Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti (I yazı)

Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti (I yazı)
Faiq ELEKBEROV
Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti
I yazı



Bu gün dini düşüncə (din ehkamçılığı) tarixindən yanaşsaq Səfəvilər bütün şiələrin (fars, türk, ərəb fərq qoymadan) ortaq dini dövlətidirsə, Qərbin “elm tarixi” baxımından isə Səfəvilər Azərbaycan ya da İran mərkəzli çoxmillətli dövlət olmuşdur. Əslində Səfəvilərin etnik kimliyilə bağlı ortaya çıxan problemlərin kökündə də, onlara artıq “din tarixi”ndən deyil, Qərbin “elm tarixi”ndən yanaşılması meyilləri olmuşdur. Din tarixi ehkamçılığı Səfəvilərin milli-etnik fərqi qoymadan daha çox şiəlik-qızılbaşlıq həssaslığı üzərində öz əksini tapırdısa, Qərbin “elm tarixi ehkamçılığı” Səfəvilərin İranlılıq, “Persiya” ya da Turanlılıq, Azərbaycan Türk ruhunu önə çıxartdı. Məhz Qərbin “elm tarixi ehkaşmçılığı”nın Səfəvilərə münasibətdə İranlılıq, Persiya bir sözlə “İran milli dövləti” üzərində dayanması istər-istəməz müzakirələrə yol açmışdır.

Beləliklə, Qərbin “elm tarixi” ehkamçılığına əsaslı “milli tarix” anlamından yanaşıldığı zaman Səfəviləri “Azərbaycan milli dövləti” hesab edənlər onların türk mənşəli və türkdilli, Səfəviləri “İran milli dövləti” kimi müdafiə edənlər isə onun fars/kürd mənşəli və irandilli olmalarını irəli sürmüşlər. Bu günə qədər də həmin müzakirələr davam etməkdədir. Çünki “din tarixi” ehkamçılığı Səfəvilərin kimliyi, tarixi, ədəbiyyatı, fəlsəfəsini məzhəbçi yöndən mürəkkəbləşdirdiyi ya da saxtalaşdırdığı kimi, Qərbin “elm tarixi” ehkamçılığı isə bunu “milli tarix” (fransız milliyyətçiliyi, ingilis-amerikan milliyyətçiliyi) adıyla həyata keçirir.

Bu gün Səfəvilərin “milli tarix” anlamında etnik, siyasi və dini kimliyinin müəyyənləşməsində daban-dabana zidd iki baxış var: 1) Səfəvilər mənşəcə türksoyludur, Səfəvilər bir Azərbaycan Türk dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə Türk ruhaniyyatına əsaslanmışdır; 2) Səfəvilər mənşəcə kürd-fars soyludur, Səfəvilər bir İran dövlətidir, Səfəvilərin Qızılbaşlığı-şiəliyi mahiyyətcə zərdüşti-sasani ruhaniyyatına əsaslanmışdır.

Biz, XVI əsrdə Azərbaycanda yaranmış Səfəvi­lərin “milli tarix” anlamında əsasən Azərbaycanla, Oğuz-Türkmən boylarıyla və Türk ruhaniyyatıyla bağlı olmasına inanırıq. Buna örnək kimi də ən vacib dörd amili irəli sürürük: 1) Səfəvilər dövlətinin Azərbaycan nüvəsində yaranması və ilk paytaxtın Təbriz olmasını, 2) Səfəvilər dövlətini yaradanların böyük əksəriyyətinin türksoylu tayfalardan (şamlı, ustaclı, təkəli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı dövlətin rəsmi dilinin Türk dili olmasını, 3) Səfəvilərin Oğuz-Türkman ulusunun Bayandurlu-Ağqoyunlu dövlətinin varisi kimi çıxış etməsini, 4) İlk dövrlərdə İslam dininə dayalı Qızılbaşlığın-şiəliyin daha çox Türk ruhaniyyatıyla bağlılığını.

Birincisi, deyə bilərik ki, Səfəvilərin yeni dövlətin əsas mərkəzi kmi Azərbaycanı seçməsi, eyni zamanda paytaxt olaraq Təbrizi müəyyən etməsi təsadüfi olmamışdır. Səfəvilərin Azərbaycana bağlılığını üç amillə izah edə bilərik: 1), Səfəvilərin əsas dini mərkəzi olan Ərədbilin ən əskilərdən Azərbaycan Türk şəhəri idi. 2) Səfəvilərin əsas hərbi dəstəkçiləri Azərbaycanın yerli ulusu olan Oğuz-Qıpçaq boyları (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) idilər. 3) Səfəvilərin Azərbaycanın və digər həmhüdud məmləkətlərin sahibi olmuş Bayandurlu-Ağqoyunlu dövlətinin varislik hüququna iddia etmələri idi.

