Xatai rayonu, Xudu Məmmədov küçəsinin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirirlər ki, dünən gecədən etibarən əraziyə suyun verilməsi dayandırıldığından, ciddi problem yaşayırlar:
“Sentyabrın 23-dən 24-nə keçən gecə, saat 12:00-dan Xətai rayonuna suyun verilməsi dayandırılıb. Binalardan su çənləri yığışdırıldığından, tamamilə susuz qalmışıq. Deyirdilər ki, səhər saat 12-də su veriləcək. Lakin saat 15:30-dur, hələ də su gəlmir. Demək olar, 1 aydan çoxdur ki, ərazidə təmir işləri aparılır, hələ də yekunlaşdıra bilmirlər.
Körpə var, qoca var, heç düşünmürlər. Gecəni yola vermək olur, bəs gündüz susuz necə yaşayaq? Hər kəsin ayrıca su çəni olsaydı, suyun kəsilməsi insanlara o qədər də təsir etməzdi. Fasilə ilə də vermirlər, suyu tamamilə dayandırıblar”.
Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin əməkdaşı Ceyhun Musaoğlu suyun kəsiləcəyi haqda öncədən məlumat vermişdi: “Magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-dən 24-nə keçən gecə saatından etibarən 24 sentyabr saat 12-yə qədər Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirk”.
Bu gün saat 12:59 radələrində C.Musaoğlu ilə əlaqə saxladıq. O, “Xətai rayonunda təmir işləri yekunlaşır”, - deməklə kifayətləndi.
Çox təəssüf ki, saat 16:00 olsa da, hələ də Xətai sakinlərinin su problemi həll olunmayıb.
Jalə FAMİLQIZI
Hurriyyet.az