalar 20% qalxdı ki, bahalaşmanı kompensasiya etmək üçün üstünü də düzəldib təzədən qaytaraq qayıtmaz yerlərə.
Kağız üzərindəki statistikalarla xoşbəxt olduğumuzdan qətiyyən xəbərim olmayıb, sonradan məlumatlandırılsam da xoşbəxtlik siyahısında beşinci olmağımıza bilmirəm gülüm, yoxsa ağlayım.

Bu nə müqəddəratdı axı, biz yaşayırıq ?


Hərə bir statistik mərkəz açır, şəhərdəki dönərxanaların sayı qədər. Bu sorğu harada keçirilir? Kimi danışdırıb yazırlar? Qalmışam çaşbaş. Axı, bu, şəhərdə mən də yaşayıram, daha doğrusu sürünürəm. Yaşamağa çalışıram. Hərdən düşünürəm bəlkə mən görünməzlik iksiri içmişəm? Bu müsahibə alıb, sorğu keçirdənlər məni görmədikləri üçün yaxınlaşıb sorğu-sual etmirlər. Sonra da fikirləşirəm ki, əgər görməsələr də, nə qədər olmasa hər gün naharda dönərxanaların qabağında yaranan növbələrin arasında görünmüş olaram. İksirin qüvvəsi dönərin istisinə dözməz. Dönər yeməkdən artıq dönər formasını almışıq.
Bu qədər ağrı-acıları unutmamış daha bir acı xəbərə şahidlik etməli olduq, nə edim tək əldən səs çıxmaz. Məcburi hisslərimi boğub dönərimi yeyə-yeyə bir az deyindim, sonra da özümə təskinlik verdim vəssalam.
Unun qiyməti artdığını eşidəndə gözümün qabağından çörəyi çörəklə yediyim vaxtlar kino lent kimi başladı canlanmağa. Yəni daha o da olmayacaq. Qovuşdu tarixin yaramaz tarixinə.
Bunu yazmaqda məqsədim kimisə təxribata çəkmək, inqilab ruhu ilə alışdırıb yandırmaq deyil, xalqın içindən çıxan bir vətəndaş kimi öz güzaranımı qabağıma qoyub ağlamaqdır. Ancaq ağlayanda da istəyirəm səsimi eşidən olsun.
Kimliyindən asılı olmayaraq istər indiki hakimiyyət, istərsə də gələcək hakimiyyətlər konstitusiyanın ilk maddəsinə sadiq qalaraq xalqın olanı xalqa verməyi özünə borc bilməlidir. Ümid edirəm ki, gec də olsa biz qara camaatı saya salıb bundan sonramıza yaşıl işıq yandırmağa çalışacaqlar.
Haqqını tələb etməkdən qorxan şükür etməkdən doymaz. Şərt o deyil ki, deyəsən istefa. Haqqını tələb et ki, çox yeməkdən qorxsunlar! Sənə də yeməyə nə isə versinlər.
Hə, bu arada onu da qeyd edim ki, uşaq pulunu gözləməkdən gözümüzün kökü saraldığı kimi, olanlara “buna da şükür” desək, olacaqlar üçün gələcək nəsillər qarşısında şəxsiyyətimizi itirəcəyik.
Danışmaq gümüşdürsə, susmaq qızıldır ifadəsi niyə bizim xalqa aid olmalıdır axı ???

Ramin Əziz

XƏBƏR LENTİ