Azərbaycan fəlsəfəsi tarixinin tədqiqində, tədrisində və təbliğində M.M.Ağamirovun rolu

1 167 28-01-2018, 18:46 kose / gundem

Azərbaycan fəlsəfəsi tarixinin tədqiqində, tədrisində və təbliğində M.M.Ağamirovun rolu
Azərbaycan fəlsəfəsi tarixinin tədqiqi, təbliği və tədrisində Əməkdar Elm Xadimi, Fəlsəfə elmləri doktoru, professor Midhət Ağamirovun xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Çünki o, təkcə Azərbaycanda deyil, SSRİ-nin bir çox elmi mərkəzlərində taninmiş filosof idi.

M.Ağamirov hələ on doqquz yaşında ikən “Gənc işçi” qəzetində çalışmış, “Gənc bolşevik” jurnalında məsul katib, “Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi əməkdaş kimi fəaliyyət göstərmişdir. 15 il həmin institutda böyük elmi işçi vəzifəsində çalışmaqla bərabər, bir sıra ali məktəblərdə dərs də demişdir.

1947-ci ildə S.M.Kirov adına ADU-da “Mirzə Ələkbər Sabirin ictimai-siyasi baxışları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 20 il Azərbaycan SSR EA Fəısəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. Doqquz il həmin institutda “Marksizm-leninizm fəlsəfəsinin tarixi” şöbəsinin, 1986-cı ildən ömrünün sonuna kimi “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.
M.Ağamirov 1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Respublikanın bir sıra ali məktəblərində fəlsəfə elminin tədrisi ilə məşğul olmuş, fəısəfə kafedralarında assistent, baş müəllim, dosent və professor vəzifələrində işləmişdir.

M.Ağamirov XX əstin əvvəllərində Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin, marksist-leninçi fəlsəfənin aparıcı tədqiqatçılarından biri olmuşdur. İşlədiyi müddətdə on monoqrafiya çap etdirmişdir: “Mirzə Ələkbər Sabirin dünyagörüşü”(1962), “Azərbaycan ictimai fikrində milli məsələ” (1963), “Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən”(1965), “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən”(1971), “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir”(1980), “Abdulla Şaiqin dünyagörüşü”(1983), “Məhəmməd Hadinin fəlsəfəsi” (1987), “Azərbaycanda marksist-leninçi təlimin yayılması” (1988), “Azərbaycan romantiklərinin dünyagörüşü” (1989), “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi” (1989).

M.Ağamirovun “M.Ə.Sabirin dünyagörüşü”, “Abdulla Şaiqin dünyagörüşü”, “Məhəmməd Hadinin fəlsəfəsi” adlı monoqrafiyaları və XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi fikir tarixinə aid orijinal elmi tədqiqatları, habelə tarixi-fəlsəfi mövzulara aid məqalələri xüsusilə çox dəyərlidir. Çox ciddi və tələbkar olan M.Ağamirovun fəlsəfə, xüsusən marksizm-leninizm fəısəfəsi sahəsindəki uğurları onu təkcə respublikada deyil, onun hüdudlarından çox-çox kənarlarda da tanıtmışdı.

1960-cı ildə M.Ağamirovun “M.Ə.Sabirin dünyagörüşü” adlı kitabı nəşr olunur. Alim bu əsəri ilə marksist-leninçi təlimin, marksist-leninçi ideologiyanın, marksist-leninçi fəlsəfənin təbliği və müdafiəsi mövzusundan “uzaqlaşaraq”, Azərbaycan fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisi ilə məşğul olmağa başlayır.

Həmin monoqrafiya “Bir neçə söz”, “Müqəddimə” və 4 fəsildən ibarətdir. “Müqəddimə”də böyük şairimizin yaşayıb-yaratdığı dövrün xarakteristikası haqqında geniş məlumat verilir. Rusiyada və o cümlədən Azərbaycanda mövcud olan sosial-siyasi və iqtisadi durum, müstəmləkə boyunduruğu altında inləyən məzlum və məhkum xalq kütlələrinin acınacaqlı vəziyyəti, ölkədə baş verən qarışıq hadisələr, siniflər mübarizəsi, inqilabi azadlıq hərəkatları, ədalətsizlik, haqsızlıq, zülm və istismarın törətdiyi ağır nəticələr haqqında dölğun məlumat verilir.

