Nardaranda 15 hektar torpağa kimlər goz dikib ?

819 22-01-2018, 14:41 siyaset / cemiyyet / gundem

Nardaranda 15 hektar torpağa kimlər goz dikib ?
“Azərbaycan” Nəşriyyatının rəhbərliyinin Nardaran qəsəbəsində vətəndaşın mülkiyyət hüququnu pozması haqda cumhuriyyet.az-a şikayət məktubu daxil olub. Şikayətdə “Azərbaycan” nəşriyyatının nümayəndəsi olan Azər Qasımov adlı şəxsin özünü Prezident Adminstrasiyasının işçisi kimi təqdim etdiyi bildirilir. Maraqlıdır ki, “Azərbaycan” nəşriyyatı bir zamanlar “Prezident Aparatı İşlər İdarəsi”nə aid sayılıb və bu faktoru vəsiqədə xüsusi qeyd etməklə cılız “media reketliyi” həyata keçirilirdi. İndi isə belə aydın olur ki, bu Prezident Adminstrasiyası adından reketiliyi Nəşriyyat rəhbərliyi ələ keçirib. Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, A.Qasımov “Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “sağ əli” rolunda çıxış edir.

“Nəşriyyat” 27 il əvvəlin hüquq davasını edir

Beləliklə şikayətdə bildirilir ki, özünü “prezident aparatının işçisi” kimi təqdim edən və eyni zamanda “Azərbaycan” nəşriyyatının nümayəndəsi olan Azər Qasımov adlı şəxs qanunsuz olaraq vətəndaşın tərəfindən qorunan mülkiyyətimizə müdaxilə edərək, çıxarışlı torpaqların hasarlarını sökərək cinayət əməli törətmişdir və bu günə kimi törətməkdə davam edir. Bununla bağlı cumhuriyyet.az məlumat verir ki, Azər Qasımov “Azərbaycan” Nəşriyyatı adından məhkəməyə müraciət edərək Nardaran Qəsəbə sakini Əzimov Valis Əlibaba oğlunu Abşeron rayon Zəhmətkeş Deputataları Soveti İcraiyyə Komitəsi tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan SSR “Kommunist” nəşriyyatına ayrılmış və 20 fevral 1981-ci il tarixli “Torpaqdan İstifadə Hüququna aid Dövlət aktı”nda göstərilən sərhədlər daxilində olan 15 hektar torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər onun hesabına sökülməsini məhkəmədən xahiş etmişdir. Ali məhkəmənin yekun qərarı ilə iddia qismən təmin edilərək icraya yönəlmişdir.

Məhkəmə qərarı var, icra etmək üçünsə natura yoxdur

Amma məsələ bununla bitmir. Qeyd edilən icra vərəqəsinin bir ildən çox müddətdə verilməsinə baxmayaraq, uzun müddət onun icrası mümkün olmayıb, Belə ki, məhkəmə icraatı zamanı iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadığından, qətnamənin nəticə hissəsində də, konkret torpaq sahəsi və koordinatları göstərilmədiyindən, tələbkarın tələb etdiyi torpaq sahəsini ona vermək mümkün olmayıb. Bu barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra işinin təxirə salınmasına dair 05.10.2017-ci il tarixli Aktında da göstərilmişdir. Həmin akta əsasən icraya dəvət olunmuş ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsinin Sabunçu şöbəsinin müdiri Vuqar Bəşirov və Bakı şəhər Ərazi İdarəsinin yerqurluşu üzrə mühəndisi İmran Bahadov bildirdilər ki, icra sənədində qeyd olunan 20.02.1981-ci il tarixli “Torpaqdan istifadə Hüququna aid Dövlət aktı”nda göstərilən 15 hektar torpaq səhəsinin istinad nöqtələri göstərilmədiyinə və həmin nöqtələri müəyyən etmək mümkün olmadığına görə mübahisəli torpaq sahəsini müəyyən etmək mümkün deyildir.

“Nəşriyyat” qanuna qarşı torpaq davası edir

İcra işinin icrası mümkün olunmadığından İçra şöbəsi icra sənədini məhkəməyə geri qaytarmalı olduğu halda, 19 oktyabr 2017-ci ildə Azər Qasımov tərəfindən ona təqdim olunmuş “Azərbaycan SSR Abşeron rayonu Maştağa südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi”ni Abşeron rayon Dövlət Arxivindən əldə edilmiş xəritəni əsas götürərək Nəşriyyata aid olmayan15 hektar torpaq sahəsini ona təhvil verilməsi barədə Akt tərtib edərək icra işinə xitam verilməsi barədə qərar qəbul etmişdir. İcra şöbəsi icra vərəqəsi üzrə tələbkara aid 15 hektar torpaq sahəsindən borclunu çıxartmadan, həmin torpaq sahəsində inşa edilən istixanalar və özbaşına tikililər sökülmədən və torpaq sahəsinin koordinatları naturada müəyyən olunmadan tələbkara aid olmayan torpaq sahəsini ona təhvil verilməklə icra işinə xitam verilməsi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə ziddiyat yaradır.

