Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzə

577 19-04-2022, 10:47 dunya

Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzəZelenskinin son bəyanatı həyəcan siqnalıdır

Ukrayna prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib ki, bütün dünya ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır. O, həmçinin Rusiyanın Ukraynaya qarşı nüvə və ya kimyəvi silahdan istifadə edə biləcəyini istisna etməyib. Xatırladaq ki, Putin müharibənin ilk günlərində nüvə qüvvələrinə xüsusi hazırlıq əmri verib. Bundan sonra dünyada bir narahatlıq yarandı. Rusiyanın bu addımı ata biləcəyi istisna edilmədi, elə indi də edilmir.

Bəs Zelenskinin bu bəyanatı nə dərəcədə inandırıcıdır? Rusiya Ukraynaya taktiki nüvə silahları ilə hücuma başlasa, NATO-nun, Pentaqonun, Britaniyanın, Fransanın reaksiyası necə olar? Bu, dünyada nüvə müharibəsinin başlanmasına gətirib çıxararmı?

Zelenskinin bu açıqlaması ilə təxminən eyni vaxtda Şimali Koreya nüvə potensialına malik “yeni tipli taktiki silah”ın sınağını nümayiş etdirib. Şimali Koreya Rusiyanın müttəfiqidir. Kim Çen In bununla rusiyalı həmkarına və müttəfiqinə dəstək mesajı vermiş ola bilərmi?
Dünya nüvə müharibəsi təhlükəsi ilə üz-üzə
Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Moskva üçüncü dövlətlərin müharibəyə qarışacağı təqdirdə taktiki nüvə silahından istifadə edəcəyini bəyan edib. Məhz nüvə silahlarını hücum startında saxlamaq buna əsaslanır. Ukrayna prezidenti Volodimir Zelenskinin bu kontekstdə açıqlamaları həyəcan siqnalıdır: “Zelenskinin xəbərdarlığında kifayət qədər əsaslar var. Bəli, Putin kiçik həcmdə nüvə silahından istifadə edə bilər. Bu, o halda mümkün olar ki, Ukrayna ordusu Krım və Luqanskdan Rusiya qoşunlarını vurub çıxarsın. Amma hazırkı situasiyada bu mümkün deyil. Müharibənin davam edəcəyi halda və Rusiya qarşıya qoyduğu planlarını həyata keçirə bilmədiyinə əmin olduğu halda kimyəvi silahdan da istifadə etməsi mümkündür. NATO baş katibi Rusiyanın kimyəvi silahdan istifadə etməsi halında Rusiyaya cavab veriləcəyini vurğulamışdı. Kreml nüvə silahı və kimyəvi silah işlədərsə, ona sarsıdıcı zərbələr eyni cavabla verilə bilər. Bu isə o demək olacaq ki, dünyada nüvə müharibəsi başlayıb”.

Politoloq qeyd etdi ki, Rusiya-Ukrayna savaşında döyüşlər qarşıdakı günlərdə daha şiddətli olacaq: “Bu müharibədə Rusiyanın qalib gəlmək şansı yoxdur. Ukrayna Qərbin dəstəyi ilə Rusiya ordusuna çox ciddi zərbələr vuracaq. Müharibə gözlənildiyindən də fəlakətli gedir və Putinin geriyə çəkilməsi, həmçinin Ukraynanın geri çəkilməsi gözlənilmir. Qərb də burada maraqlıdır və Moskva strateji cəhətdən uduzacaq. Rusiyanın ən son əl atacağı variant nüvə silahının işə salınması olacaq. Bunun isə qarşılığı Rusiyaya nüvə zərbəsinin endirilməsi ilə veriləcək. Yəni dünyanı əslində nüvə müharibəsi, tarixdə görünməmiş fəlakət gözləyir”.

Ekspertin sözlərinə görə, Şimali Koreyanın nüvə başlıqlı raketlərinin sınağını keçirməsi mütəmadi hal alıb: “Burada Ukrayna müharibəsi amili varsa da çox azdır. Şimali Koreyanın addımları Tayvan və Cənubi Koreyaya güc nümayişidir. Şimali Koreya Ukrayna müharibəsində hansısa şəkildə aktivlik göstərməmək xəttini tutur”.

Xeberdar.net

XƏBƏR LENTİ