Avropa Məhkəməsində Azərbaycan statistikası - 2 milyon avro cərimə, 425 şikayət...

639 28-01-2022, 10:27 cemiyyet

Avropa Məhkəməsində Azərbaycan statistikası - 2 milyon avro cərimə, 425 şikayət...Çingiz Qənizadə: “Ədalətsiz qərarlar çıxaran vicdansız hakimlərin ucbatından...”
2021-ci ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 425 şikayət göndərilib. Rəsmi statistikaya istinad edən hüquqşünas Xalid Ağalıyev bildirib ki, məhkəmə 2018-ci ildə Azərbaycandan 313 şikayət, 2019-cu ildə 397 şikayət, 2020-ci ildə 525 şikayət alıb.

Hesabata əsasən, Avropa Məhkəməsi 2021-ci ildə ölkələrdən ümumilikdə 44250 ərizə qəbul edib, dövlətlərlə 10630 ərizənin kommunikasiyasını aparıb, 36092 qərar və ya qərardad çıxarıb: “2021-ci ilin sonuna baxış növbəsində ümumilikdə 70150 ərizə olub. Rusiya 17013 ərizə ilə liderdir. İkinci yerdə Türkiyə (15251 ərizə), üçüncü yerdə Ukrayna (11372 ərizə) gəlir. Azərbaycan 2092 ərizə ilə yeddinci pillədə göstərilir.

Statistikaya görə, Avropa Məhkəməsi 2021-ci ildə ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Azərbaycan qərar sayı baxımından doqquzuncu sıradadır.

Avropa Məhkəməsinin ötən il çıxardığı qərarlarda Azərbaycan dövlətinin boynuna 2 milyon avroya yaxın təzminat ödəmək öhdəliyi qoyulub".

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Bəs ekspertlər bu statistikanı, xüsusilə Azərbaycanla bağlı rəqəmləri necə təhlil edirlər? Rəqəmlərin ilbəil artmasında obyektiv və subyektiv səbəblər hansılardır? Siyahıya Rusiya və Türkiyənin liderlik etməsində rol oynayan amillər nədir? Niyə bu iki ölkə insan hüquqlarının pozulması üzrə “liderlik” edir?


Avropa Məhkəməsində Azərbaycan statistikası - 2 milyon avro cərimə, 425 şikayət...
Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, 10 milyonluq əhali üçün Avropa İnsan Hüquqları Məhkəməsinə il ərzində 500-ə yaxın şikayət ərizəsinin göndərilməsi narahatedicidir. Burada bəzi insanların subyektiv yanaşması ilə bağlı qəbul olunan qərarlarla razılaşmamaq prinsipi əsas götürürərək edilən müraciətlər də var. Amma xeyli sayda da müraciətlər həqiqəti əks etdirir: “Hesab edirəm ki, haqlarını Azərbaycan məhkəmələrində əldə edə bilməyən vətəndaşlar Avropa Məhkəməsi instansiyasına üz tuturlar. Nəticədə nə baş verir? Təbii ki, şikayətlərin heç də hamısı Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müsbət dəyərləndirilməsə də, bir çox vətəndaşların müraciətləri gec də olsa, müsbət cavablandırılır, Azərbaycan dövlətinin vətəndaşa təzminat ödəməsi barədə qərar çıxarılır. Beləliklə, bir sıra yerli məhkəmələrin ədalətsiz qərarları dövlətimizin təzminat ödəməsi ilə nəticələnir. Bu da yaxşı vəziyyət deyil. 2 milyon avro vəsait niyə dövlət büdcəsindən çıxmalıdır?! Məhkəmə hakimiyyətində olan çatışmazlıqlar dövləti bu qədər zərərə salır. Ona görə də ilk növbədə məhkəmə hakimiyyətində olan çatışmazlıqları aradan qaldırmaq zərurəti var. İnsanların Azərbaycan məhkəməsinə kifayət qədər inamının az olması-mən bunu bütün hakimlərə, bütün məhkəmə sisteminə təbii ki, aid etmirəm, ədalətli qərarlar qəbul eləyən vicdanlı hakimlərimiz də var-vətəndaşların hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində aramasına gətirib çıxarır. Ədalətsiz qərarlar çıxaran vicdansız hakimlərin ucbatından bu qədər şikayətlər Avropa Məhkəməsinə gedir və ölkəmiz kifayət qədər böyük məbləğdə təzminat cəriməsi ilə üz-üzə qalır. Bu vəziyyət eyni zamanda dövlətimizin imicinə də təsir göstərir”.

Hüquq müdafiəçisi qeyd etdi ki, ölkəmizə zərbə vurulmasına səbəb olan hakimlərə qarşı ciddi yanaşma yoxdur. O cür hakimlərin cəzalandırılması gərəkdir: “Məhkəmə Hüquq Şurası o cür hakimlərin ciddi cəzalandırılması mexanzmini tətbiq etməlidir. Yəni onlar hansısa töhmətlə canlarını qurtarmamalıdırlar. Hakimlik adına ləkə gətirən, ölkəmizə zərər vuran hakimlər məhkəmə sistemindən uzaqlaşdırılmalıdırlar və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Məhkəmələrin açıq, şəffaf keçirilməsi, aşkarlıq prinsipi bəzən pozulur və qərəzli qətnamələr qəbul olunur, hökmlər çıxarılır. Ona görə də haqqında söhbət gedən problemi öncə əsasən özümüzdə axtarmağın tərəfdarıyam. Sonra isə Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycan və Türkiyəyə qarşı müəyyən mənada siyasi mövqeyini də qeyd etmək lazımdır. Bəzən bu məhkəmə instansiyası Azərbaycan və Türkiyəyə münasibətdə qərarlarında siyasi çalarlara da üstünlük verir. Siyasi münasibət bu dövlətlərdən, eyni zamanda Rusiyadan daxil olan müraciət və şikayətlərlə bağlı qərarların qəbulunda müəyyən qədər rol oynayır. Avropa Şurasına daxil olan dövlətlər sırasında Azərbaycanı sevməyən dövlətlər var. Məhz o dövlətlərin Avropa Məhkəməsindəki hakimləri bəzən təmsil olunduqları dövlətlərin siyasi münasibətini çıxardıqları qərarlarda özünü göstərir.

Hər bir halda Avropa Məhkəməsinin bizə qarşı qərarlar qəbul etməsinə şanslar, imkanlar yaratmamalıyıq".


Xeberdar.net

XƏBƏR LENTİ