XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-IV hissə

1 209 9-02-2018, 08:54 kose / gundem

XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-IV hissə

ELBƏYİ CƏLALOĞLU



“Yığdığım baqaj mənə indi də çox sevinc gətirir...”
(əvvəli My Webpage)

Özünün dediyinə görə, orta məktəbin 8-ci sinfində oxuyarkən Ramiz bəydə S.M.Kirov adına Azərbaycan Dövlət İnstitutunun fizika fakültəsinə daxil olmaq arzusu baş qaldırıb. O zaman hamının təsəvvüründə belə bir rəy formalaşıbmış ki, tapşırılmadan instituta qəbul olunmaq mümkün deyil. 1967-ci ildə instituta qəbul üçün Bakıya yola düşərkən atası cib xərcliyindən başqa ona əlavə 700 manat pul verib ki, onu qəbul olmağına kömək eləməsi üçün anasının xalası oğlu, institut müəllimi Ağa dayıya versin. Bakıda isə xalası oğlu Nadir pulu verməyi məsləhət görməyib, çünki Ağa dayı təzə sevgilisi ilə Kislovodskiyə istirahətə gedəcəkdi və ona görə də, imtahan vaxtı Bakıda olmayacaqdı. Buna baxmayaraq, pulu hələlik evində yaşadıqları Ağa dayıya veriblər. Zaman yetişib, Ramiz bəy imtahanları verməyə başlayıb və Ağa dayının heç bir köməyini hiss etmədən ADU-nun fizika fakültəsinə qəbul olunub. Məsələdən halı olan Nadir Ağa dayıdan pulu geri alacağını bəyan edib. Doğurdan da, Ağa dayı istirahətdən qayıdanda Nadir onun yanına gedib, – Ramiz kəsildi, – deyərək pulun qaytarılmasını xahiş edib. Ağa dayı isə təəssüf hissi keçirərək, tapşırmış olduğunu deyib və günahkarı yamanladıqdan sonra məbləğin yarısını qaytarıb, qalanını isə bir qədər sonra ödəyəcəyini vəd edib, lakin heç vaxt ödəməyib.
İnstituta qəbul olunmuş və artıq cibində pulu da (Ağadayıdan geri alınan) olan Ramiz bəy isə sevinc hissləri ilə bir qədər Bakıda, sonra isə Göygöldə istirahət edib. Bundan sonra kəndə, valideynlərinin görüşünə gedib. Sən demə, kənddə onun kəsildiyi xəbəri yayılıbmış. Bu səbəbdən ata-anası ona təsəlli verməyə başlayıblar, lakin Ramiz bəy bunun yalan olduğunu, əksinə, instituta qəbul olunduğunu onlara söyləyib, tələbə olduğu haqda qeydiyyatını göstərib.
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-IV hissə
Ramiz bəy ali məktəbdə oxuduğu illərdə çox əziyyət çəkdiyini söyləyir və deyir ki, 5 il gecə-gündüz oxudum, yığdığım baqaj mənə indi də çox sevinc gətirir. Moskva Dövlət Universitetinin rektoru Viktor Antonoviç Sadovniçıy deyir ki, bizim universitet hərtərəfli şəxsiyyət hazırlayır. Məzunun sonra hansı sahəni, hansı peşəni seçməsi öz işidir. Onun bu sözünü bizim o zaman oxuduğumuz fizika fakültəsinə aid etmək olar, çünki fakültəni bizimlə eyni vaxtda bitirənlər cəmiyyətdə özlərinə yer tuta biliblər. Güclü müəllimlərimiz var idi. Fizikanı “Filtr” ləqəbli Əliyev Mehdi müəllim tədris edirdi, çox tələbkar idi, bilməsən qiymət yazmazdı. Hətta deyirdilər ki, kimsə qiymətini yazması üçün onun boğazına bıçaq dirəyibmış, o isə yenə də yazmayıb. Həmin müəllim elə birinci kursdan 25 nəfər tələbəni zəif oxuduğuna görə xaric etdi. Amma o 25 nəfərdən heç biri Mehdi müəllimdən incimədi, ona görə ki, o, obyektiv insan idi. Bu mənada fizika fakültəsinə bir qrupa ildə ortalama 25 nəfər qəbul olunardısa, onlardan cəmi 8-10 nəfəri fakültəni bitirə bilərdi. Ona görə də, tapşırılmış bir-iki nəfər istisna olmaqla, institutu bizimlə birlikdə bitirənlərin hamısı ən azından elmlər doktorudur. Tapşırılanlar isə orta məktəb müəllimliyindən yuxarı qalxa bilmədilər. Ümumiyətlə, ali məktəb illərindən ən əziz xatirə kimi yadımda qalan müəllimlərimdir. Onlardan Mehdi Əliyevin, elektrik kursunu tədris edən Kəriş müəllimin, atom və nüvə fizikasından dərs deyən Rəhmi müəllimin (tatar), kvant mexanikasından dərs deyən, dekanımız Əlicavadın, elektrodinamikanı deyən akademik Bəhram müəllimin adını çəkə bilərəm.
Bir axşam dekanımız Əlicavad müəllimlə bir yerdə toyda olmuşuq. Mənim dayım qızı ilə onun qardaşı oğlunun toyu idi. Məclisdə hər ikimiz qulluq edirdik. Sabahısı gün isə ona imtahan verəcəkdim. Fikirləşirdim ki, imtahan mənim üçün asan olacaq, axı biz təzə qohum olmuşuq. Amma imtahana girəndə o, mənə dedi ki, dünənki məsələnin bu imtahana dəxli yoxdur. O, məndən ciddi imtahan götürdü, dörd aldım. Dediyim odur ki, belə bir tələbkar, obyektuv atmosferdə oxuyurduq, təbii ki, bu hal mükəmməl yetişməyimiz üçün zəmin idi. Həyatım belə keçirdi: dərs, leksiyalar, kitabxana, yataqxana, bir də yataqxananın yanındakı balaca futbol meydançası. Universitetlə yataqxanaların arsında bir neçə yol varıydı, onun biri ən qısasıydı. Coğrafiya fakültəsinin tələbələri gülüb deyirdilər ki, universitet-yataqxana qısa yolunu fizika fakültəsinin uşaqları salıblar, kitabxanaya tez gedib çatmaq üçün. Bizə yazıqları gəlib “gün görmürsünüz”, deyirdilər. Biz isə özlərini əziyyətə salmadıqlarına görə onlara “keffak” uşaqları deyirdik.

Akademik Zahid Xəlilovla ilk görüş

Əslində, məni kənddən Bakıya xalam oğlu Nadir gətirmişdi, məni ona etibar etmişdilər. Ona görə ki, o, artıq Bakıda yaşayırdı, Politexnik İnstitutunun tələbəsi idi, şəhəri tanıyırdı. Yuxarıda qeyd etdiyim kimi, yayda biz ikimiz də anamın xalası oğlu Ağa dayının evində qalırdıq.
Amma anamın bir xalası oğlu da var idi − Elmlər Akademiyasının sabiq prezidenti, Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Zahid İsmayıl oğlu Xəlilov. Günlərin bir günündə Nadir xaloğlu mənə dedi: gedək səni Zahid dayı ilə tanış edim, bunu xalam da tövsiyə edib. Mən bir az narahatlıq keçirdim, fikirləşdim ki, mənim onunla nə işim var, o hara, mən hara. Amma Nadir təkid etdi ki, yoxsa, mən xalama nə cavab verərəm, həm də qəbul olmağına kömək edə bilər.
Gəldik Riyaziyyat və Mexanika İnstitutuna, bizi Zahid müəllimin yanına buraxdılar, o, artıq Nadiri tanıyırdı. Ayağa durub bizə tərəf gəldi, Nadirlə salamlaşdı, mənim kim olduğumu soruşdu. Nadir, – Nigar xalanın oğludur, Bakıya oxumağa gəlibdir, – dedi. Hara qəbul olmaq istəyirsən, deyə məndən soruşduqda, universitetin fizika fakültəsinə dedim. Zahid müəllim bunu eşidəndə bir az gülümsədi və onun gülməyini görəndə özümü itirdim, ovqatım pozuldu. O, çox arif adam idi və mənim bu halımı o dəqiqə hiss etdi və dedi: Yox, sən kefini pozma, mən lağ üçün gülmədim. Məsələ bundadır ki, oxumağa gələnlərin hamısı ya hüquqşünas, ya da ki iqtisadçı olmaq istəyir. Sən birinci məzunsan ki, ciddi fakültə seçmisən, bizim sahəyə yaxındır, ona görə xoşuma gəldi və gülümsədim. O, sonra elə oradaca məni riyaziyyat və fizikadan sorğuya tutdu. Sonra elmi işlər üzrə müavini Fərəməz Maqsudovu (bu şəxs sonradan AMEA-nın prezidenti oldu) çağırdı və dedi: hazırlığı yaxşıdır, amma bir az da məşğul omaq lazımdır, sən bununla məşğul ol. İki dəfə gəldim Fərəməz müəllimin yanına, mənə dərs keçdi, lakin gördüm ki, o, bu işi həvəslə etmir, yəni onun dərs demək, repetitorluq təcrübəsi yox idi. Sonra o, məni Zal müəllim deyilən bir repetitora verdi, Fərəməz müəllimin şəxsi dostu idi və onun universitetə hazırlıq qrupu var idi. Bu görüşlər yayın əvvəlindən ta mən tələbə olana qədər, mənim akademik Zahid Xəlilov və Fərəməz Maqsudovla birinci və axırıncı görüşlərim oldu. Amma sonralar, yəni artıq mən AMEA-da işləyəndə, Maqsudov hərdən deyərdi: baxın ha, bu mənim “kadromdur”, iki dəfə dərs demişəm.

