Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası-IIIyazı

1 045 3-02-2018, 23:32 kose / siyaset / gundem

Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası-IIIyazı

Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərli)
III Yazı


AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ


Milli ideoloq, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də qeyd edir ki, əslində türkçülük mərkəzli Azərbaycan Milli İdeyası onların tanışlığının ilk illərindən (1914-1915-ci illər) hər ikisində yaranmışdı: «Hərbi-ümumi sənləri idi. O, Gəncədə bələdiyyə idarəsi əzadarlığında, mən də Bakıda 1915-də təsis etdiyim “Açıq söz” qəzetinin başında bulunurduq. Nəsib bəy idarə işləri üçün Bakıya sız-sıx gəlirdi və hər gəlişində ilk ziyarətini “Açıq söz” idarəxanasına verirdi. Daha ilk görüşümüzdə rəhmətliklə aramızda 1920-ci ilin son may günlərnədək zərrə qədr xələldar olmayan bir səmimiyyətlə davam edən bir dostluq təəssüs etmişdi. Bu dostluğu bu qədər mətin bağlarla bir görüşmədə bağlayan şey, şübhəsiz, müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhi-müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdiyi bir zamanlarda, mənə də Bakıda «Açıq söz» qəzetəsinə eyni tezisi müdafiə edən bir baş məqalə yazdırmışdı».
Bütün bunları nəzərə alaraq M.Ə.Rəsulzadə daha sonra yazırdı ki, Nəsib bəy Yusifbəylinin Azərbaycan istiqlalı hərəkatındakı rolu yalnız maarif naziri və baş nazir olmaqla kifayətlənməmişdir: «Nəsib bəyin Azərbaycan istiqlalı hərəkatındakı rolu sadə nazirlikdə və baş vəkillikdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də «Türk Ədəmi Mərkəziyyət xalq firqəsi» namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlayır. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir». Bu cür oxşar fikri Azərbaycan Türk aydını Nağı Şeyx¬¬zamanlı da səsləndirmişdir. Onun fikrincə də, milli istiqlal ideyasının əsas müəllifi Azərbaycan fikrini tələb maddəsi halında irəli sürən N.Yusifbəylidir.
Qeyd edək ki, Nəsib bəy 1917-ci il aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanlarının 1-ci qurultayında «kim dava edə bilər ki, biz kəndini (özünü – F.Ə.) idarəyə səlahiyyətdar bir millət deyilik!» demişdir. M.B.Məmmədzadə yazır: “Qurultayın lap ilk günlərindən etibarən hakim mövqeyi iki firqə tutmuşdu ki, bunlardan biri “Müsavat” xalq firqəsi, digəri də “Türk Ədəmi-Mərkəziyyət firqəsi” idi. Birincinin fikirlərinə Məhəmməd Əmin Rəsulzadə, ikincininkinə isə Nəsib bəy Yusifbəyli tərcüman olurdu”.
Beləliklə, Rəsulzadənin də yazdığı kimi, o, bu qurultayda milliyyətçilük (Azərbaycan türkçülüyü), türkçülük, xalqçılıq və modernələşmə (yeniləşmə) prinsiplərini müdafiə etmişdi. Hətta, bununla kifayətlənməyərək eyni prinsiplərlə çıxış edən iki partiyanın birləşməsinə təşəbbüs göstərmiş və həmən bunun tətbiqini istəmişdi. Rəsulzadə yazır: «Nəsib bəyin zəkası yalnız bu çıxışı ilə bitməmiş, o qurultayda eyni prinsipləri müdafiə edən Müsavat xalq firqəsinin nümayəndələri və «Açıq söz» qəzetini təmsil edən cərəyanla sözləşərək, onlara yaxın axınların birləşmlərini təmin etmək zərüriyyətini görmüş və onu həyata keçirmək təşəbbüsünü irəli sürmüşdür. Bir tərəfdən Nəsib bəy, digər tərəfdən də M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan istiqlalçılıq hərkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu ittihadın hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsbit etməliyəm. Bu ittihad üzərinə idi ki, Qafqaziya qurultayını mütəəqqib Türk Federalist Müsavat Xalq Firqəsinin ilk qurultayı Bakıda toplanmış və bu toplanış siyasi Azərbaycan həyatında pək mühüm bir hadisə təşkil eyləmişdir».
