Sülh müqaviləsi olacaqsa: İrəvanın təxribatı nəyə hesablanıb?

513 6-09-2022, 12:26 dunya

Sülh müqaviləsi olacaqsa: İrəvanın təxribatı nəyə hesablanıb?“Ermənistan və Azərbaycan arasında bu ilin axırına kimi sülh müqaviləsi imzalanmalıdır”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deputatlar ilə qapalı görüşü zamanı deyib. Amma diqqət çəkən bir digər məqam ondan ibarət ki, erməni mətbuatında Paşinyanın Xankəndinə səfər edəcəyinə dair məlumatlar yayılıb.

Yəni Paşinyan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə Xankəndinə səfərə hazırlaşır? Ümumiyyətlə, bu ziddiyyətli gediş nə ilə bağlıdır? Onun Xankəndinə səfər etməkdə məqsədi nədir?

Teref.az yazır ki, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, Brüssel görüşündən sonra İrəvana qayıdan Ermənistanın Baş naziri Nikol Paşinyan ənənəvi sürprizlərlə yəni, etiraz aksiyaları ilə qarşılandı:


“Daxili və xarici auditoriyanı balanslı idarə etmək reallığı ilə üz-üzə qalan Paşinyan mümkün çıxış yollarından birini ziddiyyətli açıqlamalar vermək və ziddəyyətli davranışlar sərgiləməkdə görür. Çünki onun öz reallığı ilkin olaraq bunu diqtə edir. Məsələyə isə bütövlükdə və geniş rakursdan toxunsaq, Brüssel görüşü sonrası ziddiyyətli məqamların yaşanacağı gözlənilən idi. Aksiyalar, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndinə qanunsuz səfəri, əsli erməni, fəaliyyəti isə kosmopolit və çoxşaxəli milyarder Ruben Vardanyanın Xankəndinə gəlməsi, sərhəddə təxribatların baş verməsi, səsləndirilən ziddiyyətli bəyanatlar, sərgilənən davranışlar və reallaşdırılacaq səfərlər böyük proseslərin tərkib hissələridir. Azərbaycanın qəti mövqeyini də ilkin olaraq vurğulayaq. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirdi ki, Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, biz bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik. Paşinyan da Nazirlər Kabinetinin iclasında bu məsələyə toxundu. Amma digər tərəfdən də onun Xankəndiyə səfər edəcəyi deyilir”.

Həmsöhbətimiz vurğulayıb ki, Qriqoryanın Xankəndinə səfəri bir növ nəbz yoxlamaq məqsədi daşıyırdı:

“Amma Paşinyanın Xankəndinə səfəri bölgəyə təsir imkanlarının zəifləməsinin sürətlənməsi fonunda özünü daxili auditoriyaya göstərməkdir ki, guya orada qalan ermənilərin taleyi ilə maraqlanır, son ana qədər var gücü ilə çalışacaq. Nikol Paşinyanın Azərbaycan ərazilərinə gəlişinin isə Moskvanın icazəsi olmadan baş verəcəyini düşünmürəm. Çünki bu zamanda və məqamda hələ ki, Moskvanın icazəsi olmalıdır. İcazə verilsə, bu, bölgədə eskalasiyanın artmasına, təzyiqin qalxmasına gətirib çıxaracaq. Hər bir halda ipi maksimum əldə saxlamaqdan ötrü lazımi məqamda daxili auditoriya çəkilib, buraxılır. Ermənistanda hakimiyyətin ipinin hər ucu isə bir tərəfdədir. Belə ki, bir tərəfdən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya, müdafiə naziri Suren Papkiyanın isə başqa tərəfə ABŞ-a getməsi, Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanın Konqresdə gözlənilməsi, Baş nazir Nikol Paşinyanın isə iqtisadi forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi Ermənistanın mövcud dilemmasından xəbər verir”.

Politoloq digər yandan da sərhəddə təxribatların baş verdiyini də xatırladıb:

“Burada birinci ehtimal odur ki, sərhəddəki təxirbatlarda Paşinyanın əli olmamış deyil. Çünki qeyd etdiyim kimi bu təxribatlar lazımi məqamda özünün də dadına çatır. Digər tərəfdən isə bu, həm də Paşinyanın orduya tam nəzarət mexanizminə sahib olmaması ilə bağlıdır. Bəllidir ki, həm daxili, həm də xarici qüvvələrdən təlimat alan hərbçilər var. Təxribatlar isə son ana qədər də olacaq. Hətta ondan sonra da hərbi müstəvidən daha çox başqa müstəvidə daha dominant şəkildə özünü göstərəcək ki, bu daha mürəkkəb prosesdir. Birincisi və reallıq odur ki, burada çoxəsrlik erməni faktoru və xisləti öz sözünü deyir, öz maraqlarını hansı mərhələyə qədər mümkündürsə maksimum təmin etməyə çalışırlar ki, çox alınmadı, azdan da olmayaq. İkincisi isə xarici dairələr də bunda maraqlıdır. Bizim düzgün yolumuz dövlət olaraq güclü, cəmiyyət olaraq isə şüurlu, gözüaçıq olub, prosesləri düzgün dərk edib, adekvat dəyərləndirib küyə düşmədən, sayıq davranmaqdan keçir. Daxili və xarici müxalif qüvvələr isə sülh müqaviləsinin hazırlanmasına mane olmağa çalışırlar. Bu isə Ermənistana itkidən başqa heç nə qazandırmayacaq”.

XƏBƏR LENTİ