Abşeron icra hakimiyyəti təkzib edir - "Yalan və şantajdı..."

931 19-01-2018, 16:17 cemiyyet / gundem

Abşeron icra hakimiyyəti təkzib edir - "Yalan və şantajdı..."Bu günlərdə bəzi saytlarda Abşeron Rayon İcra Hakimiyyəti haqda yazı dərc olunub. Həmin yazıda bildirilir ki, icra hakimiyyəti əlil olan bir vətəndaşın evini zorla sökdürür. Bu xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün musavat.com Abşeron Rayon İcra Hakimiyyətinə sorğu yollayıb. RİH-nin ictimaiyyətlə əlaqələr şöbəsindən musavat.com-a bildirilib ki, yayılan xəbər həqiqəti əks etdirmir: "Bu günlərdə facebook sosial şəbəkəsində Abşeron rayonunda evi sökülən sakin haqqında video yayılıb. Bu video həqiqətdən uzaq, şantaj, təxribat xarakterli olmaqla birmənalı olaraq vəzifəli şəxslərin nufuzuna xələl gətirilməsinə hesablanmış bir addımdır.

Özünü Qarabağ əlili adlandıran həmin şəxs heç bir vaxt Abşeron Rayon İcra Hakimiyyətində olmayıb, rayon rəhbərliyi ilə görüşməyib və onlarla ünsiyyət qurmayıb".

İcra hakimiyyətindən o da bildirilib ki, videodakı vətəndaşın ev inşa etməyə çalışdığı ərazi tamamilə başqa bir şəxsə aiddir və başqasının ərazisində ev tikməyə cəhd edib: "İki vətəndaş arasında olan məsələdə Rayon İcra Hakimiyyətinin adının hallandırılması anlaşılan deyil. Eyni zamanda, videodan da açıq-aydın görünür ki, həmin ərazidə heç bir yaşayış evi yoxdur. İkinci bir tərəfdən, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən, ümumiyyətlə, söküntü işləri həyata keçirilmir və videoda səslənən fikirlərin heç biri həqiqətə uyğun deyil.

Bununla belə, sözügedən ərazidə yaşayış evlərinin olmadığı da diqqətdən yayınmamalıdır. Hər bir vətəndaş ölkənin qanunvericiliyinə hörmət etməli və qanunların tələblərini yerinə yetirməlidir.

Bir daha qeyd etmək istərdik ki, sözügedən videoda səslənən fikirlər uydurulmuş, şantaj xarakteri daşıyaraq bu günə qədər aparılan məqsədli kompaniyanın tərkib hissəsidir".

Xeberdar.net

XƏBƏR LENTİ