Lukaşenkonun 17 il sonra İrana niyə getdiyi üzə çıxdı!

168 15-03-2023, 10:28 dunya

Lukaşenkonun 17 il sonra İrana niyə getdiyi üzə çıxdı!Ekspertə görə, səfər dünyada, o cümlədən Cənubi Qafqazda və postsovet məkanında baş verən proseslər baxımından maraq doğurur

Belarus prezidenti Aleksandr Lukaşenko martın 12-13-də İranda rəsmi səfərdə olub. Tehranda Belarus dövlətinin başçısı İran rəhbərliyi ilə danışıqlar aparıb, nəticədə tərəflər bir çox razılaşma əldə ediblər. Belarus mediası yazır ki, onlardan bəziləri kağız üzərində olsa da, digərləri çox güman ki, yeni birgə layihələr üçün əsas olacaq. Aleksandr Lukaşenko vurğulayıb ki, indi Belarus və İran üçün önəmli olan vaxt itirməməkdir. Tehranda Belarus liderinin səfəri daha dərin münasibətlərin qurulması üçün dönüş nöqtəsi və başlanğıc nöqtəsi adlandırıldı.
İran prezidenti Aleksandr Lukaşenkonu salamlayaraq qeyd edib ki, Belarus-İran münasibətləri son iki ildə xeyli inkişaf edib. Ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ildə 100 milyon dolları ötüb. Rəisinin “Şübhəsiz ki, İrana səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verəcək” fikrinə Aleksandr Lukaşenko özünütənqid ilə yanaşıb. Belarus liderinin fikrincə, ölkələr daha yaxşı nəticələr nümayiş etdirə bilərdilər. Digər tərəfdən, onların münasibətlərini yenidən düşünməyə vaxtları var idi. Sitat: “Düzünü desəm, bəlkə də mənə görə, İran dövlətinə diqqəti bir qədər zəiflətmişik. Mən tez-tez bu barədə düşünərək belə qənaətə gəlirəm ki, biz bu dövrü yaşamalı idik. Bu dövr onunla səciyyələnir ki, biz bir-birimizə nə qədər ehtiyacımız olduğunu, bu dünyada nə qədər sıx əməkdaşlıq etməli olduğumuzu anladıq”.

Aleksandr Lukaşenko vurğulayıb ki, istənilən münasibətin uğuru öz tərəfdaşının mədəniyyətini, milli adət-ənənələrini və maraqlarını qəbul etmək bacarığından asılıdır: “Hər bir xalqın mədəniyyətindən, həyat tərzindən, tərbiyəsindən, dinindən qaynaqlanan dəyərləri var və bu dəyərlərlə hesablaşmaq lazımdır. Bu, dinc, yanaşı yaşamağın açarıdır. Bunun unudulduğu yerdə müharibələr başlayır. Hər dəfə xalqınızın xarici təzyiqlərlə mübarizəsini böyük ehtiramla müşahidə edirəm. Bununla yanaşı, siz müasir texnologiyalar və nüvə energetikasını yüksək səviyyədə inkişaf etdirirsiniz. Biz səylərimizi birləşdirsək, bir-birimizə çox faydalı ola bilərik. Biz əməkdaşlığımızın yeni mərhələsinə keçə bilərik. Əldə edilmiş razılaşmalar belə bir bəyanatla çıxış etməyə imkan verir”.

Tehranda keçirilən danışıqlardan sonra Aleksandr Lukaşenko və İbrahim Rəisi 2023-2026-cı illər üçün hərtərəfli əməkdaşlıq üçün yol xəritəsi imzalayıblar. Sənədin hazırlanması ilə bağlı razılıq hələ 2021-ci ildə Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində prezidentlərin görüşü zamanı əldə olunub. Yol xəritəsi ölkələr arasında siyasi, iqtisadi, konsulluq, elmi-texniki sahələrdə, o cümlədən təhsil, mədəniyyət, incəsənət, media və turizm sahələrində əməkdaşlığın hərtərəfli inkişafını nəzərdə tutur. Nəzərə alsaq ki, həm Belarus, həm də İran Qərbin təzyiqi altındadır (iki respublikanın yaxınlaşması Avropanın xoşuna gəlməyəcək), yol xəritəsi rəsmiyyət naminə imzalanıb. Aleksandr Lukaşenko bildirib ki, İran prezidentinin sanksiyalar fürsət yaradır fikri ilə tam razıdır. “Bu vaxtı itirməmək bizim üçün çox vacibdir”, - deyə o qeyd edib. Aleksandr Lukaşenko Belarusda müəssisələr yaradılmasını və bütün dünya ilə ticarət etməyi təklif edib: “Bəzi nümunələrə baxdım. Məni heyrətləndirirsiniz. Siz bütün dünyanın ehtiyac duyduğu çox yüksək texnologiyalı avadanlıq yaradırsınız. Turbinləri, müxtəlif informasiya-kommunikasiya əşyalarını, ən müasir dərmanları sərfəli qiymətə ala bilərsiniz. Buna dəyər. Biz sizinlə bütün bu sahələrdə əməkdaşlığa hazırıq. Əgər marağınız varsa, gəlin Belarusda birgə müəssisələr yaradaq və bütün dünya ilə ticarət edək”.

Aleksandr Lukaşenko ölkələr arasında əməkdaşlığın intensivləşdirilməsində İran prezidentinin xüsusi rolunu qeyd edib. “Bütün bunlar Prezidentinizin təşəbbüsü sayəsində baş verir. Məni və rəsmilərimizi daim daha fəal əməkdaşlığa sövq edən məhz o idi”.



Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Lukaşenkonun səfərinə iki ölkənin münasibətləri kontekstində yanaşmanın tərəfdarı deyil. Ekspertin fikrincə, sözügedən səfərə dünyada, o cümlədən Cənubi Qafqazda, Orta Şərqdə, postsovet məkanında baş verən proseslərə nəzərən yanaşmaq daha düzgün olar: “Müşahidələr göstərir ki, Rusiya-Ukrayna müharibəsindən sonra İranla Rusiya arasında münasibətlər xeyli inkişaf edib. Tərəfdaşlıq münasibətləri xeyli dərinləşib. İran Rusiyaya dron satır. Bugünlərdə İranla Rusiya arasında "Su-35" hərbi təyyarələrinin satışı ilə bağlı razılaşma əldə olunub. Belarus da Rusiyanın ən yaxın müttəfiqlərindən biridir. Lukaşenko İrana səfər etməklə güclənən İran-Rusiya münasibətlərinə dəstəyini ifadə edir”.

Xatırladaq ki, bu, Belarus prezidentinin İrana üçüncü səfəridir. Lukaşenko İranda sonuncu dəfə 17 il öncə olub.(müsavat.com)

XƏBƏR LENTİ