Azərbaycanın Səfəvi Türk dövləti üçün necə önəmli olması XVI əsrə aid naməlum mənbədə açıq şəkildə ifadə olunmuşdur. Belə ki, XVI əsrə aid naməlum mənbədə yazılır ki, İsmayıl Səfəvi Azərbaycan taxtına oturmamışdan öncə Gülüstan qalasını ələ keçirməkdə iddialı olan Qızılbaş əmirlərindən soruşanda ki, siz Azərbaycan səltənətini mi (max-kah), yoxsa Gülüstan qalasını mı istəyirsiniz? Qızılbaş əmirləri Şah İsmayıla cavab olaraq demişlır: “Azər­baycan səltənətini”. Bu o deməkdir ki, Şah İsmayıl Bayandurluların davamçısı hər hansı İranın, Persianın deyil, özünü məhz Türkmən dövlətlərinin, onların əsas hakimiyyət mərkəzi olan Azərbaycan səltənətinin hökmdarı kimi görürdü. Səfəvilər üçün Azərbaycan səltənətinə sahiblənmək bir tərəfdən hakimiyyət və vətən rəmzi, digər tərəfdən Türklüklə bağlı idi.

Səfəvilərin Azərbaycan taxtına iddialılığı, Azərbaycan türklərini yeni bir ideya ətrafında birləşdirmə istəyi Şah İsmayıldan öncə, özəlliklə də Bayandurlularla qohumlaşdıqdan sonra ortaya çıxmışdı. Hər halda Şah İsmayılı ata-babaları Şeyx Cüneyd, Şeyx Heydər və Şeyx Sultanəli hakimiyyətin mənəbəyi və qutlu mərkəzi olaraq məhz Azərbaycanı əsas hədəf kimi götürmüşdülər. Sadəcə, Şah İsmayıl da onların yolunun davamçısı kimi Qızılbaş Türklərini Ərzincanda başına toplayaraq ilk yürüşünü Azərbaycanın şimalına etmiş, çox keçmədən Azərbaycan birləşdirərək Təbriz mərkəzli Oğuz-Türk dövlətinin hökmdarı olmuşdur.

İkinsisi, Səfəvilərin özlərinin Türk, onları müdafiə edən tayfalarında böyük əksəriyyətinin də Oğuz-Türksoylu tayfalardan (şamlı, ustaclı, təkləli, türkman, qacar, bayat, əfşar, zülqədər vəb.) ibarət olmaqla yanaşı, dövlətin rəsmi dilinin Türk dili olması da heç kəsə sirr deyildir. Səfəvilərin dövründə Şah İsmaqıl Səfəvi türk dilini dövlətin rəsmi dili kimi qəbul etmiş və Türk dilini Səfəvilərin saray dili halına gətirmişdir. Özü də Türk dilində şeirlər yazmış, sarayında Türk bilginlər və şairlər ön planda olmuşlar. İlk Səfəvi hökmdarı Şah İsmayıldan tutmuş II Şah Təhmasibədək bu ənənə aşağı-yuxarı davam etmişdir.

Şah İsmayılın Azərbaycan və Türk dili sevgisi onun etnik kimliyində Oğuz-Türkmən amilinin ön planda olmasını açıq şəkildə ortaya oyur. Əlbəttə, Türk kimliyi ilə yanaşı onun əcdadlarının və öz övladlarının yunan, fars, ərəb və başqa yad uluslarla qohumluq əlaqələrinin olmasını da istisna etmir. Bütövlükdə Səfəvilərin qurucusu Şah İsmayıl və onun davamçılarının dini kimlik və siyasi kimlikdən deyil, ancaq milli düşüncədən çıxış edərkən məhz Türklüklərini, Azərbaycanlılıqlarını daim öndə tutduqlarını görürük.