1918-ci ilin əvvəllərində yaradılmış Seymdə xalq maarif naziri vəzifəsini tutan N.Yusifbəyli burada da türkçülüyü, Azərbaycan xalqının milli maraqlarını müdafiə etmişdir. Məsələn, Seymin 5 Mart 1918-ci il tarixli 14-cü iclasında ermənilər və gürcülər Azərbaycün türklərini nəzərdə tutaraq "Seymdə xəyanətkarlar var" deyirdilər. Bu zaman onlara cabab olaraq söz alan Nəsib bəy Yusifbəyli Seymdəki çıxışında demişdir: “Vətəndaşlar, Seym üzvləri. Daşnaksütyun Partiyası Başçısı məni təəccübləndirmir - anlayıram ki, İrəvan vilayətində meydana gəlməkdə olan cinayətləri indi ört-basdır etmək lazımdır, orada işlənmiş biabırçılıqlar indi haqlı lazımdır: bütün kəndlərin əhalisi qılıncdan keçirilib, sakinləri qovulmaqla süni şəkildə ərazilər quruldu. ancaq məni menşevik nümayəndələrin buradakı danışmaları çaşdırır. Mən düşünürdüm ki, bu, özbaşına çıxdılar və gözləyirdim ki, indi kimsə dayanacaq və deyəcək ki, bu, özbaşına çıxışdır və biz tam başqa cür düşünürük, ancaq, təəssüf ki, bu səsi mən eşitmədim. Vətəndaşlar, bizi çoxdan ittiham edirlər. Bizi doğramamışdan öncə ittiham etdilər - buna öyrəncəli. Qorxuram ki, bizi yenidən çökməyə istəsinlər. bu səbəblə hökumətdən soruşmaq istəyirəm, Ardahan komissiya göndərsin ki, əsgər göndərilməsinə və o əhalinin qırılmasına mane olsun. Bu xalqı xəbərdar etmək lazımdır, çünki onlar üçün qorxunc təhlükə var: qadınları da, uşaqları da, kişiləri də - hər kəsi orada doğrayacaqlar”.
Türkiyəylə danışıqlar üşün Batuma sülh nümayəndəliyi göndərməzdən öncə Zaqafqaziya Seyminin türk-müsəlman fraksiyası qarşısında çıxışı zamanı da Yusifbəyli əsas diqqəti Azərbaycan türklərinin çətin günlər yaşamasına, onun varlığının təhlükə altında qalmasına yönəltmişdir. O, bu çıxışında açıq şəkildə bildirib ki, Seymin tərkibindəki gürcülər və ermənilər Şimali Azərbaycanda erməni daşnaklarıyla rus bolşeviklərin türk-müsəlman əhaliyiə qarşı soyqırım törətməsinə tamamilə biganədirlər. Belə bir halda, Azərbaycan türklərinin Türkiyə türklərinə üz tutmaqdan başqa çarə qalmadğını deyən Yusifbəyli bütün bunlarla yanaşı, “Müstəqil Azərbaycan” ideyasının qüvvədə qalmasını da ifadə etmişdir: “Müstəqilliyimizin qızğın tərəfdarlarından biri kimi mən bu barədə birinci söz açmağa məcburam. Təhlükənin gözünə cəsarətlə baxmaq, gələcək hadisələrin əlamətlərini ayırd etmək və vaxtında zəruri tədbirlər görmək lazımdır. Bu halda biz hadisələrin belə bir xoşbəxt kəsişməsinə sevinməliyik ki, bura gəlməli olan xarici qüvvə bizə dost və qardaş olan Türkiyədir. Bəlkə də, bu bizim qonşularımıza xoş gəlməyəcək, ancaq başqa çıxış yolumuz yoxdur. Qorxunc anarxiya qarşısında qonşularımız da bizim kimi gücsüzdürlər. onlarda olan hərbi qüvvə də anarxist əhval-ruhiyyəlidir, qanun-qaydanın dayağı rolunu oynaya bilməz. Hərgah onlarda intizamlı qüvvə olsaydı, onların yardımına ümid bağlaya bilməzdik. Xətir üçün xəstə düşə bilmərik. Bizim nümayəndə heyətimizin Batuma getmək və və Şərqi Zaqafqaziya türkləri adından Osmanlı imperiyasından yardım istəmək vaxtı gəlib çatmışdır. Əlbəttə, biz təcili olaraq qoşun göndərilməsi üçün türklərə çox da təkid edə bilmərik; biz ancaq xahiş edəcəyik. Ancaq bütün bunlarla yanaşı, azad Azərbaycanın müstəqil surətdə mövcudluğu ideyasını heç vaxt gözdən qaçırmaq lazım deyil”.
Azərbaycan Cümhuriyyətinin qurulmasında və inkişafında mühüm işlər görmüş Nəsib bəy bu dövrdə əvvəlcə maarif naziri, daha sonra baş nazir kimi bəyan edirdi ki, Azərbaycan türklərinin yeganə ideyası Azərbaycanın milli istiqlalıdır. N.Yusifbəyli Azərbaycan Cümhuriyyətinin birillik ildönümüylə bağlı xalqa müraciətində milli istiqlal məsələsiylə bağlı bildirirdi ki, artıq Azərbaycan Türk milləti istiqlaliyyətini heç bir kəsə güzəştə getməyəcəkdir: “Qan dəryasında qütəvər olan Azərbaycan Türk milləti kəndi müqəddəratını öhdəsinə alaraq, özbaşına buraxılmışdır. O, mətanəti-qəlb və əzmi qəti ilə istiqlalı düşünərək yaşayır. Və bilaxirə müstəqil və azad yaşamaq yolu arayıb, ona rəvan oldu. Öylə bir yol ki, onu ümumcahanın əzilmiş və döyülmüş millətləri tutmuşdu. Bu bir sənə müddət ərzində biz yorulmadan işlədik və bu işləməyimiz ilə dövlətimizi möhkəmləndirərək, camaatımızın aşağı sinfinə milli dövlət təşkili hissini düşündürdük və istərdik ki, camaat və millət vəkillərinin getdikləri yol doğru və xalqın azad fikir və məsləkidir. Bu az vaxt zərfiində Azərbaycan türkləri kəndilərinin müstəqil və azad yaşamağa layiq olduqlarını gözəl surətdə göstərib və dövlət təşkilinə istedad və qabiliyyət yeritdiklərini isbat etdilər. Bunun sayəsində isə şimdi məmləkətdə insanı məmnun edəcək bir dərəcədə nizam və asayiş hökfərmadır”.
Baş nazir kimi proqram səciyyəli ilk çıxışında da, o, Milli istiqlal məsələsini xüsusilə qeyd etmişdir. “Möhtərəm millət vəkilləri! Əmrinizlə təşkil etdiyim hökumət, üzərinə nə qədər ağır və nə qədər böyük bir məsuliyyət almış olduğunu anlayır. Doğrudur, Azərbaycan milləti müstəqilliyini elan etdiyi bu az bir zamanda yar və əğyar nəzərində müstəqil olmağa layiq olduğunu göstərdiyindən, bugünkü vəziyyət və mövqeyimiz iki ay əvvəlkindən daha mətin və daha sağlamdır. Bəli, 10 aydan bəri həqiqətən müstəqil olan Azərbaycan bu gün böyük dövlətlər tərəfindən belə hüsni-qəbul əsnasında olduğuna və Azərbaycan Türklərinin yaxın bir zamanda dünyanın bilcümle mədəni millətləri ailəsinə olacağına ümidimiz güclüdür. Bu, belə olacaq idi. Çünki Azərbaycan Türkləri fərdi vücud olaraq kişi-qadın, gənc-qoca, kasıb və zəngin, işçi və rəncbər, “Müsavat”, "Əhrar", "Sosialist", "İttihad" xülasə bütün millət vahid vücud olaraq istiqlalımızı mühafizə etməyə and içmişdir. Çünki millətin bu əzminə birbaşa şahid olan böyük və demokratik İngiltərə komanda heyəti, aldığı təəssüratı tərəfsiz, şişirtməsiz Parisdə təşkil edilən məhkəmə-kübrayə kəsb edəcəyi şübhəsizdir...
Bu gün qarşımızda istiqlalımızla bərabər, ərazi bütövlüyümüzü təmin etmək üçün həlli gözlənilən bir çox mövzu var. Hökumət bir an əvvəl adı çəkilən mövzularla məşğul olmağı özü üçün ən əhəmiyyətli və müqəddəs vəzifələrdən sayıyor. Məlumunuzdur ki, Azərbaycanın ayrılmaz bir parçasını təşkil edən Lənkəran qəzası hələ yabançılar elindədir. 100 minə qədər vatandaşımızın həyatlarına, irz və namuslarına təcavüz edilir. Azərbaycanın Tiflis və Yerevan vilayətlərindəki hissələrinə göz dikənlər dəxi vardır.
Bu problemləri həll etmək, həm də son imkanlara qədər sülhlə həll etmək hökumətin prioritet və təməl vəzifələrindən biridir. Hökumət inanmaq istəyir ki, Azərbaycanın bu gerçək haqqı bu günlərdə Tiflisdə keçiriləcək konfransda da qonşularımız tərəfindən təslim və qəbul ediləcək, çünki biz bilirik ki, bizim kimi qonşularımız da bizimlə sülhlə yaşamaq istəyirlər. Qafqazda təşəkkül etmiş respublikaların istiqbalı bu respublikalar arasında sülh və səlahın davamına bağlıdır. Bu isə hər kəsin haqqı özünə verilməklə mümkündür”.

Xeberdar.net

XƏBƏR LENTİ