Naxçıvanda idarəetmə dəyişir: hansı model tətbiq ediləcək?

263 22-12-2022, 11:21 cemiyyet

Naxçıvanda idarəetmə dəyişir: hansı model tətbiq ediləcək?Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra idarəetmədə ciddi dəyişikliklərin olacağı haqda səslənən ehtimallar güclənib.

Axar.az xəbər verir ki, ötən gün baş tutan Ali Məclisin iclasında Vasif Talıbovun istefa ərizəsi qəbul edilsə də, yeni sədrin seçilməməsi artıq bir müddətdir gündəmdə olan idarəetmə modeli haqda daha ucadan danışmağa şərait yaradıb.

Bəzi ekspertlərin fikrincə, Azərbaycanda idarəetmə modelinin dəyişməsi yönündə ilk addım Qarabağın azad edilməsi ilə başladı. Belə ki, Prezident Qarabağ iqtisadi zonası üzrə xüsusi nümayəndə təyin etməklə prosesə start verib.

Azərbaycanda isə 14 iqtisadi rayon var: Abşeron-Xızı, Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Dağlıq Şirvan, Naxçıvan, Bakı, Qazax-Tovuz, Mil-Muğan və Şirvan-Salyan.

Ehtimallardan biri odur ki, Qarabağ iqtisadi rayonunun ardınca ikinci proses Naxçıvanda baş tutacaq – Naxçıvan iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək və beləliklə, 14 rayon üzrə xüsusi nümayəndəliklər institutunun formalaşması istiqamətində növbəti addım atılmış olacaq.

Naxçıvan Muxtar Respublikasının statusunun buna mane olduğu haqqında iddialar isə təkzib edilir.

Ekspertlərin iddiasına görə, Naxçıvanın statusu ləğv edilməsə də, idarəetmədə əhəmiyyətli dəyişikliyə artıq başlanılıb – Gömrük Komitəsi və DTX ləğv edilib, onların bazasında mərkəzə tabe olan baş idarələr yaradılıb. Prosesin davamında Naxçıvanı “ayrıca dövlətə” çevirən bütün strukturların, nazirlik və komitələrin ləğvi qaçılmazdır.

Ekspertlərin fikrincə, bütün nazirliklər, komitələr, xidmətlər ləğv edilərək, Bakıya tabe baş idarələr və yerli qurumlarla əvəzlənəcək. Nəticədə Naxçıvanda məmur ordusu əhəmiyyətli dərəcədə ixtisar ediləcək ki, bu da büdcənin israfının qarşısını alacaq.

Yada salaq ki, yalnız DTX-nin ləğvi nəticəsində Naxçıvana ayrılan dotasiyanın məbləği 31 milyon manat azaldılmışdı. Belə ki, Baş İdarə olduğu üçün qurumun maliyələşməsi Azərbaycan DTX-nin balansına salınmışdı.

Qurumların ləğvinin korrupsiya, rüşvətin azaldılması, süründürməçiliyin aradan qaldırılması, biznes və şəxsi təsərrüfatın inkişafına da səbəb olacağı gözlənilir.

Xatırladaq ki, DTX Naxçıvan Gömrük Komitəsinin (artıq ləğv edilib) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun 132 milyon, Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon, Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmovun isə 212 milyon 361 min manat mənimsədiyi faktını üzə çıxarmışdı. Yalnız 3 qurumda ümumilikdə 488 milyon 361 min manat vəsait oğurlanıb ki, bu da Bakıdan Naxçıvana ayrılan illik dotasiyadan çoxdur və az qala Naxçıvanın 2021-ci il büdcəsinə bərabərdir.

Korrupsiya və rüşvətin aradan qaldırılması ilə Naxçıvan iqtisadi zonasının özünü maliyələşdirəcəyi şübhəsizdir. Üstəlik, iqtisadiyyatın liderallaşması, inhisarçılığın aradan qaldırılması, bütün biznesin bir şəxsin nəzarətindən azad edilməsi ilə Naxçıvanda sahibkarlığın da inkişafına şərait yaradacaq ki, bu da vergi daxilolmalarının artması deməkdir.

Beləliklə, DTX-nin Naxçıvanda başladığı antikorrupsiya əməliyyatının ilk dalğası uğurla başa çatdı.
Növbəti dalğalarda struktur islahatlarının dərinləşəcəyinə və dövlətdən oğurlanan vəsaitlərin geri qaytarılmasına şahidlik edə bilərik.

XƏBƏR LENTİ