Övladlarından “şillə yeyən” Azərbaycan məmurları…

Övladlarından “şillə yeyən” Azərbaycan məmurları…


Azərbaycanda bəzi yüksək vəzifə sahibləri, dövlət məmurları ölkədə baş verən ictimai, siyasi, mədəni hadisələrə dair açıqlamalar verərkən hər kəsi nümunəvi əxlaqa səsləyirlər, amma öz övladlarının tərbiyəsindən xəbərsiz olurlar.
Hamıya məlumdur ki, bu zümrədən olanlar hər zaman diqqət mərkəzindədir, istər müsbət, istərsə də mənfi mənada…

Onların dəbdəbəli yaşayışı, şəxsi həyatı, Azərbaycan banklarına sığmayan pulları əksəriyyət üçün maraqlıdır. Çox vaxt isə varlı məmurların balaları “dədə”lərinin tutduğu postun “bərkgedən”liyinə güvənərək, özbaşınalıq edir, ictimai asayişi pozur, bir çox hallarda isə ailə faciələrinə səbəb olurlar.

Mövzunun aktuallığını nəzərə alaraq Todaysbaku.az saytı qanunun tələblərini pozaraq, dəmir barmaqlıqlar arasına düşən məmur övladları ilə bağlı kiçik araşdırmanı təqdim edir:

İlk olaraq haqqında danışmaq istədiyimiz şəxs uzun müddət medianın diqqət mərkəzində olan hadisənin səbəbkarı “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq sədri Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. O Xalid ki, xalq artsiti, tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olub.
Belə ki, 2014-cü ilin martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”ya çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər – tarzənin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. Tarzən Ağasəlim Abdullayevin özü və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Həmçinin qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə “Xəzər Dəniz Gəmiçiliyi”nin rəis müavini vəzifəsindən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub.
Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsif olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 ilmüddətinə azadlıqdan məhrumetmə cəzası alıb, həmçinin 5 il müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.

* * *


Dəbdəbəli həyat tərzinin verdiyi imkanlar hesabına qanun pozuntusuna yol verən növbəti “qəhrəman” sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovdur.
F.Ələkbərov oğlunun ərköyünlüyünü qurbanına çevrilərək tutduğu vəzifədən azad edilib. Hər kəsin xatirindədir ki, 2013-cü ilin yanvar ayında Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu. Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırıldı. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. Olaydan sonra çox sayda insan həbs olundu. Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olundular.
Az sonra Füzuli Ələkbərovun özü də oğlunun güdazına getdi, nazir postundan çıxarıldı. Amma “qəhrəman”ı həbs etmədilər, o, məhkəmədə zərəçəkmiş qismində iştirak edib.

* * *


Zərdab rayonunun icra başçısının birinci müavini Allahverdi Səfərov da “gül bala”sının badına gedən məmurlardandır.
Onun oğlu Ceyhun Səfərov bu ilin mart ayının 22-də sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmək tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib. Martın 27-də C. Səfərovun həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Buna baxmayaraq Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib.

* * *


Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun polis oğlu da avtoxuliqanlıq edənlər sırasındadır.Hadisə ötən il Zığ şossesində qeydə alınıb. Belə ki, T.Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürət yarışına çıxaraq dəfələrlə qəza vəziyyəti və vətəndaşların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə T.Həsənov polis orqanlarından xaric olunub, avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilib. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq azadlıqdan məhrumetmə cəzası alıb. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov isə övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

* * * *


Övladı həbs olunan növbəti vəzifə sahibi Səbail Rayon İcra Hakimiyyətinin başçısı Arif Əsgərovdur. Buna səbəb isə onun oğlu İlham Əsgərlinin törətdiyi avtomobil qəzası olub.

Böyük rezonans doğuran hadisə 2014-cü il sentyabr ayının 27-də baş verib. Qəza nəticəsində bir gənc dünyasını dəyişib. Dünyasını dəyişən 16 yaşlı Sənan Mirzəyev “McDonaldS” Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğludur. Hadisə Türkan-Qala yolunda baş verib.
Həmin gün İlham Əsgərli “Mercedes S klass” markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili idarə edirmiş, Sənan Mirzəyev isə onun yanında əyləşibmiş. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib. Nəticədə avtomobil Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” markalı yük maşını ilə toqquşub.
Övladını itirən ata Maqsud Mirzəyev günahkarların həbs olunması tələbini irəli sürərək şikayətçi olub. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

* * *

Övladı həbs edilən daha bir məmur Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevdir.
Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Baş Prokurorluğun məlumatına görə, aprelin 10-da Bakının “Senator” restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş edib.
Şərif Əsədullayev 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Polis general-mayoru Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.
Olaydan sonra çoxları onun vəzifədən azad olunacağını gözləsə də, bu, baş vermədi..

Gülşən RAUFQIZI /Modern.az

Övladlarından “şillə yeyən” Azərbaycan məmurları…

  • 18-05-2015, 21:34
  • 1 348


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI