Emin Həsənli: “Türkiyənin hərbi və diplomatik uğurları qürurvericidir”

841 23-01-2018, 19:23 dunya / gundem

Emin Həsənli: “Türkiyənin hərbi və diplomatik uğurları qürurvericidir”“Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyat tam haqlı və ədalətli əməliyyatdır”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

E. Həsənli deyib ki, bu əməliyyat tək Türkiyə dövlətinin maraqlarını yox, həm də bölgədə sülhü və ədaləti qorumaq üçündür: “Həmin bölgədə yetişən terrorçular son illər dünyanın ayrı-ayrı ölkələrində terror hadisələri törədiblər. Xüsusən həmin bölgə sülh və sabitlik üçün böyük təhdiddir. Uzun müddətdir ki, Suriyada bu hadisələr davam edir və hamı bu hadisələrin sona çatmasını istəyir, Suriyada sabitlik yaransın. Suriyada sabitliyin olmaması qonşuluqdakı qardaş Türkiyəni təhdid edir. Həm Türkiyəyə suriyalı qaçqınlar gəlir, həm də orada yetişən terrorçular Türkiyənin ərazi bütövlüyü, müstəqilliyi üçün də çox böyük təhdiddir. Bu terrorçular Türkiyənin ayrı-ayrı şəhərlərində xeyli terror hadisələri törədiblər. Bölgədə gərgin vəziyyətin davam etməsi dünya birliyi və bölgədə maraqlı olan dövlətlər üçün çətin bir durum yaradıb”.

E. Həsənli Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatın uğurla başa çatacağını vurğulayıb: “Türkiyənin Kiprdə həyata keçirdiyi əməliyyatdan sonra bu, ölkədən kənarda keçirilən ən böyük əməliyyatlardan biridir. Türkiyənin peşəkar nizami ordusu var, peşəkarlığı və nizam-intizamı baxımından demək olar ki, NATO-nun birinci ordusu hesab edilir, Türkiyə ordusu Avropanın ən güclü ordusudur. Türkiyə xalqının da vətənpərvərliyi bütün dünya üçün nümunədir. Çanaqqala və Kipr savaşları bunun bariz nümunəsidir. Bu gün Türkiyə ordusunun Afrin bölgəsində keçirdiyi əməliyyata Türkiyə xalqı, siyasi partiyalar, mətbuat dəstək verir. Azərbaycan da hər zaman Türkiyəyə qardaş dəstəyi verir, bu, qarşılıqlıdır. Hər zaman Azərbaycan Türkiyəyə, Türkiyə Azərbaycana qardaş dəstəyini əsirgəməyib. Türkiyə ordusunun Afrin əməliyyatı bizi çox sevindirir. Hesab edirik ki, bu əməliyyat qısa müddətdə böyük uğurla yekunlaşacaq. Türkiyənin diplomatik, hərbi uğurlar əldə etməsi bizim üçün də qürurvericidir. Türkiyənin regionda, dünyada nüfuzunun artması Azərbaycan, Azərbaycanın regionda, dünyada nüfuzunun artması Türkiyə üçün önəmlidir”.

E. Həsənli 2016-cı ilin aprelində həyata keçirilən əməliyyatın Azərbaycan ordusunun gücünü, peşəkarlığını ortaya qoyduğunu nəzərə çatdırıb: “Aprel hadisələri zamanı Türkiyə Azərbaycana birmənalı dəstək verdi. Azərbaycan dövləti və xalqı da Türkiyəyə birmənalı dəstəyini nümayiş etdirir. İnşallah, Afrin əməliyyatı uğurla yekunlaşacaq. Yeni dünya düzəninin formalaşmasında Türkiyənin rol alması, regionda baş verən hadisələrə adekvat cavab verməsi, Rusiya və İranla koordinasiya olunmuş fəaliyyət göstərməsi, bir çox güclərin Türkiyə ilə hesablaşması önəmlidir. Bu, Türkiyə diplomatiyasının, hərbisinin qələbəsidir. Biz də bundan böyük qürur hissi keçiririk. Keçən ilin aprel hadisələrində Azərbaycan ordusunun hərbi uğurları, xalqımızın vətənpərvərliyi türk millətinin nə qədər cəsur olmasının nümunəsidir. Heydər Əliyev Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu bəyan edib. Atatürk də deyib ki, Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri Türkiyənin kədəridir. İnşallah, Azərbaycan belə əməliyyatı işğal altındakı ərazilərində keçirəcək, qısa müddətdə bu əməliyyatlar başa çatacaq və Azərbaycan bayrağı Xankəndində dalğalanacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