Həyət evlərinin qeydiyyatı sadələşdi – Qanunda dəyişiklik

Həyət evlərinin qeydiyyatı sadələşdi – Qanunda dəyişiklik
Azərbaycanda daşınmaz əmlakın sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması istiqamətində növbəti mühüm addım atılıb. Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununa dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə görə, indiyədək tikilmiş fərdi evlərin sənədləşdirilməsi daha da sadələşəcək.

Fins.az xəbər verir ki, söhbət adı çəkilən qanunun 8.0.9.1-ci maddəsinə nəzərdə tutulan dəyişiklikdən gedir. Bu maddə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) tikilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatına aiddir.

İndiyədək həmin maddəyə əsasən, 2013-cü ilə qədər tikilmiş fərdi evlərin dövlət reyestrində qeydiyyata alınması üçün bir neçə sənəd tələb olunurdu. Bunlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, evin icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi və ya yaşayış evinin istismara qəbul aktı idi.

İndi isə həmin maddə dəyişdirilərək iki yerə ayrılıb. Dəyişikliyə əsasən, 2013-cü ilədək inşa edilmiş fərdi evlərin qeydiyyatı daha da sadələşəcək. Belə ki, adı çəkilən maddəyə əlavə edilən 8.0.9.1.2-ci maddəsinə görə, 2013-cü ilin yanvarın 1-dək inşa edilən evlərin qeydiyyatı üçün yalnız həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin (torpaqla bağlı «çıxarış»ın) olması kifayətdir. Başqa sözlə, çıxarışı olan torpaqda 2013-cü ilədək tikilmiş fərdi evlər heç bir əlavə şərt sürülmədən dövlət qeydiyyatına alınacaq. Bunun üçün yeganə tələb torpağın tikinti təyinatlı olmasıdır. Söhbət yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərindən gedir.

İcarədə və ya istifadədə olan torpaqlarda tikilən evlərin qeydiyyatında isə dəyişiklik yoxdur. Belə ki, qanuna əlavə edilən 8.0.9.1.1-ci maddəyə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – əvvəlki kimi, torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunacaq.

Göründüyü kimi, respublika ərazisində uzun müddət ərzində inşa edilmiş yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı proseduru sadələşdirilməkdədir, belə ki, vətəndaşlar 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş və hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində mülkiyyət hüququnu yalnız torpağa dair mülkiyyət hüququ haqqında sənədi təqdim etməklə əldə edəcəklər.

«Daşınmaz əmlakın dövlət reyestri» haqqında qanuna edilən dəyişiklik ölkədə mövcud olan və indiyədək sənədləşdirilməyən çoxsaylı fərdi evlərin sənədləşdirilərək dövlət qeydiyyatına alınmasına imkan verəcək. Bununla da belə evlərin sahibləri olan minlərlə ölkə vətəndaşının əmlakı dövlət qeydiyyatına alındığına görə, hüquqi cəhətdən qorunacaq.

Fərdi evlərin qeydiyyatının belə sadələşdirilməsi və sənədləşdirilməsi həmin evlərin rəsmi əmlak dövriyyəsinə cəlb edilməsinə imkan yaradacaq. Nəticədə həmin evlərlə rəsmi əməliyyatlar aparmaq – alıb-satmaq, bağışlamaq, müxtəlif məqsədlərlə girov qoymaq və s. mümkün olacaq.

Nəhayət, fərdi evlərin sənədləşdirilməsi həmin evlərə görə əmlak vergisinin daha düzgün hesablanaraq tam şəkildə toplanmasına imkan verəcək.

Həyət evlərinin qeydiyyatı sadələşdi – Qanunda dəyişiklik

  • 24-11-2016, 13:56
  • 404


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI