“Rusiyaya yenidən toparlanmağa şans verilməyəcək”

435 14-09-2022, 11:08 dunya

“Rusiyaya yenidən toparlanmağa şans verilməyəcək”Şahin Cəfərli: “Bundan sonra Ukrayna Ordusunun Qərb tərəfindən daha intensiv silahlandırılacağına inanıram”

Rusiyanın Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" adı altında başlatdığı işğalçı müharibənin 7-ci ayında Ukrayna Ordusu əks-hücum əməliyyatlarına başladı. İldırımsürətli əməliyyatlarla Ukrayna Ordusu cəbhənin şimal xəttində ciddi uğurlar əldə etdi. Xarkov vilayəti demək olar ki, Rusiya işğalından azad edildi.

Eyni zamanda, Donetsk və Luqanskın da bir sıra yaşayış məntəqələri rus qüvvələrindən təmizlənib. Cənub xəttində - Xersonun azad edilməsi uğrunda da hərəkətliliyin olduğu gözlənilir.

Rusiya işğal etdiyi ərazilərdən çıxışını "taktiki geri çəkilmə" adlandırsa da, yerli və beynəlxalq ekspertlər Rusiya Ordusunun faktiki olaraq məğlubiyyətinin başladığını bildirirlər.

Baş verənləri və bundan sonra gözlənilən prosesləri AYNA-ya şərh edən politoloq Şahin Cəfərli deyib ki, Ukrayna Ordusu Xarkov vilayətində qarşıya qoyulan tapşırıqları yerinə yetirdikdən sonra diqqəti cənub-şərq istiqamətinə yönəldib:
“Rusiyaya yenidən toparlanmağa şans verilməyəcək”
- Artıq cənubda bir neçə məntəqə azad olunub. Donetsk vilayətinin Svetaqorsk şəhəri Ukraynanın nəzarətindədir. Luqansk istiqamətində də Ukraynanın uğurları var. Orada da bir neçə yaşayış məntəqəsi azad edilib. Biz artıq Rusiya Ordusunun həm şimal, həm də cənub istiqamətində müdafiə xəttinin çökdüyünün şahidiyik. Belə məlum oldu ki, orada ruslar güclü müdafiə xətti də yaratmayıbmışlar. Arxayın olubmuşlar ki, Ukrayna Ordusu belə tezliklə əks-hücuma keçə bilməyəcək. Maraqlıdır ki, sentyabrın 11-i üçün İzyum şəhərində Qazmarovun konserti təşkil edilibmiş. Yəni Kreml bu qədər əmin imiş.

- Görünür, Rusiya Ordusu bu hücumun qarşısında aciz qaldı...

- Onu da deyim ki, Ukrayna Ordusunun ildırımsürətli əks-hücumu və uğur əldə etməsi Rusiya Ordusundakı problemləri bir daha ortaya qoymuş oldu. Söhbət təkcə rusların döyüş qabiliyyətindən getmir, eyni zamanda, Rusiya Ordusunda kəşfiyyat xidməti də normal qurulmayıb. Əgər qarşı tərəf hücuma başlayacaqsa, hücum edəcəyi nöqtələrə böyük qüvvə yığmaq lazımdır. Rusiya komandanlığı bundan xəbərsiz olub. Bu, biabırçılıqdır. Əgər xəbərləri olubsa, buna qarşı tədbir görülməməsi qüsurun olduğundan xəbər verir.

Ümumiyyətlə, Ukrayna ilə müharibə Rusiya Ordusunun gücü ilə bağlı deyilənləri alt-üst etdi. Rusiyanın gerçək siması ortaya çıxdı. Əvvəllər Rusiya Ordusu ABŞ-dan sonra dünyanın ikinci ən güclü ordusu hesab edilirdi. Məğlubedilməz ordu mifi məhv oldu.

- Xarkovdakı uğur Xersonda da qazanılacaqmı?

- Xersonda uğurların qazanılacağı uzaqda deyil. Güman edirəm ki, bir ay müddətində Ukrayna Xersonu da azad etməyi bacaracaq. Xersondakı məğlubiyyətlə isə, demək olar ki, Rusiya Ordusunun beli qırılacaq. Ondan sonra Rusiyanın müharibəni davam etdirməsi perspektivi görünmür. Kreml üçün ən ağıllı variant o olardı ki, müharibəni birtərəfli qaydada dayandırdığını elan etsin və işğal etdiyi Ukrayna ərazilərini tərk etməyə hazır olduğunu bəyan etsin. Yalnız bu halda Ukrayna rəhbərliyi Rusiya ilə danışıqlar masasına oturmağa razı olacaq. Hansısa atəşkəsə, Rusiyaya yenidən toparlanmağa şans verilməyəcək.

- Rusiyanın əks-həmləsi nə olacaq?

