Qərbi Afrika ərzaq fəlakəti ilə üz-üzə

458 6-04-2022, 10:47 dunya

Qərbi Afrika ərzaq fəlakəti ilə üz-üzəBu gün 11 qeyri-hökumət təşkilatı (QHT) Qərbi Afrikada 38 milyon insana təsir edəcək ərzaq fəlakəti barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, 11 QHT (Oxfam, Action Against Hunger, Save the Children, CARE İnternational, Beynəlxalq Xilasetmə Komitəsi (IRC), Norveç Qaçqınlar Şurası (NRC), ALIMA, Tearfund, World Vision, Handicap International – Humanité & Inclusion and Mercy Corps.) tərəfindən imzalanmış bəyanatda Qərbi Afrikanın son on ildə ən güclü ərzaq böhranı yaşadığı, 27 milyon insanın aclıqdan əziyyət çəkdiyi bildirilir. Təcili tədbirlər görülməsə, bu rəqəm növbəti üç ayda 38 milyona çata bilər ki, bu da yeni tarixi səviyyədir.

11 QHT Avropa İttifaqı və Sahel və Qərbi Afrika Klubunun təşkilatçılığı ilə Sahel və Çad gölü regionunda ərzaq böhranı üzrə virtual konfrans ərəfəsində bəyanatla çıxış edib.

Qərbi və Mərkəzi Afrika üzrə “Uşaqları xilas edin” QHT-nin direktoru Filip Adaponun sözlərinə görə, son onillikdə Qərbi Afrika regionunda ərzaq böhranları azalmayıb, əksinə artıb. Vəziyyət yüz minlərlə insanı köçməyə və özləri də artıq çətin vəziyyətdə olan himayədar ailələrdə yaşamağa vadar edir, qida, xüsusilə də uşaqlar üçün sağlam qida kifayət qədər deyil.

Quraqlıq və onun bu Afrika regionunun əhalisinin böyük hissəsinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatına təsiri ilə yanaşı, Avropadakı böhran Afrikaya beynəlxalq yardımın kəskin azalmasına səbəb olur.

QHT-nin bəyanatında qeyd olunur ki, bir çox donor artıq Afrikaya ayrılan maliyyəni kəsəcəklərini bildiriblər. Danimarka Burkina-Faso (2022-ci ildə 50 faiz) və Maliyə (2022-ci ildə 40faiz) ikitərəfli inkişaf yardımının bir hissəsini Ukraynadan qaçqınların qəbulunu maliyyələşdirmək üçün ayıracağını bildirib.

BMT-nin müəyyən etdiyinə görə, Qərbi Afrika regionuna 16 ölkə daxildir: Benin, Burkina-Faso, Kabo-Verde, Qambiya, Qana, Qvineya-Konakri, Qvineya-Bisau, Kot-d'İvuar, Liberiya, Mali, Mavritaniya, Niger, Nigeriya, Seneqal, Sierra Leone və Toqo.

Xeberdar.net

XƏBƏR LENTİ