Son zamanlarda Səfəvilərin İran milli dövləti deyil, Azərbaycan milli dövləti olmasını qəbul edənlərin arasında Faruk Sümer, Nəsrullah Fəlsəfi, Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli, Ramiz Mehdiyev, Dilavər Əzimli və başqları da vardır. Tanınmış Səfəvişünas alim Oqtay Əfəndiyev «Azərbaycan Səfəvilər dövləti» tarixi əsərində Səfəvilərin türksoylu olduğunu irəli sürmüşdür. Onun fikrincə, V.V.Bartold, İ.P.Petruşevski, Faruk Sümer və başqaları doğru olaraq Səfəvilərin türksoylu olduğunu yazdıqları halda Ə.Kəsrəvi, Z.V.Toqan, M.Məşkur, S.Rəhimzadə və digərləri isə Səfəviləri farslara ya da kürdlərə aid etməklə yanlış nəticə çıxarmışlar. O.Əfəndiyev yazır ki, XIV əsrin ikinci yarısında qələmə alınmış Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə, Təvəkkül ibn İsmayıl ibn Bəzzazın “Səfvət əs-səfa” (“Saflığın safı”) adlı agioqrafik əsərdə bu təriqətin banisi Şeyx Səfiəddinin türk etnosuna mənsub olmasını ortaya qoyur. Çünki həmin mənbədə göstərilir ki, Şeyx Səfiəddin türk kəndindən olub, əqidədaşları tərəfindən “piri Türk”, yəni “Türkün piri” adlandırılmışdır.

Səfəvilərin, o cümlədən Şah İsmayılın Türk soyundan olmasını iddia edən “İran” tarixçilərindən Nəsrullah Fəlsəfi də yazır ki, Şah İsmayılın tərəfdarları əsasən türkman və tatar-qıpçaq tayfalarından olublar: “Hətta taxta çıxdıqdan sonra belə o, İran mənşəyinə və dilinə - millətin iki başlıca əsasına xor baxırdı. O, İranın yerli əhalisini tabe etmiş və onları mənşəcə türkman olan qızılbaş tayfalarının hakimiyyəti altına salmışdı. Fars dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat dili olduğu bir dövrdə Şah İsmayıl Türk dilini İran saryının rəsmi dili etmişdi. Hətta o özü də yalnız Türk dilində şeirlər yazırdı. Nəticədə Türk dili Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək sarayın rəsmi dili olaraq qaldı. Buna görə də Türk siyasi qurumlarını yıxan və vahid dövlət yaradan I Şah İsmayılın İranın milli və siyasi birliyini bərpa etməyi qarşısına məqsəd qoymaması şübhəsizdir”.

Doğrudan da, Sasanlardan sonra “İran milli və siyasi birliyi” sadəcə olaraq, bir neçə nəfər Nizamül-mülk, Firdovsi kimi farsyönlünün/iranyönlünü şüurunda yaşayırdı. Hər halda Sacilər, Səlcuqlar, Azərbaycan Atəbəyləri, Elxanilər, Cəlairlər, Baharlılar, Bayandurlular dönəmində “İran milli və siyasi birliyi” bir neçə nəfərdən başqa heç kəsi maraqlandırmamışdır. Ona görə də, özünü etnik və siyasi varislik anlamında Türkman Bayandurluların qanuni varisi hesab edən Səfəvilərin hər hansı “İran milli və siyasi birliyi”ni bərpa etmək istəyi kökündən ola bilməzdi. Bu baxımdan Səfəviləri ilk növbədə, maraqlandıran Bayandurluların varisi kimi Azərbaycann milli və siyasi birliyini bərpa etmək idi. Ancaq Azərbaycanın milli və siyasi birliyini bərpa edən Şah İsmayılın Azərbaycan şahənşahı deyil, daha çox “İran şahənşahı” adlandrılması bir qədər ziddiyyətli görünə bilər.

Bizcə, Şah İsmayıl və digər Səfəvi hökmdarları (ən azı Şah Abbasadək) “İran şahənşahı” tituluna ciddi önəm vermir, üstəlik Türk mənşələriylə fəxr edən Qızılbaşlar özlərini əsil-nəcabət və ad-sanlarına görə qeyri-türklərdən yüksəkdə tutaraq, onları tatlar ya da taciklər adlandırırdılar. Bu günün özündə də Azərbaycan türkləri arasında irandililərin tat, ya da tacik (təcik) adlandırılması yayğın olaraq qalmaqdadır. Bu anlamda Səfəvi hökmdarlarının sonralar “İran şahənşahı” adlandırılması onlara kənardan, daha çox avropalılardan verilmiş bir addır. Necə ki, avropalılar Anadolunu da Rum diyarı, Osmanlı sultanlarını da buna uyğun olaraq bir çox hallarda Rum hökmdarı kimi kimi qələmə vermişlər. Ancaq bu, Osmanlının Türk olmaması anlamına gəlmədiyi kimi, əsasən “İran şahı” adlandırılan Səfəvilərin də iranlı ya da fars olması demək deyildir.

Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti (I yazı)

  • 24-04-2016, 09:07
  • 813


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI