İranda aksiyanın əsas təşkilatçısı həbs olunub

681 5-01-2018, 09:19 dunya / gundem

İranda aksiyanın əsas təşkilatçısı həbs olunub
Ordu komandanlığı bildirib ki, aksiyaların təşkilatçıları “Xalqın Mücahidləri” qruplaşması olub

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) baş komandanı Məhəmməd Əli Cəfəri son hadisələrlə bağlı geniş açıqlama ilə çıxış edib. “Təsnim” Xəbər Agentliyinin məlumatına görə, ordu komandanı baş verənləri düşmənlərin təxribatı adlandırıb.

Son olayları “yeni fitnənin boşa çıxması” adlandıran Cəfər açıqlamasında bildirib ki, təxribatçılar dinc etirazçıları öldürüb daha sonra qətllərə görə hökumət qüvvələrini ittiham etmək istəyiblər. Ancaq hüquq-mühafizə orqanlarının hazırlığı və xalqın bəsirəti sayəsində bu cəhdlər baş tutmayıb.

SEPAH komandiri bəyan edib ki, təxribatçıların liderləri ələ keçib. Onun sözlərinə görə, təxribatçılar “Xalqın Mücahidləri” qruplaşması tərəfindən təlim keçilmiş və hazırlanmış şəxslər olub.

Eyni zamanda Cəfəri ABŞ, İsrail və Qərb ölkələrinin İran xalqına dəstək çağırışlarının saxta olduğunu deyib və əlavə edib ki, onlar həqiqətən də İran xalqına kömək etmək istəsəydilər embarqoları ləğv edərdilər. Eyni zamanda o, baş verənlərin hökumətin mövqeyini gücləndirəcəyinə işarə edib. Sitat: “Allah İslam İranın düşmənlərini axmaq olaraq yaradıb. Çünki onlar iranlıların aşuraçı, azadlıqsevər və mübarizə məktəbini bilmədikləri üçün hər dəfə böhran yaratmağa çalışanda xalq və hökumət rəsmiləri arasında həmrəylik və birliyi daha da artırırlar”.
İranda aksiyanın əsas təşkilatçısı həbs olunub
SEPAH komandiri eyni zamanda hökumətə də mesaj verib. Cəfəri bildirib ki, iqtisadi problemlər, bahalıq və işsizlik hər zaman İran xalqının dərdləri sırasında olub. Bu səbəbdən də rəsmilərin xalqın problem və çatışmazlıqlarını öyrənib və həll etməyə çalışması lazımdır.

Qeyd edək ki, SEPAH komandanı ilə yanaşı, yanvarın 4-də İran ordusu komandanı Əbdülrəhim Musavəi də açıqlama ilə çıxış edib. Ordu komandanı yaydığı rəsmi açıqlamada qeyd edib ki, xalq və hökumət qüvvələri baş verən etirazları yatırıb. Ancaq ehtiyac yaranacağı təqdirdə hərbi qüvvələr də hərəkətə keçməyə hazırdır. Təhlükəsizlik qüvvələrinə təşəkkür edən Musəvi bildirib ki, İranda nümunəvi təhlükəsizlik vəziyyətinin pozulmasında ABŞ, İsrail və eləcə də “Xalqın Mücahidləri” qruplaşmasının rolu olub. Eyni zamanda bildirib ki, İran ordusu bu cür provokasiyaların qarşısını almaq üçün hərəkətə keçməyə hazırdır.

Xatırladaq ki, İranda aksiyalar dekabrın 28-də Məşhəd şəhərində başlayıb. Sosial tələblər, işsizlik, bahalaşma şüarları ilə başlayan aksiyalar sonradan siyasi tələblərə çevrilib, hökumət və rejim əleyhinə çağırışlar olub. İğtişaşlar nəticəsində 12 nəfər aksiya iştirakçısı, bir neçə asayiş keşikçisi öldürülüb. Hazırda hadisələrin sangidiyi, əsas etirazların dayandığı bildirilir.

"Yeni Müsavat"

XƏBƏR LENTİ