Dünyanın gözü Ərdoğan-Putin görüşündə - Müharibəyə 10 gün qaldı?..

473 12-02-2022, 11:14 dunya

Dünyanın gözü Ərdoğan-Putin görüşündə - Müharibəyə 10 gün qaldı?..Ukrayna ətrafında intriqa səngimir. Fransa prezidenti Emanuel Makron ötən həftəsonu Moskvada Rusiya Prezidenti Vladimir Putinlə götrüşdən sonra bildirdi ki, yaxın bir neçə gün Ukrayna məsələsi ilə bağlı həlledici olacaq. Öz növbəsində Britaniya baş naziri Boris Conson dünən bəyan edib ki, “növbəti günlər ərzində ən təhlükəli bir an yaşanacaq”. Yəni Rusiyanın Ukraynaya mümkün müdaxilə qərarına işarə edib.

Lakin böyük ehtimalla, həlledici məqam Putinin Türkiyə səfəri və onun Ərdoğanla görüşü ilə müəyyən ediləcək. Görüş yəqin ki, Ərdoğan karantindən çıxandan və Pekin Qış Olimpiya Oyunları bitəndən dərhal sonra reallaşacaq. Bu, Ukrayna mövzusunda son ən yüksək səviyyəli görüş olacaq. Çünki artıq Putin Baydenlə də, Makronla da görüşüb. Ərdoğan isə təzəcə Ukrayna səfərindən qayıdıb.

Bu arada isə Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə Ukrayna ilə bağlı son danışıqları “lalın karla söhbəti” kimi qiymətləndirib. “Düzünü desəm, məyus olmuşam” - deyib.

Bəs son gəlişmələr müharibənin qaçılmaz olduğunu, yoxsa müharibə ehtimalının azaldığını söyləməyə əsas yaradır? Ərdoğan-Pitin görüşündən gözlənti nədir? Ərdoğan Putini müharibədən qaçmağın zəruriliyinə inandıra biləcəkmi?
Dünyanın gözü Ərdoğan-Putin görüşündə - Müharibəyə 10 gün qaldı?..
Elxan Şahinoğlu

Politloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putin Çin lideri Tsi Tsinpinə olimpiada müddətində Ukraynaya hərbi müdaxilə etməyəcəyinə söz verib: “Belə çıxır ki, olimpiada bitdikdən, yəni 20 fevraldan sonraya hazırlaşmalıyıq. Pekin Kremlin anti-Qərb və Ukrayna siyasətini dəstəkləyir. Qərbi isə Rusiya-Çin cütlüyünün fəallaşması ciddi narahat edir. Vaşinqton hesab edir ki, Rusiya-Çin ittifaqı yalnız Avrasiya bölgəsi üçün deyil, Hind-Sakit okean regionu üçün də ciddi təhlükə mənbəyidir.

Fransa prezidenti Makronun Moskva və Kiyevə səfərini uğurlu adlandırmaq mümkün deyil. Rusiya Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkmir. Bu baş vermədikcə müharibə ehtimalı azalmayacaq. Fikrimcə, Kremlin minimum planı Donbası Rusiyaya birləşdirməkdir. Kreml bunun üçün birincisi, separatçıların “müstəqilliyini” tanıyacaq, ikincisi, saxta referendum keçirib bölgəni Rusiyaya birləşdirəcək. Yəni Krım ssenarisini təkrarlayacaq. Hadisələr buna doğru gedir. Təəssüf ki, Ankaranın vasitəçiliyi müharibə ehtimalını azaltmayacaq. Moskva ilə Kiyev arasında dərin fikir ayrılığı var, ortaq nöqtələr tapmaq müşkül məsələdir".

“Yeni Müsavat”

XƏBƏR LENTİ