Bu hadisələrin canlı şahidi olan M.Ə.Sabir öz qələmi ilə proletariatın tərəfində durur, burjuaziya və mülkədarlara qarşı barışmaz mövqe tutur, haqsızlığı, zülm və istismarı kəskin tənqid və ifşa edən şeirlər yazır. İnqilaba qədər dini-sxolastik ruhda şeirlər yazan M.Ə.Sabir inqilabdan sonra gerçəkliyi özündə əks etdirən daha ciddi məzmunlu əsərlər yazmağa başlayır. Köhnəlik və yeniliyin mübarizəsində yeniliyi müdafiə edir, insanları öz hüquq və haqlarını tələb etməkdə əzmkarlıq göstərməyə çağırırdı.

Müəllif M.Ə.Sabiri inqilab, yenilik, milli azadlıq hərəkatının, mütləqiyyət quruluşunun məhv edilməsinin, zülm və istismarın aradan qaldırılmasının tərəfdarı kimi oxucuya təqdim edir. Milli məsələdən danışarkən, Sabiri beynəlmiləlçiliyin, bütün xalqların dostluq və qardaşlıq şəraitində yaşamalarının və həmrəy, çətinliklərə, əsarətə, haqsızlığa, ədalətsizliyə qarşı mübarizədə yekdil olmalarının tərəfdarı və müdafiəçisi kimi səciyyələndirir.

M.Ə.Sabirin dinə münasibəti haqqında danışarkən göstərir ki, Sabir elə bir dövrdə, elə bir mühitdə yaşayıb yaradırdı ki, cəhalət, xurafat və mövhumat meydan sulayırdı. Genişlənməkdə olan mili azadlıq hərəkatı və siniflər mübarizəsinin kəskinləşməsi hakim siniflərlə yanaşı, mühafizəkar ruhaniləri, xalqdan, millətdən uzaq düşmüş din başçılarını da qorxuya salmışdı. Hiss edirdilər ki, inqilab dalğası onları da xidmət etdikləri ağaları ilə birlikdə süpürüb aparacaqdır. Ona görə də bu oyanmanın, canlanmanın, yeniliyin qarşısını almaq üçün dindən istifadə edir, hökumətə, dövlətə, onun rəhbərliyinə ağ olmağı küfr kimi qələmə verir, bu əməllərinə görə cəhənnəm odunda yanacaqları ilə qorxudur, hakim sinfin mürtəce siyasətinə kömək etmiş olurdular.

M.Ə.Sabiri azadlıq carçısı, bərabərlik və qardaşlıq ideyalarının müğənnisi adlandıran müəllif, eyni zamanda, onu avamlıq və nadanlığa, cəhalət və geriliyə, ictimai həyatın irəliləməsi yolu üzərindəki əngəllərə qarşı alovlu bir mübariz kimi dəyərləndirir. M.Ağamirov qeyd edir ki, Sabirin müxtəlif illərdə yazdığı qəzəllərində dini mövhumat əleyhinə söylənilən misralara da təsadüf edilir. Məsələn:
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə.

Müəllif Sabirin dinə münasibətini, demək olar ki, reallığa uyğun şəkildə oxuculara çatdıra bilmişdir. Kitabın üçüncü fəsli “M.Ə.Sabirin əxlaqi görüşləri” adlanır. Bu fəsil üç paraqrafdan ibarətdir. Birinci paraqraf “İslam dini əxlaqının tənqidi”, ikinci paraqraf “Hakim siniflərin əxlaqının tənqidi”, üçüncü paraqraf isə “Şairin əxlaqi görüşlərinin bəzi cəhətləri” adlanır.