“Bir tikə kabab yeyib növbəti dərsə gedirdim”

1972-ci ildə institutu bitirdikdən sonra təyinat götürməliydim. Bilirdim ki, Gürcüstana təyinat götürüb kəndimizə müəllim qayıtsam, tezliklə evləndirəcəklər, maşın alacaqlar, mənə ev tikəcəklər və bununla da kəndə bağlanacaqdım. Gürcüstanda o zaman Bakıdan ali məktəbi qurtarıb gəlmiş gənc üçün bu işlərin hamısını görməyə 4-5 il lazım idi, çox sürətli inkişaf və bunun üçün də şərait var idi. Məsələn, 1960-cı ildə əhalisinin sayı 1000 nəfər olan Qaracalar kəndinin əhalisi 1980-ci illərin əvvəllərində 5 minə çatmışdı. Mənsə kənddə qalmaq istəmirdim, Bakıda qalıb elmi işlə məşğul olmaq istəyirdim.
Bir qədər fikirləşdikdən sonra nisbətən Bakıya yaxın olan Quba rayonuna müəllim işləməyə getməyi qərara aldım, əsas məqsədim şəhərlə əlaqəni saxlamaq idi. Bu rayonu seçməkdə ikinci səbəb orada olan dost və tanışlarım, həm də bu rayonun zəngin təbiəti idi. Nəhayət, gəldim Quba rayonuna, təyinatımı maarif şöbəsinə verdim. Maarif şöbəsində söhbətlər əsnasında burada işləyən müfəttişlərdən Oktay adlı birisi gözləmədiyim halda məndən soruşdu: sənin səndən böyük Rafiq adlı qardaşın varmı? Mən təəccüb qaldım, bu, mənim belə bir qardaşımın olduğunu hardan bildi?! – Hə, var, – dedim. O, mənim təəccübümü görüb tez izahat verdi: mən Rafiqlə eyni kursda APİ-ni qurtarmışam, onunla yaxın dost olmuşam. Sənin isə danışmağın, səsiyin tembri, özünü aparmağın və s. 100% onunkuna bənzəyir. Səni görəndə elə bildim Rafiqi gördüm, ona görə də sənə sual verdim. Bir qədər sonra həmin müfəttiş qardaşımın xatirinə və kömək etmək məqsədilə mənə Quba şəhərinin yaxınlığındakı İspik kəndinə dərs hissə müdiri vəzifəsini təklif etdi. Amma mən bu təklifə etiraz etdim, dağ kəndlərindən birinə getmək arzusunda oluğumu bildirdim. Mənim əsil həyatdan xəbərim yox idi və hələ də yazıçı İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” romanının təsiri altında idim.
Bir neçə gün keçdi, bir dəfə təhsil şöbəsinin həyətindəki çayxanada oturub çay içirdim. Bir nəfər yaxınlaşıb dedi ki, mən bir kənd məktəbinin direktoruyam, bizə fizika-riyaziyyat müəllimi lazımdır, neçə gündür ki, səni burada gözaltılamışam, xasiyyətin xoşuma gəlir, mənimlə gedərsənmi? Kəndlərinin harada yerləşdiyini soruşdum, bunun çətin məsələ olduğunu dedi. Sonra da, – lap dağın kəlləsində yerləşir, qışda yol bağlanır, orada qalırsan, – dedi. Götür-qoy eləmədən, – gedirəm, – dedim. İnspektorun yanına getdik, niyyətimizi dedik, o isə, – siz nə danışırsız, oraya getməkmi olar? – deyə qarşı gəldi. Mənsə getməkdə israrlı olduğumu bildirdim. Nəhayət, direktorun doğulub yaşadığı, nisbətən böyük olan Yerfi kəndinə gedib orada gecələdik. Gedəcəyimiz Dərk kəndinə isə maşın çıxa bilmirdi, buna görə də oraya atla qalxdıq. Səkkizillik məktəb idi. Səkkizinci sinfi qurtaranlar 9-10-11-ci sinifləri axşamlar oxuyurdular. Dərklə yanaşı, qonşu Talış kəndinin uşaqları da orada oxuyurdular. Qeyd edim ki, Əlik, Buduq, Qırız, Xınalıq kəndləırində yaşayan əhalinin dilləri ayrıdır, amma Yerfi, Dərk, Talış, Qonaqkənddə yaşayanlar azərbaycanlılardır. Orada fizika, riyaziyyat və kimya fənlərini mənə yüklədilər. Cavan, emossional, enerjili oğlanın gəlişi ilə məktəbdə bir dönüş yarandı. 