Ruslar Zaporojye AES-in işçilərinə dəhşət yaşadıb - Qətl, işgəncə, adam oğurluğu...

491 8-09-2022, 20:09 dunya

Ruslar Zaporojye AES-in işçilərinə dəhşət yaşadıb - Qətl, işgəncə, adam oğurluğu...Ukraynanın “Enerhoatom” atom agentliyinin rəhbəri Rusiya işğalçı qoşunlarını ölkənin cənub-şərqində yerləşən Zaporojye AES-in ukraynalı işçilərinə işgəncə verməkdə və öldürməkdə, 200-ə yaxınını oğurlamaqda ittiham edib.

"Enerhoatom" prezidenti Petro Kotin Almaniyanın "Funke" qəzetinə sentyabrın 8-də açıqlamasında bildirib ki, oğurlananların hara aparıldığını bilmir.

İttihamlar altı reaktorlu stansiyanın ətrafının atəşə tutulması və şəhərdə elektrik enerjisinin kəsilməsinin nüvə fəlakəti sarıdan beynəlxalq qorxuların güclənməsi fonunda səslənir.

Kotin bildirib ki, işğalçı qoşunlar zavodun işçilərini onların sədaqətini müəyyən etmək üçün yoxlamadan keçirir. Onun sözlərinə görə, sui-istifadə halları minə yaxın işçinin Avropanın ən böyük atom elektrik stansiyasında işləməsini çox çətinləşdirib.
Zaporojye AES, Moskva fevralın sonunda Ukraynaya səbəbsiz işğala başlayandan sonra ilk həftələrdə Rusiyanın nəzarətinə keçib. O vaxtadək zavodun təxminən 11 min işçisi var idi.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu həftə bildirdi ki, Zaporojyedə apardığı son təftiş orada dözümsüz vəziyyətin olduğunu göstərib. Agentlik nüvə qəzasını önləmək üçün aralıq tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu vurğulayıb.

Qurum həmçinin bildirib ki, Rusiya işğalçıları BMT-nin 14 müfəttişinə nüvə stansiyasının bütün ərazilərinə giriş icazəsi verməyib.

Dnepropetrovsk vilayətinin qubernatoru və Zaporojye zavodunun yerləşdiyi Enerhodar şəhərinin meri Rusiya qüvvələrini sentyabrın 7-də atəşi bərpa etməkdə suçlayıb. Atışmanın bərpası yaxınlıqda elektrik enerjisinin kəsilməsilə nəticələnib.

Enerhodarın meri Dmitro Orlov sentyabrın 7-də "Telegram" vasitəsilə bildirib ki, indi elektrik enerjisinin verilişinin bərpasının vaxtını proqnozlaşdırmaq mümkün deyil.

"AzPolitika.info"

XƏBƏR LENTİ