İlham Əliyev: "Azərbaycan hazırda Avropa üçün yeganə yeni qaz mənbəyidir"

İlham Əliyev: "Azərbaycan hazırda Avropa üçün yeganə yeni qaz mənbəyidir"

"Əminəm ki, bu biznes forum bu istiqamətdə çox mühüm addım olacaq".



"Azərbaycan hazırda Avropa üçün mövcud olan yeganə yeni qaz mənbəyidir. Bütün digər potensial təchizatçıları da tanıyırıq. Lakin digər təchizatçılara gəldikdə, təchizatın mümkünlüyü hələ də çox aydın deyil. Bizə gəldikdə isə artıq bəzi qonşularımızla qazın satışı ilə bağlı müqavilə də imzalamışıq".
Xeberdar.net ANS PRESS-ə istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Çex Respublikasının prezidenti Miloş Zemanla birlikdə iştirak etdiyi forumda bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycanın nəhəng qaz ehtiyatlarını, yəni ölkəmizin təsdiqlənmiş 2.6 trilyon kubmetrlik qaz ehtiyatlarını nəzərə alsaq, bu layihə gələn onilliklər üçün kifayət edəcək layihədir: "Fikrimcə, bu layihənin icrasında biz Çexiya şirkətləri ilə əməkdaşlıq yollarını müəyyən edə bilərik və eyni zamanda, müəyyən mərhələdə biz Çex Respublikasına təchizat məsələlərini də nəzərdən keçirə bilərik. Çünki Azərbaycan təbii resurslarını təchiz edəcək ölkələrin coğrafiyasını da genişləndirə bilər.

Əlbəttə, Azərbaycanda daha çox Çexiya şirkətlərini investor kimi görmək istərdik. Ölkəmizdə yaxşı sərmayə mühiti var və xarici sərmayələr qanunvericiliyimizlə lazımi şəkildə qorunur. Ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılmışdır. Onların təqribən 30-35 faizi birbaşa xarici sərmayələrdir. Hətta iqtisadi böhranın ağır illərində ölkədə çox yüksək xarici sərmayə səviyyəsini görürük. Xarici şirkətlər bizə etimad göstərir, bizi tanıyırlar. Biz etibarlı tərəfdaşıq və hər zaman öhdəliklərimizi yerinə yetiririk. Sərmayə mühiti çox müsbətdir".


Forumdan görüntü

Dövlət başçısının sözlərinə görə, bundan əlavə, Azərbaycan iqtisadiyyatı dünyanın 40 ən rəqabətcil iqtisadiyyatlardan biridir: "Davos Dünya İqtisadi Forumunun hesablamalarında qlobal rəqabətə davamlılıq indeksinə görə, biz 38-ci yerdəyik. Bu nəticəni biz qısa müddət ərzində əldə etmişik. Müstəqilliyimizi bərpa etdiyimiz vaxt iqtisadiyyat 100 faiz dövlət sektorunda formalaşırdı. Hazırda iqtisadiyyatın, ümumi daxili məhsulun 80 faizindən çoxu özəl sektor tərəfindən təmin edilir. Fikrimcə, şirkətləriniz üçün kənd təsərrüfatı sahəsi cəlbedici ola bilər. Çünki ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri, o cümlədən geniş qonşu bazarlara asan çıxış kənd təsərrüfatı sahəsində sərmayə qoymaq və birgə müəssisə qurmaq baxımından Azərbaycanı maraqlı məkana çevirir. Hesab edirəm ki, bu imkan da nəzərdən keçirilə bilər.

Son bir neçə il ərzində biz müasir yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq. Artıq kosmos sənayesini yaratmışıq. İki peykimiz var. Biri telekommunikasiya sahəsində “Azerspace”, digəri isə, müşahidə işində “Azerisky” peykləridir. Bir sözlə ölkədə kosmik sənaye də inkişaf edir. Elmi təsisatlarımız səviyyəsində də birgə fəal iş apara və əməkdaşlığımızı daha da genişləndirə bilərik".

Prezident qeyd edib ki, Azərbaycanda ümumi iqtisadi vəziyyətə gəldikdə, durum sabitdir: "Bu ilin ilk 8 ayı ərzində, iqtisadiyyat 4 faizdən çox artmışdır. Qeyri-enerji sektorunda artım 7 faizdən çox olmuşdur. Birbaşa xarici borcun səviyyəsi çox aşağıdır və təxminən 10 faizdən bir az çoxdur. Bütün bunlar sərmayələrin cəlb edilməsində və müxtəlif şirkətlərlə əməkdaşlıq qurulmasında çox müsbət elementlərdir. Dünən biz Azərbaycan şirkətlərinin Çex Respublikasına sərmayə yatırmaq imkanlarını da müzakirə etdik. Sizin ölkə sərmayələr baxımından çox cəlbedicidir və inkişaf edib. Ölkəniz güclü sənaye potensialına və iqtisadi sabitliyə malikdir. Bildiyimizə görə, bir çox Avropa ölkələrində çətin iqtisadi və maliyyə vəziyyəti inkişafınıza mənfi təsir göstərməyib. Rəhbərliyinizi bu nailiyyətlərə görə təbrik etmək istərdim.



Hesab edirəm, ölkələrimiz öz bölgələrində nümayiş etdirirlər ki, güclü siyasi iradə, yalnız milli maraqlara əsaslanan müstəqil xarici siyasət və çox düşünülmüş iqtisadi siyasət ilə biz uğurları əldə edə bilərik və hətta çətin vaxtlarda da iqtisadi sabitliyi qoruyub saxlaya bilərik. Çünki, təsəvvür edin, neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsi bizim üçün ciddi çağırışdır. Bu il üçün büdcəmiz qəbul edilən zaman, neftin qiyməti bir barrelə 90 dollar səviyyəsində hesablanmışdı. Lakin indi və ya dünən qiymət 46 dollar olmuşdur. Aydındır ki, gözlədiyimiz gəlirləri almadıq. Amma şaxələndirmə sayəsində və ümumi daxili məhsulun 70 faizinin qeyri-enerji sektorunda istehsal olunması nəticəsində sabitliyi qoruyub saxlaya bildik, bütün sosial proqramları həyata keçirdik və sərmayələri hələ də davam etdiririk. Başqa sözlə, mən işgüzar dairələrimiz arasındakı əməkdaşlığa çox nikbin baxıram. Birincisi, güclü siyasi dəstək var. Bunu bu gün biz nümayiş etdiririk. İkincisi, əməkdaşlıq sahəsində artıq çox müsbət təcrübə var. Üçüncüsü isə, iqtisadiyyat və işgüzar qruplarımızın potensialı çox böyükdür və biz yeni əməkdaşlıq sahələrini tapmaq üçün hər şeyi etməliyik. Əminəm ki, bu biznes forum bu istiqamətdə çox mühüm addım olacaq.

İlham Əliyev: "Azərbaycan hazırda Avropa üçün yeganə yeni qaz mənbəyidir"

  • 16-09-2015, 21:22
  • 906


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI