Qadını yeddi il əvvəl öldürərək basdıran şəxsin atası və tanışına da hökm oxundu

90 9-02-2024, 21:23 cemiyyet

Qadını yeddi il əvvəl öldürərək basdıran şəxsin atası və tanışına da hökm oxunduAğsu Rayon Məhkəməsində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə təqsirləndirilən Bilal Vəliyev və Arif Manafovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar onlara cəza təyin edilməyib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar 5 il sonra Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif Manafov şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində sevgilisi Ayşən Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və tanışı Bilalın köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıb.

Qeyd olunan əraziyə baxış zamanı Ayşən Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif Manafov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bilal Vəliyev və Arif Manafovun cinayəti ayrıca icraata ayrılıb və onların barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Bilal Vəliyev məhkəmə iclasında elan edilmiş ittihamda özünü tam təqsirli bilib. O qeyd edib ki, Ağsu şəhəri Mənzil istismar sahəsində fəhlə işləyir.

XƏBƏR LENTİ