M.Ağamirov qeyd edir ki, sinfi cəmiyyətdə hər bir sinfin əxlaqi görüşləri həmin sinfin mənafeyini müdafiə edir. M.Ə.Sabir də həmişə zəhmətkeş, məzlum, istismar edilən, hüquqları tapdalanan geniş xalq kütlələrinin tərəfində durur, hakim irticaçı sinfin mürtəce xarakter daşıyan əxlaqi görüşlərini ciddi şəkildə tənqid edirdi.. Bu tənqid daha çox islam dini əxlaqına qarşı yönəlmişdi.

Dini əxlaq insanları real, gerçək olan bu dünyaya uymamağa, mal, dövlət, sərvət həvəsinə düşməməyə, bu dünyaya çox da bağlanmamağa çağırırdı. Əsil xoşbəxtliyin, firəvan həyatın, zövq və səfanın o dünyada-axirət dünyasında olduğunu təbliğ edirdi. M.Ə.Sabir də dini əxlaqın bu cür təbliğini ifşa edib, bu dini əxlaqın ancaq məzlum və məhkum təbəqələr üçün nəzərdə tutulduğunu söyləmişdir.

Midhət Ağamirov Sabirin etik və estetik görüşlərini də geniş və dərindən tədqiq və təhlil edir Görkəmli folosofun bu kitabı çox sadə, hamının başa düşəcəyi, anlayacağı elmi dildə yazılmışdır.Fikirlərdə ardıcıllıq, bağlılıq, güclü məntiq vardır. Hər bir fəsil, hər bir paraqraf üzərində ciddi araşdırmalar aparılmış, irəli sürülən fikir və müddəalar şairin öz əsərlərindən gətirilən konkret faktlarla yüksək səviyyədə işıqlandıra bilmişdir M.Ə.Sabir haqqında çox yazılıb, çoxlu müxtəlif fikirlər söylənilib, dissertasiyalar, monoqrafiyalar hazırlanıbdır. Lakin M.Ağamirovun bu əsəri daha çox fəlsəfi məzmun və xarakter daşıdığına görə özündən əvvəlkilərdən fərqlənir.

1982-ci ildə M.Ağamirovun “Abdulla Şaiqin dünyagörüşü” adlı monoqrafiyası çapdan çıxmışdır. Kitab “Giriş” və 6 fəsildən ibarətdir. “Giriş”də müəllif Abdulla Şaiqin yaşadığı mühitin sosial-siyasi, iqtisadi və mədəni vəziyyətini təhlil edir, o dövrdə hansı cərəyanların, hansı problem və məsələlərin, bunlara müxtəlif mövqedən yanaşan ideoloqların olduğu haqqında məlumat verir.

Müəllif göstərir ki, Abdulla Şaiq uzun və çətin yaradıcılıq yolu keçmişdir. Bu müddət ərzində onun yaradıcılığında ziddiyyətlər də olmuşdur. Lakin bu yaradıcılıq həmişə təkamüldə olmuş, get-gedə inkişaf etmiş, cilalanmışdır. “Giriş”də habelə Abdulla Şaiqin yaradıcılığında olan romantizm və realizmdən də bəhs olunur. Kitabın birinci fəsli “Abdulla Şaiqin fəlsəfi aləmi” adlanır. Burada həmin dövrdə Azərbaycanda yayılan fəlsəfi, sosial-siyasi və elmi- nəzəri baxışlara ümumi bir nəzər salınır.

Müəllif göstərir ki, bu dövrdə Azərbaycanda ən çox yayılan fikir cərəyanları burjua ideologiyası, proletariatın dünyagörüşü və demokratik fikir idi. Bu fikir cərəyanlarının fəlsəfi aspektləri ilə tanış olmaq bizə A.Şaiqin əsərlərində fəlsəfə məsələlərinin necə qoyulduğunu, onun fəlsəfi görüşlərinin hansı istiqamətə yaxınlaşdığını aydınlaşdırmaqda kömək edər.

Midhət Ağamirov burjua cərəyanlarının mahiyyətini açıqladıqdan sonra qeyd edir ki, Azərbaycan burjua ideologiyasında müasir cəmiyyətin mahiyyəti, onun gələcək inkişafı problemi, cəmiyyətdə tərəqqi və tənəzzül, cəmiyyətin həyatını müəyyən edən amillər, onun hərəkətverici qüvvələri, dövlət quruluşu, siniflər və sinfi mübarizə, sosializm, həyatın maddi və mənəvi qüvvələri, gələcək ədalətli ictimai qyruluş kimi problemlər qoyulurdu.
Burjua ideoloqları cəmiyyətin inkişafında obyektiv qanunauyğunluqların olmasını qəbul etmir, onun inkişafının ayrı-ayrı fərdlər və subyektlərin iradəsi ilə müəyyən olunduğunu iddia edirdilər. Daha sonra müəllif göstərir ki, Azərbaycanda güclü sosial fikir cərəyanlarından biri də demokratik cərəyan idi. Bu cərəyana yaxın mövqedə duran Azərbaycan romantiklərinin dünyagörüşü və xüsusilə onların fəlsəfi baxışları bu dövrdə sosial fikrimizin parlaq səhifələrindən birini təşkil edir.

Midhət Ağamirov göstərir ki, Abdulla Şaiqin yaradıcılığının ilk dövrlərində dini təsirlər, ilahi qüvvələrə bel bağlaması və s.həlledici, aparıcı istiqamət səviyyəsinə yüksəlməmişdir. Elə həmin dövrdə onun bir sıra əsərlərində elmi biliklərə yiyələnməyin zəruriliyi haqqında mülahizəlri öz əksini tapır. Şaiq elmi, maarifi, məktəbi insanların ətraf aləmi düzgün dərk etməsi üşün zəruri sayırdı. Təbiətdə ümumi bir dəyişmə hadisəsinin mövcud olduğunu da qəbul edirdi. Şaiq göstərirdi ki, varlıq yox olmur, yoxdan heş bir şey törəyə bilməz, varlıq yalnız öz şəklini dəyişir.

Müəllif qeyd edir ki, cəmiyyətin inkişafı, onun həyatı kimi mühüm məsələlərin şərhində Abdulla Şaiq idealist mövqe tutur, qəzavü qədərə, alın yazısına inanırdı. XX əsrin 30-cu illərində, A.Şaiqə görə, islam dini tarixi irəliləmə üçün bir körpü rolunu oynamışdır, digər tərəfdən, o, islam dininin insanlara zorla, qılınc gücünə qəbul etdirildiyini də göstərir. M.Ağamirov A.Şaiqin sufizm haqqında olan maraqlı yazılarının olduğunu da qeyd edir və göstərir ki, Şaiq sufizmi “öldürücü zehniyyət” adlandırır. Abdulla Şaiq sovet hakimiyyəti illərində din və mövhumat əleyhinə çox ciddi və kəskin çıxışlar etmiş, bir sıra dini ayin və mərasimlərə nifrət və qəzəbini də bildirmişdir.

Ümumiyyətlə, Midhət Ağamirov Abdulla Şaiqin fəlsəfi dünyasını dərindən tədqiq etmiş, ətraflı məlumat vermişdir. Şairin fəlsəfi görüşlərində olan mənfi və müsbət cəhətləri üzə çıxarmış, Şaiq yaradıcılığının daim təkamüldə olduğunu nəzərə çatdırmışdır. M.Ağamirov A.Şaiqi ideallaşdırmır, onun müsbət cəhətlərini, dünyagörüşündəki təkamülü, inkişafı göstərməklə bərabər, nöqsanlarını da, yaradıcılığındakı zəif və çatışmayan cəhətləri də açıqlayır.