Azər Qasımov – Prezident Aparatının işçisi, yoxsa?..

Onu da nəzərinizə çatdırmaq istəyirik ki, Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin nümayəndələri “Azərbaycan” Nəşriyyatına aid torpaq sahəsinin söküntü aparılan ərazi ilə heç bir aidiyyəti olmadığını bildirərək, Sabunçu rayon İcra Şöbəsinin məhkəmə icra sənədi üzrə torpağın tələbkara təhvil verilməsi barədə aktı imzalamaqdan imtina etmişlər. İcra Şöbəsinin əməkdaşları icra yerinə gəlmədən (İştirak etməkdən imtina etmişlər) Azər Qasımov sakinlərin yaşadığı ərazi “Azərnaycan” Nəşriyyatına məxsus olduğunu bildirərək, heç vaxt məhkəmədə mübahisələndirilməyən, sakinlərin qanunla qorunan mülkiyyət hüququnu heçə sayaraq söküntü işini bu günə kimi aparır. Bununla bağlı şikayətçi cumhuriyyet.az-a ünvanladığı məktubda yazır: “Azər Qasımov bizə aidiyyəti olmayan məhkəmə qərarını əsas gətirərək, dövlət tərəfindən qeydə alınmış və hər bir torpaq sahəsinə çıxarışlar verilmiş mülkiyyətimizə müdaxilə edərək və guya “Azərbaycan” nəşriyyatının istifadəsində olan ərazi olduğunu bildirərək, 26 dekabr 2017-ci il tarixdə polis əməkdaşlarının müşahidəsi ilə ağır texnika vasitəsindən istifadə edərək torpaq sahələrimizin hasarlarını qanunsuz olaraq sökmuşdur. Baxmayaraq ki, bizim qanuni mülkiyyətimizdə olan torpaq sahələrimiz hər hansı bir məhkəmədə mübahisələndirilməmişdir, Azər Qasımov, “xoşum gəlir sökürəm” ifadəsi ilə polislərin biganəliyini fürsət bilib “Azərbaycan” Nəşriyyatına aid olmayan, Nardaran sakinlərinə məxsus torpaq sahələrinin hasarlarını sökmüşdür”.

Polis “Nəşriyyat” qoçusundan çəkinir?

Xüsusi ilə qeyd etmək istəyirik ki, polis əməkdaşları Azər Qasımovun bu qanunsuz və cinayətkar əməllərinin qarşısını almağa heç bir səy göstərmədən müşahidə edirlər. Hadisə yerində qəsəbə sakinlərinin Azər Qasımovun cinayətkar əməllərinə son qoyulması tələbinə polis əməkdaşları bildirmişdilər ki, onlar yalnız asayışı qorumaqda görəvlidirlər. Nədənsə, polis əməkdaşları sakinlərin xüsusi mülkiyyətində olan torpaq sahələrinin hasarlarını qanunsuz olaraq sökülməsini – asayışın pozulması kimi qəbul etməmişlər və sadəcə sakinlərin bu qanunsuzluğa və cinayətkarlığa emosional reaksiya verilməməsinin qarşısını almaq məqsədi ilə həmin hadisə yerinə gəlmişlər. Şikayətçilər cumhuriyyet.az-a bildirir: “Azər Qasımovun bu cinayətkar əməlinə görə DİN-nin 102 xidmətinə və Sabunçu rayon Pİ-nin 42-ci polis bölməsinə ərizə ilə müraciət etməyimizə baxmayaraq, Respublikanın hüquqmühafizə orqanı Azər Qasımovun barəsində qanuna müvafiq tədbir görülməklə məsuliyyətə cəlb edilməyib və o, qanunsuz söküntü işlərini bu günə kimi davam etdirir”.
Nardaran sakini olan şikayətçilər “Azərbaycan” Nəşriyyatının qanunsuz və cinayətkar əməllərini içtimailəşdirməklə hüquqlarının bərpasını istəyir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

XƏBƏR LENTİ