70 saata qədər dərs saatım var idi və 400 manata qədər maaş alırdım. Bu, o zaman üçün böyük pul sayılırdı. Yorulurdum, bir dərsdən çıxana qədər məktəb direktoru öz otağının sobasında kabab çəkirdi, gəlirdim bir tikə kababla 50 qram araq vurub o biri dərsə gedirdim. Axşam isə mütləq qonaq çağırırdılar, sanki mənə qonaqlıq vermək üçün kənd camaatı növbəyə dayanmışdılar. Özü də hamısının evlərində mebelləri olduğu halda yerdən otururdular. Yerdən oturmaq mənə çətin olduğundan qonaqlıqdan imtina edirdim. Quba rayonunun Nüvədi kəndindən Əjdər adlı bir nəfər ədəbiyyat müəllimi ilə kirayənişin qalırdıq. Əjdərə dedim ki, mənim xəstə olduğum səbəbilə qonaqlığa gələ bilməyəcəyimi onlara çatdırsın. Bu da gedib deyir ki, xəstə-zad deyil, yerdən otura bilmədiyinə görə gəlmir. Artıq bu vəziyyəti hamı bildi və məclisdə masa arxasında oturacağımızı bildirdilər. Onu da qeyd edim ki, cavan idim, enerji və həvəsim çox idi, oxuduğum universitet güclü idi və bunların nəticəsində məktəbdə-təhsildə xeyli müsbət dəyişikliklər yarada bilmişdim. Bunu kənd camaatı xüsusi qeyd edirdi.
XƏZƏRİN XANI yaxud AKADEMİK ÖMRÜNÜN SPEKTRLƏRİ-IV hissə
Günümüz maraqlı keçirdi, amma 6 aydan sonra, bir gün səhərə yaxın, saat 4 radələrində əmimin səsini eşitdim. Yuxu gördüyümü zənn edib, o biri tərəfimə çevirildim ki, yatam. Bir də gördüm başımın üstündə, – ayə dur dəə, uzaq yol gəlmişik, niyə yatırsın? – dedilər. Mamaoğlu (bibioğlu) Vilayəti, yeznəmiz Sayat müəllimi görüb anladım ki, bu yuxu deyil, təəccübləndim. Ayağa durub tez paltarlarımı geyinib, – siz burda neynirsiniz, nə olub, – deyə gəldiklərinin səbəbini soruşdum. Bəlli oldu ki, böyük qardaşım Rafiqə toy edirlər. Mən də yazmışdım ki, buraya gəlmək elə də asan deyil. Atam da deyib ki, teleqram vuraram, gedib çatacaq-çatmayacaq bir Allah bilir, toya gələ biləcəkmi, bilinmir. Yaxşısı budur ki, gedin gətirin. Bunlar da o zamanın populyar “Volqa QAZ-21” markalı avtomobilinə oturub Qubaya gəliblər, mənim dalımca. Orada onlara deyiblər ki, “Volqa” maşını ilə Dərk kəndinə qalxa bilməzsiniz. Beləliklə, bir “UAZ” markalı maşın tutub gəliblər bizm dağ kəndinə.
Nəhayət, Dərkdən yola düşdük. Yüksəklikdə yerləşən bir dağ kəndində məişətlə bağlı bir çox xidmət sahələrinin olmadığı kimi, bərbərxana da yox idi. Odur ki, Gəncə şəhərinə çatanda maşını saxladılar və dedilər: Biz səni bu halda Qaracalara apara bilmərik, gərək burada səni sahmana salaq, sonra gedək kəndə. Elə də etdilər, bərbərxanaya apardılar, hamama saldılar və s. Kəndə çatanda əmim hay-küy qaldıraraq atama işlədiyim yerin çətinlikləri barədə şikayət etdi. Bununla da atam bir daha Qubaya qayıtmağımı yasaq etdi.

“Davamı var)

Xeberdar.net

XƏBƏR LENTİ