Sonrakı yazılarında müəllif qeyd edir ki, A.Şaiqin əsərlərində milli məsələ, milli-müstəmləkə məsələsi, soyğunçuluq müharibələri, xalqlar arasında sülh məsələləri, vətənpərvərlik və beynəlmiləlçilik haqqında söylədiyi mülahizələr çox əhəmiyyətli yer tutur. M.Ağamirov Abdulla Şaiqin etik-estetik və ədəbi görüşlərini də tədqiq etmiş və bu barədə çox geniş məlumat vermişdir. Şairin müharibə, sülh və qadın azadlığı haqqında söylədiyi qiymətli fikir və mülahizələrini üzə çıxarmışdır.

Midhət Ağamirovun sonuncu fəlsəfi əsəri 1987-ci ildə çapdan çıxmış “Məhəmməd Hadinin fəlsəfəsi”dir. Bu əsər “Müqəddimə”, 4 fəsil və “Xülasə”dən ibarətdir. Birinci fəsil “Məhəmməd Hadinin fəlsəfi görüşləri” adlanır və bunun “giriş” hissəsində fəlsəfənin əsas məısələsinə, onun birinci və ikinci tərəfinə burjua ideoloqlarının münasibətləri açıqlanır. Bu aşıqlama ilə müəllif demək istəyir ki, Məhəmməd Hadinin fəlsəfi görüşləri, fəlsəfi baxışları çox mürəkkəb və ziddiyyətli fikir cərəyanlarının mübarizəsi şəraitində formalaşmağa başlamışdır.

M.Ağamirov M.Hadinin sırf fəlsəfə məsələlərinə həsr etdiyi əsərlərin adlarını göstərir və yazır ki, bu əsərlərdə fəlsəfənin əsas məsələsinə, xüsusilə qnoseologiyaya dair müfəssəl mülahizələr irəli sürülür, dialektika məsələsindən, yəni təbiət, cəmiyyət və təfəkkürün sabit, dəyişilməz halda, yoxsa daimi bir hərəkət və dəyişilmə halında olması məsələsindən ətraflı bəhs edilir, zaman və məkan probleminə toxunulur, həmçinin dinə də münasibət bildirilir.

Birinci fəslin birinci paraqrafı “Fəlsəfənin əsas məsələsi”. “Qnoseologiya” adlanır. Müəllif qeyd edir ki, M.Hadi 1906-cı ildə çap edilən “Zaman daima tərəddüd edir” məqaləsində qurana əsaslanaraq göstərir ki, dünya, kainat, təbiət əzəli deyil, sonradan yaradılmışdır. Deməli, M.Hadi bu məsələdə idealist mövqeyində durur.Qnoseologiya məsələsində o, dünyanın dərkedilməzliyi nəticəsinə gəlir. İnsan idrakının qüdrətini inkar edir, təbiətin hələ açılmayan sirləri qarşısında insan ağlının, zəkasının acizliyindən bəhs edir.

M. Ağamirov M.Hadinin dünyagörüşündə əmələ gələn dəyişiklikdən danışarkən, nəzərə çatdırır ki, elmlərin inkişafı, sənayenin, texnikanın yüksəlişi onda insan idrakının gücünə, qüdrətinə inam doğurur. Şair elmlərin gələcək tərəqqisinə dərin ümid bəsləyir və əmin olduğunu bildirir ki, bir zaman gələcək, insanlar məhz elmlərin inkişafı sayəsində başqa səma cisimləri ilə əlaqəyə girəcəklər. Bunu zaman, elm və sənayenin tərəqqisi müəyyən edəcəkdir.

Müəllifə görə, ümumiyyətlə, M.Hadi nə idealizm, nə də materializm mövqeyində ardıcıl olmamışdır. M.Hadi əsərlərində dialektikanın bəzi problemlərinə də toxunmuşdur. Məsələn, o, təbiətin, həyatın daima hərəkətdə, inkişafda olduğunu, hər şeyin dəyişdiyini ümumi qanunauyğunluq kimi qəbul edir, bu dəyişmənin cəmiyyətə və təfəkkürə də aid olduğunu söyləyir.

