“Rusiya müharibə hədəflərini dəyişib” – “Bu məqamda Putin atəşkəsə çalışa bilər”

727 10-06-2022, 12:42 dunya

“Rusiya müharibə hədəflərini dəyişib” – “Bu məqamda Putin atəşkəsə çalışa bilər”Ukrayna qüvvələri hazırda Severodonetsk şəhərində Rusiyanın hücumlarını çətinlikləri dəf edirlər, ancaq Moskva şəhərə tam nəzarəti ələ keçirə bilməyib. Severodonetsk və ona əkiz şəhər hesab olunan Lisiçansk Kremlin Ukraynanın Şərqi Donbas regionunu tam ələ keçirməsi üçün strateji əhəmiyyət daşıyır. Rusiya qüvvələri Severodonetksin böyük hissələrini tutublar. Onun tam zəbti isə müharibənin növbəti fazasına böyük təsir göstərə bilər.

Ukrayna rəsmiləri Rusiya qüvvələrinin geri oturdulmasından ötrü daha çox silah, yardım gərəkdiyini deyirlər. ABŞ və Britaniya Kiyevə 80 km-dək məsafəni vurmağa qadir MLRS yaylım atəşi sistemləri göndərəcəyini bildirib. Vaşinqton HIMARS, Britaniya isə M270 sistemləri göndərəcəyini bəyan edib.

Severodonetskdə döyüşün gedişatı haqda Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilçisi Corc Barros “Azadlıq” radiosuna müsahibəsindədeyib ki, Kreml prioriteti Severodonetskə yönəldərək Ukraynada cəbhə xəttinin digər yerlərinə diqqəti azaldıb.

Təhlilçi bunu maraqlı məqam adlandırır, çünki Kreml fevralın sonunda Ukraynaya hücuma başlayandan hədəflərini bir neçə dəfə dəyişməli olub. İlkin hədəf Kiyevi, böyük şəhərləri qısa müddətə zəbt etmək idi. Bu alınmadı deyə, döyüşün hədəfləri şərqə yönəldi. Rusiya Donbası bütünlükdə ələ keçirmək istəyir, amma indilik Donetsk vilayətində çox az irəliləyiş əldə edib, daha çox Luqanskda cəbhə xəttinə fokuslanıb.

Təhlilçi rusiyalıların bir şəhərin, yaxud kəndin müəyyən hissələrini belə bir neçə günə və həftəyə tutmasına diqqət çəkir, deyir ki, bu, rusiyalıların çox zəif nəticə göstərdiyini ortaya qoyur: “Müharibə Araşdırmaları İnstitutunun indiki dəyərləndirməsi belədir ki, rusiyalılar Severodonetski tutaraq Luqansk vilayətini tam ələ keçirməyə doğru irəliləyərlərsə, bu zaman Rusiyanın kampaniyası pikə çatacaq, rusiyalılar qüvvələrini yenidən qruplaşdırmaq və nəzarət etdikləri yerlərdə möhkəmlənmək üçün əməliyyat fasiləsi götürməli olacaqlar. Bu məqamda Putin atəşkəsə çalışa bilər.

Ancaq rusiyalıların Luqanskı tam tuta biləcəyi də mənə tam aydın deyil. Severodonetsk Luqanskda ukraynalıların əlində qalan mühüm mövqedir. Siverski Donetsk çayının sol sahilində yerləşir. Rusiyalılar onu tutarlarsa, bu zaman onlar Lisiçansk şəhərinə girmək üçün çayı keçməlidirlər. Ukraynalılar isə bu şəhərdə müdafiə mövqeləri hazırlayıblar”.

Barrosun sözlərinə görə, Lisiçansk yüksəkdə yerləşdiyindən rusiyalıların bu əraziyə hücumu coğrafi baxımdan çətin olacaq. Müharibədə rusiyalılar üçün çayı keçmək, şəhər döyüşü o qədər də asan olmayıb.

“Rusiya ordusunun özünü zəif göstərdiyini deyirsiniz. Amma onlar irəliləyir, tutduqları yerlərə qüvvələrini cəmləyirlər. Tutduqları əraziləri saxlaya bilmələrinə dəlil görürsünüzmü?”
Təhlilçi bu suala cavabında deyib ki, burada əsas məsələ ukraynalıların rusiyalıların tutduğu əraziləri azad etmək üçün əkshücumlara keçmə qabiliyyətindən aslıdır.

“Rusiyanın ciddi şəkildə müdafiə etdiyi ərazini Ukraynanın geri ala bildiyini görməmişik. Ukraynalılar şimalda Kiyev və Xarkov ətrafındakı yerləri ona görə yenidən ələ keçiriblər ki, rusiyalılar geri çəkiliblər. Bir çox hallarda Ukrayna qüvvələrinin bu əraziləri azad etməsinə dair xəbərlər yayılsa da, səbəb sadəcə rusiyalıların geri çəkilməsi və ukraynalıların oraya daxil olmasıdır”, – Barros bildirib.

Onun sözlərinə görə, hazırda rusiyalıların möhkəmlənmək istədikləri bəzi yerlərdə qızğın döyüşlər gedir, məsələn, şimalda Xarkovda, cənubda Mikolayev və Xerson yaxınlığında. Həmin yerlərdə ukraynalılar bəzi yerlərə girirlər, rusiyalıları əkshücuma keçərək əraziləri geri alırlar.

“Yəni, Ukraynanı zəfərləri böyük deyil, Rusiyanın müdafiəsi çox yaxşıdır”, – deyən təhlilçi qeyd edir ki, rusiyalılar üçün yeni ərazi tutmaqdansa zəbt etdiyini əlində saxlamaq qat-qat daha asandır. Ukraynalılar üçünsə ərazini Rusiyanın hücumlarından müdafiə etmək daha asandır, nəinki Rusiyanın artıq tutduğu ərazini işğaldan azad etmək. Ölkənin cənubunda Rusiya qüvvələrinin mövqelərini möhkəmləndirməsi isə həmin əraziləri uzun müddətə nəzarətdə saxlamaq niyyətindən xəbər verir.

Təhlilçi bu məsələnin qəti həll olunduğunu demək istəmədiyini söyləyir, amma qeyd edir ki, həmin ərazilərin geri alınmasından ötrü ukraynalılar yeni döyüş qabiliyyəti sərgiləməlidirlər, bu isə görünmür.

Barros növbəti həftələrdə Qərb hökumətlərindən gələcək silahların həlledici məqam olduğunu vurğulayır. Onun sözlərinə görə, rusiyalılar bəzi yerlərdə cəbhə xəttini xeyli dəyişiblər, ukraynalıların onların logistika karvanlarını, sursat depolarını vurması üçün daha yaxşı, uzaqmənzilli silahlar tələb olunur.

“Buna görə də Putinin özünə sərf edən pat vəziyyəti, yaxud əldə etdiklərini möhkəmlədəcək durumu təmin etməməsi üçün Qərbin hərbi yardımını həlledici faktor hesab edirəm”, – Barros qeyd edir.

“AzPolitika.info”

XƏBƏR LENTİ