Ukraynanı işğal planı: ilk hücum Belarus və Krımdan ola bilər - GƏLİŞMƏ

429 15-02-2022, 13:34 dunya

Ukraynanı işğal planı: ilk hücum Belarus və Krımdan ola bilər - GƏLİŞMƏRusiyanın Ukraynanı işğal etmək üçün geniş plan hazırladığı bildirilir. İddia olunur ki, müharibə başlayacağı təqdirdə rus əsgərləri əvvəlcə Belarus və Krımdan Ukraynaya daxil olacaq, daha sonra isə ölkənin Şərq hissəsindən Kiyevə çataraq son zərbəni vuracaq.

Qaynaqların məlumatına görə, Rusiya lideri Putin Ukraynada rusiyayönlü hökuməti hakimiyyətə gətirməyi də planlaşdırır. Məqsəd qansız çevriliş olsa da, mənbələr işğal planının qanlı müharibəyə çevrilə biləcəyinə diqqət çəkirlər. DİA.AZ reyting.az-a istinadla xəbər verir ki, Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı iddiaların artdığı bir vaxtda, Qərb ölkələrinin mətbuatı işğal planının təfərrüatlarını paylaşıb.

Bildirilir ki, Rusiya Ukrayna hökumətini devirmək üçün 130 min əsgərlə çoxölçülü plan hazırlayıb.
Ukraynanı işğal planı: ilk hücum Belarus və Krımdan ola bilər - GƏLİŞMƏ
Britaniyanın “Daily Mail” qəzetinin sitat gətirdiyi plana görə, Rusiya əvvəlcə Belarus və Krımdan Ukraynaya daxil olacaq, daha sonra ölkənin Şərq sərhədində yerləşdirilən rus əsgərləri sürətlə Kiyevə çatacaq və Ukrayna hökumətini devirəcək. Ölkəyə Şərq cinahdan daxil olan rus qoşunları həm də Ukraynanın Şərq qoşunlarının paytaxtı müdafiə etmək üçün Kiyevə çatmasına mane olacaq. Bu plan daha çox sürət tələb etdiyi üçün Rusiyanın yüngül maşınlara və silah sistemlərinə üstünlük verəcəyi bildirilir.

Qərb ölkələri hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada qərbyönlü hökuməti devirməyi və onun yerinə rusiyayönlü hökumət qurmağı planlaşdırır.

Xatırladaq ki, Rusiya Ukraynanı müxtəlif cəbhələrdən mühasirəyə alıb və artıq sərhədlərdə 130 min əsgəri var. 20 min rus əsgərinin həmin dəstələrə qoşulmağa hazır olduğu iddia edilir.

Mənbə deyib: “Qoşunların və texnikanın yerləşdirilməsi səviyyəsi unikaldır və çox narahatedicidir. Burada məqsəd işğaldır. Daha 15 rus hərbi qrupunun Ukrayna sərhədinə doğru yola düşdüyü təxmin edilir”.
Ukraynanı işğal planı: ilk hücum Belarus və Krımdan ola bilər - GƏLİŞMƏMənbə hava və dəniz dəstəyinin də hazır olduğunu, Rusiyada bir çox hərbi hissələrdə bayram tədbirlərinin ləğv edildiyini, Qara dəniz və Aralıq dənizində Rusiya gəmilərinin döyüşə hazır vəziyyətə gətirildiyini bildirib.

Rusiyadakı döyüş hissələrinin 60 faizinin Ukraynanın işğalına hazır olduğu qeyd edilsə də, mənbələr Rusiyanın Kiyevə tez çatmalı olduğunu və buna uyğun planlar qurduğunu deyirlər. Bildirilir ki, müfəssəl işğal planı Rusiya prezidentinə təqdim olunacaq və Putin işğalla bağlı yekun qərar verəcək.

Qeyd olunur ki, Kiyev Rusiya əsgərlərinin yerləşdiyi Belarusun Cənub sərhədindən 240 kilometr aralıdadır və rus qoşunları şəhərə 6 saata çata bilir.

Mənbələrdən biri də Rusiyanın öz qoşunlarının Kiyev küçələrində qaynar toqquşmalara girməsini istəmədiyini və qansız çevrilişi hədəflədiyini diqqətə çatdırıb. Bildirilir ki, Rusiya ukraynalıların ölkəni müdafiə etmək üçün döyüşmək istəyini həddən artıq aşağı qiymətləndirir. Mənbə həm də əlavə edib ki, çoxlu sayda insanın ölməsi mümkündür və işğal Rusiyaya həm iqtisadi, həm də siyasi baxımdan çox baha başa gələ bilər.

Onu da qeyd edək ki, 2014-cü ildə Krımı ilhaq edən Rusiya Ukrayna ilə sərhəddə minlərlə əsgərin toplanmasına baxmayaraq, Ukraynanı işğal etmək üçün heç bir plan qurmadığını iddia edir./Teref.az/

XƏBƏR LENTİ