Midhət Ağamirov yazır:”Qeyd edilməlidir ki, təbiət və cəmiyyətdə baş verən dəyişilmələr haqqında şairin bu illərdə irəli sürdüyü müddəalar müəyyən dərəcədə məhdud xarakter daşıyır. O, inqilablardan bəhs etsə də, bu dəyişilmə, başqalaşma və təzələnmənin başlıca olaraq tədrici yolla, təkamül vasitəsilə baş verməsi müddəasını irəli sürür. Deməli, yaradıcılığının lap əvvəllərində M.Hadi cəmiyyətdə, təbiətdə baş verən dəyişilmə və başqalaşma hadisəsinin səbəblərini ilahi qüvvədə görürdü.

Dövrün, şəraitin özünün ziddiyyətli və mürəkkəb olmasına, M.Hadinin dilinin çətinliyinə, ağırlığına, fikir və düşüncəsinin ziddiyyətli ölmasına, lakin ardıcıl olmamasına baxmayaraq, Midhət Ağamirov bu işin öhdəsindən bacarıqla gəlmiş, M.Hadi kimi romantik mütəfəkkirin fəlsəfi baxışlarını dərindən və ətraflı şəkildə, realistcəsinə və heç bir ziddiyyətə yol vermədən təhlil etmiş, şairə layiq olduğu qiyməti vermişdir.

Kitabın ikinci fəsli “M.Hadinin fəlsəfi görüşləri. Sosial fəlsəfə. Cəmiyyətdə təzadlar. İctimai tərəqqi.Giriş”adlanır. Cəmiyyətdə təzadlar haqqında M.Hadinin fikrini oxuculara çatdırmaq üçün müəllif yazır ki, M.Hadi cəmiyyətin iki böyük qismə bölündüyünü, bunlardan birində varlıların, dövlətlilərin, digərində isə yoxsulların, məzlumların toplaşdıqlarından xəbərdar idi. Onun fikrincə, insanların pis həyat sürməsi, cəmiyyətin böyük bir hissəsinin yoxsul məişəti mənəvi yoxsulluqla, mənəvi mədəniyyətdən məhrum olmaqla bağlı idi.

Daha sonra müəllif qeyd edir ki, M.Hadi cəmiyyətdə mübarizə getdiyini, güclülərlə gücsüzlər arasında çarpışma olduğunu, zalımların məzlumları əzdiklərini, istismar etdiklərini görürdü. Lakin o, yanlış olaraq zənn edirdi ki, cəmiyyətdəki bu mübarizə əzəlidir, həmişə davam edəcəkdir, sinifsiz, ədalətli cəmiyyətə gəlib çatmaq mümkün deyildir. İctimai tərəqqinin gedişi, bu tərəqqiyə səbəb və ona mane olan amillər M.Hadini həmişə düşündürmüşdür. O, bəzən insanların bir-birinə kömək göstərməsini tərəqqi üçün bir səbəb hesab edir. Bundan başqa, maarif ocaqlarının geniş yayılmasını da tərəqqiyə səbəb kimi qəbul edir.

Eyni zamanda, M.Hadi zənn edirdi ki, insanların xoşbəxt yaşaması üçün əsas və başlıca yolu islam dini göstərir. Həmin yol isə hələ bu dinin yarandığı zamanlardan bəri qoyulan qaydalara əməl etməkdən ibarətdir. Onun fikrincə, cəmiyyətin irəliləməsi üçün, ictimai inkişaf üçün insanların həvəsi, şövqü mühüm vasitədir. Məhz həvəs sayəsində istər bütövlükdə millətlər, istərsə ayrı-ayrı şəxslər öz istəklərinə nail ola bilərlər. Bu barədə M.Hadi yazır:”Bütün kainat həvəs ilə, şövq ilə tədvir edir, həvəs ilə intizampəzir olur”(“Həyat” qəzeti № 150, 20 iyul 1906).