- Rusiya Ordusu indi Ukrayna şəhərlərini, mülki obyektləri hədəf alır. Elektrik stansiyalarını vurur. Əhalini qazsız, işıqsız qoymaq, mülki obyektləri vurmaq onun göstəricisidir ki, Rusiya çıxılmaz vəziyyətdədir. Faktiki olaraq şimal qonşumuz isterik vəziyyətdədir. Cəbhədə döyüşə bilməyən, Ukrayna Ordusuna gücü çatmayan Rusiya Ordusu mülki obyektləri vurmaqla acizliyini göstərir.

Təbii ki, Rusiya böyük dövlətdir və potensialı da genişdir. Sabah səfərbərlik elan etsə, orduya yüz minlərlə canlı qüvvə cəlb edə bilər. Amma səfərbərlik Kreml üçün problemli məsələdir. Birincisi, Rusiya Prezidenti Vladimir Putin bu əməliyyatın adını "xüsusi hərbi əməliyyat" qoyub, “müharibə” deyə bilmir. Bundan geri çəkilsə, rəsmən müharibə və səfərbərlik elan etsə, o zaman bu, Rusiya daxilində qarşıqlıq yaradacaq. Rəsmən müharibə elanı o deməkdir ki, Rusiya məqsədinə nail olmadı, Ukraynada məğlub oldu. Səfərbərlik Rusiyanın özünü xilas etmək addımı kimi qiymətləndiriləcək. Bu, daxildə ciddi etirazlar, sosial çaxnaşmalar yarada bilər. Rusiya rəhbərliyi bu amildən qorxur.

İkincisi, görünən odur ki, Rusiya Ordusunun potensialı tükənib, ya da tükənmək üzrədir. Qərb kəşfiyyatının məlumatına görə, Rusiya özünün quru qüvvələrinin 80 faizindən çoxunu müharibədə istifadə edib. Rusiya kimi nəhəng dövlət quru qüvvələrinin 80 faizini istifadə edibsə, bu, tükənmək deməkdir. Cəbhəyə cəlb olunacaq yeni qüvvələr yoxdur. Rusiyanın yaxın perspektivdə cəbhə xəttinə döyüş qabiliyyətli əlavə qüvvələr yeritmək imkanı yoxdur. Bu baxımdan, Rusiyanın hansısa addım atacağı ağlabatan deyil. Ola bilsin ki, qismən səfərbərlik elan edilsin, ehtiyyatdakı hərbi vəzifəlilər yenidən ordu sıralarına cəlb edilsin. Amma onların silahlandırılması, təlim keçilməsi uzun vaxt tələb edir. Bu gün isə Rusiyaya cəbhədə yeni qüvvələr hava-su kimi lazımdır. Cəbhədə əsgər çatışmır. 1300 kilometrlik aktiv cəbhə xətti var ki, burada xeyli hissədə boşluq var. Rusiya Ordusu o boşluqları doldura bilmir və yaxın bir-iki ay ərzində doldurması qeyri-mümkün görünür.

- Belə demək mümkündürsə, Rusiyaya indi atəşkəs və danışıqlar lazımdır...?

- Bu, Kreml üçün çox lazımdır. Ötən həftələrdə Rusiya buna müxtəlif kanallar vasitəsilə cəhdlər etdi. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da bir növ elçi kimi istifadə etdi. Putin Soçi görüşündə Ərdoğandan xahiş etmişdi ki, Zelenski ilə danışıqlarda bunu önə çəksin. Təbii ki, Ukrayna tərəfi bunu qəbul etmədi. Eləcə də, Rusiya Qərbdəki özünə yaxın çevrələr vasitəsilə Kiyevə mesajlar yolladı. Qərb ictimai rəyində atəşkəsin zəruriliyi haqqında rəy formalaşdırmağa çalışdılar. Amma Ukrayna rəhbərliyi buna getmədi, Kremlin planı alınmadı.

Bundan sonra da alınan deyil, çünki Ukrayna Ordusunun hərbi əməliyyatları uğurlu oldu. Bu, Qərbdə də ruh yüksəkliyi yaratdı. Çünki Qərbdə şübhələr vardı ki, Ukrayna müqavimət göstərsə də, ərazilərini azad etməsi çətindir. Amma son əks-hücum əməliyyatı Qərbdə rəyi dəyişdi. Hər kəs gördü ki, Ukrayna Rusiyanı məğlub etmək, ərazilərini azad etmək imkanlarına malikdir. Yetər ki, Ukraynaya lazımi silah-sursat verilsin, onlar ərazilərini azad edəcəklər.

Düşünürəm ki, müharibədə Ukrayna üçün ciddi dönüş oldu. Bundan sonra Ukrayna Ordusunun Qərb tərəfindən daha intensiv silahlandırılacağına inanıram. Biz görürük ki, Ukraynaya müasir tankların da verilməsi Qərb dairələrinin gündəminə gəlib. Bütün bunlar göstərir ki, Rusiyanın yaxın gələcəkdə cəbhədə dönüş yaratmaq imkanları yoxdur. Əksinə, Rusiya Ordusunda geriləmə davam edəcək.

XƏBƏR LENTİ