Minimum əmək haqqı artırıldı: Sosial durum yaxşılaşacaqmı? - Görünəni odur ki...

181 9-01-2023, 11:39 cemiyyet

Minimum əmək haqqı artırıldı: Sosial durum yaxşılaşacaqmı? - Görünəni odur ki...Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla minimum əmək haqqı 345 manata çatdırılıb. Belə ki, minimum pensiya 280 manata çatdırılmaqla yanaşı müavinət və təqaüdlər də artırılacaq. Bu artımlar yanvarın 1-dən hesablanacaq. Məlumata görə, minimum əmək haqqındakı artım 700 min vətəndaşımızı əhatə edəcək. Bu prosses üçün isə dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş faydalanacaq. Qeyd edək ki, artımlar özəl sektoru da əhatə edir. Yəni bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz.
TEREF.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogen sənayesi üzərində qurulduğundan, onda cərəyan edən prosseslər də daxili bazardan çox xarici faktorlarla təsirlənir. Bu baxımdan əmtəə və valyuta bazarlarında olduğu kimi əmək bazarında da qiymətlər xarici amillərin təsiri altında formalaşır.

“Kritik dönəmlər olan 2009, 2015 və 2016-cı illərdə biz ən aşağı səviyyə maaş alan kateqoriyada heç bir artıma rast gələ bilməmişik. Halbuki, dünya bazarlarında neft-qaz qiymətlərinin yuxarı olduğu və yaxud da normala qayıtdığı illərdə biz bəzən bir il ərzində iki dəfə minimum əmək haqqı artımına təsadüf etmişdik. Bu isə ilk baxışdan minimum əmək haqqı artımının qeyd edildiyi sosial yönümlülük təyinatından çox qlobal-iqtisadi axınlara uyğun olaraq baş verdiyinə dair təəssüratlar yaradır. Buna baxmayaraq, hökümət bu addımı son 1 ildə həddən artıq şiddətlənən qiymət artımları fonunda sosial müdafiəni gücləndirmək kimi məqamlarla əsaslandırır. Çünki, buna dair söz-söhbətlər də olduqca intensivləşməkdədir”- deyən iqtisadçı bildirib ki, bunun nə dərəcədə effektiv olacağını təxmin etmək çətindir. Bir neçə maraqlı məqam var: minimum əmək haqqı baxımından istinad edilən qida inflyasiyası ötən il 15 faiz olduğu halda minimum əmək haqqında artım 20 faiz, bu il isə qida inflyasiyası 20 faiz olduğu halda minimum əməkhaqqı 15 faiz artmış oldu. İqtisadçının fikrincə, digər bir nüans isə minimum əməkhaqqı artımının arealının təkcə bu çərçivədə maaş alan muzdlu işçilərlə məhdudlaşmamasındadır. Bir neçə ildir ki, əmək pensiyaları haqqında qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.

“Əgər vahid tarix cədvəli ilə əməkhaqqı alanları və pensiyaçı təbəqəni nəzərə alsaq, artımın əhatə dairəsinin iki dəfədən çox böyük olduğunu deyə bilərik. Bununla belə “sosial sığorta haqqında qanunun” 14-cü maddəsinə görə, sahibkarlıqla məşğul olan, mülkü müqavilə ilə çalışan və kənd təsərrüfatı təyinatlı torpağı olan bir qrup, öz məcburi sığorta öhdəliklərini minimum əməkhaqqına müvafiq qaydada yerinə yetirirlər. Məsələn, son artımdan sonra Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən sahibkar minimum əməkhaqqının 50 faizi qədər sosial sığorta ödənişi həyata keçirdiyinə görə, qərardan sonra onun ödədiyi məbləğ 22 manat 50 qəpik artacaq. Bu da böyük ehtimalla diffuziya effekti ilə qiymətlərin bir növbəti mərhələdə bir az da artmasına zəmin yaradacaq”-deyə iqtisadçı qeyd edib. O hesab edir ki, minimum əməkhaqqı artımında əgər məqsəd əhalinin sosial müdafiəsini nəzərə almaqdırsa, baxılan parametrlərdən biri bu məqam və həmçinin Türkiyə praktikasında da olduğu kimi minimum əməkhaqqının gəlir vergisindən azad olması məsələsi olmalıdır.

Qərar inkişaf etmiş ölkələrin təcrübəsi və "Azərbaycan-2020 gələcəyə baxış, inkişaf konsepsiyası"ndan irəli gələn minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı nisbətin 60 faiz həddinə çatdırılması istiqamətində atılan addım kimi dəyərləndirilə bilər.

XƏBƏR LENTİ