Midhət Ağamirov çox düzgün olaraq göstərir ki, M.Hadinin əhvali-ruhiyyəsi daim bir təlatüm keçirir: gah fırtınalı, dalğalı bir ümman kimi coşur, qızğın mübarizələrə çağırışlar, azadlıq uğrunda çarpışmaq sədaları yüksəlir, gah da məyusluq, ruh düşgünlüyü, ümidsizlik onun zehninə hakim kəsilir. M.Hadyə görə, ümumi yüksəlişə, tərəqqiyə çatmaq üçün ən təsirli vasitə cəmiyyətin bütün üzvlərinin əxlaqının yaxşılaşdırılması, saflaşdırılması və maarifə, mədəniyyətə yiyələnməsidir.

M.Hadinin zənnincə, insanlar mütəşəkkil cəmiyyət halında yaşamalıdırlar, insan cəmiyyəti mütəşəkkil qaydada qurulmalıdır. Dövlətlə millət arasında sıx birlik olmalı, onlar əl-ələ verib irəliləməli, ölkədə bütün təzadların, eybəcərliklərin, haqsızlıq və ədalətsizliyin aradan qalxması üçün dövlətlə millət ittifaq düzəltməlidir.

Midhət Ağamirov M.Hadinin inqilablara münasibətini açıqlayaraq qeyd edir ki, şairin fikrincə, inqilab və azadlıq uğrunda tökülən qanlar səmərəsiz qalmır, onun hər damlasından minlərlə gözəl çiçəklıər meydana gəlir. Bu qanlarla suvanmış torpaqda bitən güllər, çiçəklər qırmızı vərəqlərdir, burada vətənin qanlı tarixi yazılmışdır. Buna görə də onların rəngi qırmızı qan rəngindədir. Onların ruhu qanla doludur. İnqilab yolunda tökülən qanlar hədərə getmir.

M.Ağamirov M.Hadinin maarifçiliyə münasibətini açıqlayaraq göstərir ki, ictimai həyat məsələlərində maarifçiliyə xeyli yer verən Hadi elm və maarifin yayılması vasitəsilə sosial həyatda ciddi dəyişiklik və irəliləmə yaradılacağına ümid bəsləyir, mətbuatı millətə, xalqa ümid verən, onun gələcəyini təmin edən, xalqa azadlıqdan istifadə etmək yollarını göstərən bir vasitə hesab edirdi. Bütün bunlarla yanaşı, ictimai tərəqqi və inkişaf haqqında şairin düşüncələrinda yanlışlıq mövcuddur. Şairə görə, elmlərə yiyələnmək, maariflənmək köhnə cəmiyyətin ictimai qaydalarına toxunulmadan, onun tərəqqi yolu ilə gedən bir cəmiyyət halına keçməsinə səbəb ola bilər. İctimai təkamül, tərəqqi maarif yolu ilə mümkündür Bunun üçün başlıca yol məktəblər açılması, maarif və mədəniyyətin geniş yayılmasıdır.

Müəllif M.Hadinin dinə münasibətindən danışarkən göstərir ki, şair dini cəhalətpərəstliyi pisləyir və deyir ki, dini mövhumat ölkənin, xalqın geridə qalmasına səbəb olur. Elm, maarif isə sənaye və texnikanın tərəqqisinə gətirib çıxarır. Ona görə də Qərb ölkələrindən ibrət götürmək, müasir elmlərə yiyələnmək lazımdır.

Tədqiqatçı M.Hadinin yaradıcılığında qadın azadlığı probleminə toxunulduğunu da göstərir və qeyd edir ki, şair Şərqin geriliyinin bir səbəbini də burada qadınların hüquqsuz olmalarında, kölə və müti həyat keçirmələrində görür. O, qadınları azad, elmli, bilikli, savadlı, tərbiyəli, bacarıqlı və mübariz görmək istəyir. Qərbin inkişaf etməsində qadın azadlığının rolunu xüsusi vurğulayır. Qadının pərdə arxasında saxlanılmasını ən böyük bir cinayət adlandıraraq yazır:
...Ey qadın, ey qaranlıq içrə sabah!
Ey həyatın lətif bir səhəri,
Ey cahanın işıqlı bir gövhəri,
Örtülü olduğun yer iştə siyah! (s.251).
M.Ağamirov qeyd edir ki, şairə görə, Qərbdə qadınlar azadlığa çıxmışlar, lakin o, Qərbdə də qadınların ictimai həyatdan kənarda qaldıqlarını, ictimai, iqtisadi və siyasi cəhətdən hüquq bərabərliyi əldə etmədiklərini görə bilmir. Qadın problemi ilə əlaqədqr düşüncələrində o, belə bir mühüm qənaətə gəlir ki, bəşəriyyətin yüksəlməsi üçün qadın azadlığı ən mühüm amillərdən biridir, cəmiyyətin yarısını təşkil edən qadınlar zülmətdə qaldıqca, həqiqi azadlıqdan söhbət belə gedə bilməz:

Qadın alçaq qalırsa, yüksəlməz
Bəşəriyyət, səfalət əksilməz.
Yüksəliş şahbali-nisviyyət,
Onsuz olmaz bu yerdə ülviyyət...
Yaşamaz canlı olmayan əqvam,
Can qadındır, bilin, ah, qövmi-əvam (s.254).

Professor M.Ağamirov M.Hadinin etik və estetik görüşlərindən də bəhs edir və göstərir ki, şairin əsərlərində bir sıra əxlaq məsələlərinin təbliğinə də rast gəlmək mümkündür. Ancaq şair bir sıra hallarda dini əxlaqı nəzərdə tutur və zənn edir ki, gözəl əxlaq islam dininin ruhunu təşkil edir. Həm də bu hökm istər bu dünya, istərsə axirət barəsində qüvvədədir.

Əməkdar elm xadimi, Fəlsəfə elmləri doktoru, peofessor Midhət Ağamirovun istər marksizm-leninizm fəlsəfəsi haqqındakı tədqiqatları, istərsə də Azərbaycan demokratik fikir nümayəndələri – milli ziyalılarımız olan A.Səhhət, H.Cavid haqqındakı yazıları, xüsusən “M.Ələkbər Sabirin dünyagörüşü” , “Abdulla Şaiqin dünyagörüşü”, “ Məhəmməd Hadinin fəlsəfəsi” adlı monumental tədqiqatları onun, doğrudan da, görkəmli bir filosof, peşəkar tədqiqatçı, ictimai xadim olduğunu bir daha sübut edir.

Midhət Ağamirovu müasirlərindən fərqləndirən əsas cəhət bu gün də, sabah da gələcək nəsillərə örnək ola biləcək milli ziyalılarımız və onların dünyagörüşləri haqqnda ətraflı məlumat verməsidir. Müəllifin dili sadə, nitai aydın, fikirləri məntiqi, üslubu səlisdir. Oxucuların başa düşmədiyi, çətinlik çəkə biləcəkləri termin və ifadələrdən mümkün qədər az istifadə etməyə səy göstərmişdir. Necə deyərlər, özünkünün nöqsanını üzünə demək, özgəni tərifləməkdən çox-çox daydalıdır. Bununla sən millətinin tərəqqisi və inkişafına, az da olsa, kömək etmiş olursan.

MÜSTƏQİL AĞAYEV
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu,
Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin aparıcı elmi
Işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

ƏDƏBİYYAT
1. “Sabirin dünyagörüşü”, 1962.
2. “Azərbaycan ictimai fikrində milli məsələyə dair”, 1963.
3. “Abdulla Şaiqin dünyagörüşü”, 1983.
4. “Məhəmməd Hadinin fəlsəfəsi”, 1987
5. Midhət Ağamirovun tərcümeyi-halı
6. Ağayar Şükürov.” XX əsr və müstəqillik dövrünün filosofları və fəlsəfəsi”, 2006.
7. “Azərbaycan romantiklərinin dünyagörüşü”, 1989
8. “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi”.1989.

XƏBƏR LENTİ